Yanvarın 14-də ABŞ-la Ermənistan arasında imzalanan strateji tərəfdaşlıq sazişinin müddəaları ilə bağlı müzakirələr davam edir.
Sazişdə Qarabağdan Ermənistana köçən şəxslərlə bağlı detal isə xüsusi diqqət çəkib. Belə ki, sənəddə Vaşinqtonun 2023-cü ilin sentyabrından bəri “məcburi köçkünlük böhranı” ilə üzləşənlərə yardım göstərilməsi prosesində İrəvana dəstəyi davam etdirməyi planlaşdırdığı qeyd olunur. Burada söhbət antiterror əməliyyatlarından sonra Qarabağdan Ermənistana könüllü köç edən şəxslərdən gedir.
“Məcburi köçkünlərə yardım” dedikdə nə nəzərdə tutulur? Ermənilərin Qarabağa qaytarılması məsələsi gündəmə gətirilə bilərmi?
Globalinfo.az-a danışan siyasi şərhçi Turab Rzayev deyib ki, ABŞ sadəcə erməni əsilli şəxslərə humanitar yardım göndərmək istəyir:
“İrəvan onsuz da BMT və digər təşkilatlardan köçkün hesab edilən ermənilər üçün yardım alır. İndi də ABŞ-dan bənzər formada dəstək almaq istəyir. Əslində, Ermənistana gedən Qarabağ ermənilərinin bir çoxu Avropaya və ABŞ-a köçüblər. Buna rəğmən İrəvan hökuməti onların adına maliyyə yardımı əldə etməyə çalışır.
ABŞ 2023-cü ilin sentyabrından bəri məcburi köçkünlük böhranı ilə üzləşənlərə yardım adı altında onları geri qaytarmağı planlayarsa, bu, artıq bizim üçün risk faktoru deməkdir. Ümumiyyətlə, Ağ Evin belə bir mandatı yoxdur, amma Vaşinqton və Brüsseldən bu istiqamətdə bənzər təkliflər səsləndirilir. Hətta “status” məsələsinin belə gündəmə gətirilməsinə çalışılır”.
“Rəsmi Bakı Azərbaycan ərazisində belə bir şeyin edilməsinə icazə verməyəcək. Mövcud reallıqların əvvəlki vəziyyətə qaytarılması mümkün deyil. Buna cəhd olsa belə, Bakı qarşısını almaq üçün əlindən gələni edəcək”, – politoloq bildirib.