MB-dəki islahatlar NƏYƏ HESABLANIB? - ŞƏRH
“Mərkəzi Bankda aparılan islahatların başlıca məqsədi kredit təşkilatlarının fəaliyyətinə effektiv nəzarətin həyata keçirilməsidir”.
Bunu TNS-ə İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin rəhbəri Ruslan Atakişiyev bildirib.
O qeyd edib ki, bu günə kimi həm banklar, həm də bank olmayan kredit təşkilatları bir departament tərəfindən idarə olunurdusa, indi onlara ayrı-ayrı departamentlər nəzarət edəcək: “Bu, imkan verəcək ki, artıq yeni mikromaliyyə təşkilatlarının idarə olunmasına ayrıca diqqət ayrılsın. Çünki mikromaliyyə təşkilatları banklardan fərqli olaraq, daha spesifik yanaşma tələb edir”.
Onun sözlərinə görə, bu islahatların aparılmasında məqsəd faiz dərəcələrinin aşağı salınması deyil: “Faizlərin dərəcələri bazarda olan tələb və təklif əsasında formalaşan müvazinətdən, mikrokredit təşkilatlarının bazara təklif edəcəyi məhsulların həcmi və vəsaitin bolluğundan, yaxud da kasadlığından asılıdır”.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankında (AMB) struktur dəyişikliyi olub. Qurumun Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamenti ləğv edilərək onun bazasında 2 yeni departament - Bankların fəaliyyətinə nəzarət departamenti və Bank olmayan kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamenti yaradılıb.