Azərbaycanda hərbi xidmət müddəti 6 ay olur? - AÇIQLANDI
Qonşu ölkə Gürcüstanda yanvarın 1-dən etibarən hərbi xidmət müddəti müəyyən şərtlər daxilində 6 ay olub. Həmçinin Türkiyədə də bu, 2019-cu ildən tətbiq olunur.
Azərbaycanda hərbi xidmətin 6 aya endirilməsi gözləniləndirmi?
Hərbi ekspert Səxavət Məmməd Referans.az-a açıqlamasında bu qərarın mümkünlüyü haqqında danışıb.
“Azərbaycanda “Həqiqi hərbi xidmət haqqında” qanuna yeni dəyişiklik edildi. Amma xidmətin müddətinin azaldılıb və ya artırılması ilə bağlı heç bir addım atılmadı. Hesab edirəm ki, indiki mərhələdə Azərbaycan tərəfi həqiqi hərbi xidmət müddətinin 6 aya endirilməsi ilə bağlı qərar edilməsi mümkün görünmür. Faktiki olaraq Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi yoxdur, bundan əlavə regionda xüsusi gərginlik də var. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan tərəfi buna getməyəcək. Buna yalnız o zaman getmək olar ki, nəinki Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi olsun, hətta beynəlxalq aləmdə baş verən proseslər səngisin və ya yeni düzənə keçilsin”.
Ekspert qeyd edib ki, Azərbaycan maksimum dərəcədə hərbi gücünün artırılmasına çalışır. Hərbi gücün artırılması fonunda hərbi xidmət müddətinin azaldılması real görünmür.
“Hətta bəzən iddialar irəli sürülür ki, Azərbaycan tərəfi peşəkar orduya keçid etməlidir. Düşünürəm ki, peşəkar orduya keçid mərhələsi də indiki vəziyyətdə ola bilməz. Çünki peşəkar ordu yalnız o zaman mümkün ola bilər ki, ölkədə hər hansısa təhdid və yaxud təhlükəsizliklə bağlı heç bir problem olmur. Yalnız bu zaman peşəkar orduya keçilir və yalnız bu halda effektiv ola bilər”.