Son günlərdə Yutuber Albert İsakovun yayımladığı və Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın 23 iyul 1993-cü ildə “Yerkrapa” terrorçu qruplaşması qarşısında etdiyi çıxışını əks etdirən video geniş müzakirələrə səbəb olub. Videoda Ter-Petrosyanın etirafları Ermənistanın etnik təmizləmə siyasətini, Azərbaycan xalqına qarşı törədilən qətliamları və Ermənistan dövlətinin irqçi mahiyyətini açıq şəkildə ortaya qoyur. Bu, Ermənistanın beynəlxalq hüquq qarşısında cavab verməsi üçün mühüm sübut kimi dəyərləndirilir. Videoda Ermənistanın sabiq prezidenti qeyd edir: “Biz 600 ildir erməni xalqının bacarmadığını həyata keçirdik - bütün Ermənistanı və Qarabağı digər millətlərdən tamamilə təmizlədik. Bunun nəticələrini erməni xalqı bundan sonra 600 il hiss edəcək.” Bu sözlər təkcə erməni dövlətinin irqçi və faşist mahiyyətini ortaya qoymur, həm də Azərbaycanın dinc əhalisinə qarşı amansız qətliamların məqsədli şəkildə həyata keçirildiyini sübut edir. Ter-Petrosyan daha sonra 1988-ci ilə qədər Ermənistandan zorla qovulan yüz minlərlə azərbaycanlını xatırladaraq deyir: “Təsəvvür edin, indi onlar Ermənistandadır. O halda bizim dövlətimiz olmayacaqdı. Onda şimal-şərq rayonlarını, Sevanı (Göyçə gölü) müdafiə edə bilməyəcəkdik. Azərbaycanlılar 3 rayonda çoxluq təşkil edirdi - Basarkeçər, Zəngibasar və Amasiya. Onlar Zəngəzur mahalında böyük üstünlük təşkil edirdilər. Bu problem həll edildi və bu, göydən hədiyyə kimi düşmədi. Bunu biz etdik, milli hərəkat etdi, erməni ümummilli hərəkatı və onun hərbi qanadı, özünümüdafiə batalyonları, bizim ‘Yerkrapa’ dəstəsi.”
Tanınmış jurnalist, politoloq “Fuad Abbasov “Sherg.az”a söyləyib ki, Levon Ter-Petrosyanın bu açıqlaması rəsmi Bakı və Qərbi Azərbaycan İcması üçün göydəndüşmə yeni il hədiyyəsi oldu:
“Çünki indiyə qədər Robert Köçəryan, Serj Sarkisyan və Nikol Paşinyanın özü də iddia edirdilər ki, azərbaycanlılar könüllü şəkildə Ermənistanı tərk ediblər və Ermənistan rəhbərliyi onların ölkəni tərk etməsinə yardım göstərib, təzminat ödəyib. Eyni zamanda evlərin satılmasına və əmlaklarının çıxarılmasına imkan yaradıb. Ermənistan bunları bütün beynəlxalq meydanlarda səsləndirirdi. Buna qarşı azərbaycanlılar hansısa ciddi fəaliyyət aparmırdılar. Amma indiki vəziyyətdə Levon Ter-Petrosyan Sarkisyan və Köçəryanın qəbrini qazmış oldu. Yəni dünya ictimaiyyəti Ermənistanın keçmiş prezidentinin dilindən ermənilərin milli zəmindən ayrı-seçkilik yaradılaraq etnik təmizləmə siyasətinin aparılmasının etirafını duydu. Belə olan halda Azərbaycan höküməti və Qərbi Azərbaycan İcması ölkə xaricində Birləşmiş Millətlər Təşkilatı, Avropa Şurası, Haaqa məhkəməsində Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində 300 mindən çox azərbaycanlının öz torpaqlarından didərgin düşməsini söyləyərək rəsmi İrəvandan təzminat istəməlidir. Ermənistan Azərbaycan torpaqlarını işğal etdiyinə görə təzminat ödəməyə məhkum idisə, Qərbi azərbaycanlıların tələbini də üzərinə gəlsək həmin təzminat 200 milyard dollar ola bilər. Ermənistan həmin təzminatı ödəyə bilməyəcəksə, beynəlxalq normalara görə onun əvəzinə Azərbaycana torpaq verməlidir. Zəngəzur dəhlizindən başlayaraq Şimala doğru, yəni vaxtilə Sovet İttifaqı tərəfindən Ermənistana hədiyyə olunan torpaqların Azərbaycana qaytarılması ilə təzminat ödənilə bilər”.