Yeni il və 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə əlaqədar növbəti Əfv sərəncamının imzalanacağı barədə məlumatlar yayılıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev TNS-ə açıqlamasında bu məlumatların doğru olmadığını bildirib.
“Sonuncu Əfv sərəncamı bu ilin may ayında olub. Ümumilikdə, bu günə qədər imzalanan 70 Əfv sərəncamı 10 min məhkuma şamil edilib. Əfv sərəncamı ilə bağlı aidiyyəti qurumlar əlaqəli işləməli, əfv olunmalı məhkumlarla bağlı araşdırmalar aparmalıdır. Güman etmirəm ki, bu il Əfv sərəncamı olsun”, - deyə o qeyd edib.
Ə. Nuriyev bildirib ki, Əfv sərəncamı gələn il ola bilər: “Əfv Məsələləri Komissiyası mütəmadi olaraq işləyir, müraciətləri qəbul edir və araşdırır. Hazırda da komissiya üzvləri bu işlə məşğuldur. Müraciətlər araşdırılandan sonra iclaslar keçirilir və siyahı tərtib olunaraq komissiya sədrinə təqdim edilir. Gələn il əfv gözlənilir”.