Ermənistanın Baş naziri Nikol Paşinyan revanşist müxalifəti yenidən Qarabağın “müstəqilliyi”ni tanımamaqda ittiham edib.
“Cebheinfo.az”-ın məlumatına görə, Paşinyan parlamentdə çıxışı zamanı bu barədə sensasion açıqlamalar verib.
“Bir çox müxalifətçi müsahibələrində və sosial şəbəkələrdə mənim bu “Qarabağ Ermənistandır və nöqtə” ifadəmi məzəmmətlə qeyd etməkdən əl çəkmirlər. Mən bu gün bu mövzuya toxunmaq istərdim. Qayıdaq 2018, 2017, 2016-cı illərə. “Dağlıq Qarabağ” nə idi? Müstəqil dövlət? Yox. Çünki müstəqil dövlətin mühüm atributu var... Yeri gəlmişkən, bu gün həm dost, həm də dost olmayan ölkələr davamlı olaraq bu barədə danışır, deyirlər: “Elədirsə, niyə Ermənistan “Dağlıq Qarabağ”ın müstəqilliyini tanımırdı?”
Mən deputat olanda müstəqilliyin tanınması ilə bağlı bir neçə təşəbbüs də vardı.
Lakin onlar rədd edildi və bununla da faktiki olaraq, “Dağlıq Qarabağ”ın müstəqil dövlət olmadığını bəyan etdilər. İndi sual yaranır:
Qarabağ Azərbaycandırmı? Xeyr, təbii ki, o zaman kimsə desəydi ki, Qarabağ Azərbaycandır, bunun nəticələrinin necə olacağı aydındır. Qarabağ Ermənistandır? Yox. Qarabağ Ermənistan deyil. Yaxşı, cənablar, gəlin müəyyən edək: Qarabağ müstəqil dövlət deyil, Qarabağ Azərbaycan deyil, Qarabağ Ermənistan deyil, elə isə Qarabağ nədir?
Bu sual niyə vacibdir? Hörmətli həmkarlar, hamiləlik 9 ay davam edir. Maksimum 9 aydan sonra nəsə baş verməlidir. Uşaq təbii yolla, ya da qeysəriyyə əməliyyatı ilə doğulur; Ya diri doğulur, ya da ölü; Ya oğlan, ya qız doğulur. Təsadüfi deyil ki, mən bu tribunadan dəfələrlə (Ermənistanın üçüncü prezidenti) Serj Sarkisyanın 2018-ci ilin aprel bəyanatından sitat gətirmişəm.
Hamiləliyi daha 9 ay uzatmağa çalışmaq absurd yanaşmadır. Buna baxmayaraq, suala cavab vermək vacibdir: 2019-cu ildə nə baş verdi, hər şey nə dərəcədə düzgün edildi və harada səhv edildi, bizim, yaxşı, mənim siyasətim nə dərəcədə düzgün idi? Bu siyasəti obrazlı desək, “hamiləliyin” 9 ay uzadılması baxımından dəyərləndirsək, apardığımız siyasət yanlış sayıla bilər.
Ancaq sualın tərtib edilməsinin başlanğıcda səhv olduğunu unutsaq, bu doğrudur. Lakin sual dövlətə sahib olmaq şansının təmin edilməsi baxımından formalaşırsa, deməliyəm: bizim rəhbərlik etdiyimiz və apardığımız siyasət dövlətə sahib olmaq şansı əldə etmək üçün yeganə mümkün variant idi və olaraq qalır”.
Göründüyü kimi, Ermənistanın Baş naziri hakimiyyətdə olduğu illərdə Qarabağ siyasətinin mahiyyətinə aydınlıq gətirməyə çalışıb.
Nikol Paşinyan istər işğal dövründə, istərsə də İkinci Qarabağ müharibəsindəki uğursuzluğa görə özünün deyil, indi müxaifətdə olan əvvəlki hakimiyyətin məsuliyyət daşıdığını bildirib. Yəni bu gün Paşinyanı satqınlıqda ittiham edən revanşist qüvvələr Ermənistana rəhbərlik etdikləri dövrdə Qarabağdakı separatçı rejimi nə özləri müstəqil dövlət kimi tanıyıblar, nə də dünyada tanınmasına nail ola biliblər. Qarabağ “müstəqil” olmadığı kimi, Ermənistanın da olmayıb.
Əslində, Ermənistanda hansı siyasi qüvvənin hakimiyyətdə olmasına baxmayaraq, Qarabağ heç vaxt nə müstəqil, nə də Paşinyanın dediyi kimi, Ermənistanın ola bilməzdi. Ermənistanın yürütdüyü siyasət və sülh danışıqlarının dalana dirənməsi Azərbaycanın işğal altındakı əraziləri güc yolu ilə azad etməsini qaçılmaz edirdi.
Sadəcə olaraq, Paşinyan bu məğlubiyyətin səbəbini Serj Sarkisyanın və Robert Köçəryanın üzərinə atmaq istəyir. Ona görə də “Qarabağ nədir, kimindir” suallarına ehtiyac qalmır. Çünki Qarabağ beynəlxalq hüquqla Azərbaycanın tanınmış ərazisidir.
Məhz bu səbəbdən, 30 il ərzində dünya ölkələri işğal faktını və qondarma rejimin mövcudluğunu qəbul etmədi.
Lakin Nikol Paşinyanın müxalifətə yönəlik ittihamları və Qarabağın Ermənistan olmadığına dair fikirləri heç də onun siyasi səmimiyyətindən xəbər vermir.
Baş nazir “Qarabağ Azərbaycandır” demir və hətta bunu müqayisəli tərzdə də olsa, danmağa çalışır. Paşinyanın bu yanaşması Ermənistan rəhbərliyinin əsl niyyətini üzə çıxarır. Yəni Ermənistanda radikal, yaxud liberal siyasi qüvvələrin hakimiyyətdə olmasına baxmayaraq, Qarabağa olan ərazi iddiası dəyişmir.
Əgər Qarabağ Ermənistan deyilsə, o zaman Paşinyanın nə üçün konstitusiya referendumundan imtina etdiyinə dair sual yaranır. Deməli, bir tərəfdən sülh sazişi imzalamağa hazır olduğunu və “Qarabağ Ermənistan deyil” - deyən Paşinyan eyni zamanda, Azərbaycana qarşı güclü silahlanma siyasəti həyata keçirir.
Ermənistan rəhbərliyi bir tərəfdən Azərbaycana qarşı ərazi iddiasından imtina etdiyinə dair şifahi bəyanatlar versə də, paralel olaraq, şərti sərhədə ağır artilleriya və raket sistemlərinin yerləşdirir.
Bütün bunlar Ermənistanın bu cür açıqlamalarla vaxt qazanmağa çalışdığını, pərdə arxasında isə müharibəyə hazırlaşdığını isbat edir.
Paşinyanın Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddiasının yer aldığı Müstəqillik Bəyannaməsinə istinad hissəsinin çıxarılmasına dair tələbi yerinə yetirməkdən boyun qaçırması da bununla bağlıdır.