Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Müdafiə Nazirliyində 143 milyon manat yeyinti ilə bağlı cinayət işi üzrə həbs edilənlər arasında yeganə general Nizami Məmmədova 12 il 6 ay həbs cəzası istənilib. Noyabrın 22-də Bakı Hərbi Məhkəməsində prokuror belə bir təkliflə çıxış edib.
Nazirliyin Maliyyə və Büdcə İdarəsinin rəisi olmuş general-mayor N.Məmmədov iki ilə yaxındır ki, həbsdədir. O, 143 milyonluq yeyinti işi üzrə həbsdə olanlardan daha üç nəfərlə birlikdə mühakimə olunur. Bunlar Quru Qoşunların maliyyə idarəsinin sabiq rəisi, polkovnik Bayram Bayramov, Hərbi Hava Qüvvələrinin maliyyə idarəsinin keçmiş rəisi Cəlal Kazımov və Hərbi Dəniz Qüvvələrinin maliyyə xidmətinə rəhbərlik etmiş Vüsal Əlizadədir.
Prokuror iddia edir ki, Bakı Hərbi Məhkəməsində bir ildən çox davam edən araşdırmalar zamanı general və adları çəkilən digər üç nəfərə verilən mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları təsdiqini tapıb. Dövlət ittihamçısı generalla yanaşı, polkovniklər B.Bayramov və C.Kazımovun hər birinə 12 il, V.Əlizadəyə isə 11 il 6 ay həbs cəzası istəyib.
Prokuror həmçinin təqsirləndirilən şəxslərin özləri və onların yaxınlarının adlarına olan bir sıra əmlakların müsadirə olunmasını təklif edib.
Dövlət ittihamçısının çıxışından vəkillər narazı qalıb. Onlar müdafiə nitqinə hazırlaşmaq üçün vaxt istəyib. Fikrət Əliyevin sədrlik etdiyi hakimlər kollegiyası vəkillərə noyabrın 29-nadək vaxt verib.
Ötən məhkəmə iclaslarından birində hakim elan etmişdi ki, cinayət işi başlanandan indiyədək təqsirləndirilən şəxslər 143 milyon manatlıq ziyandan 38 milyon 664 min manat pul ödənilib. Bunun da 12 milyon 203 min manatını general N.Məmmədov ödəyib. C.Kazımov, V.Əlizadə də müəyyən qədər ödəniş edib.
Təqsirləndirilən şəxslərin heç biri ittihamı qəbul etmir. Onlar özlərini təqsirli bilmir. Hesab edirlər ki, ümumiyyətlə, 143 milyonluq mənimsəmə ola bilməzdi, bu rəqəm də şişirdilib.
"DİA-AZ"