Milli Məclisin deputatı Xanlar Fətiyev deputat seçildiyi 98 saylı Bərdə-Tərtər seçki dairəsi üzrə Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaş qəbulu keçirib. Qəbulda Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Umudov da iştirak edib. Vətəndaşlarla fərdi qaydada keçirilən görüşdə sakinlər tərəfindən əsasən İrəvanlı və Hüsənli kəndlərinin elektrik xətlərinin kabelləşdirilməsi, Evoğlu və Mamırlı kəndlərində suvarma kanallarının təmizlənməsi, Azad Qaraqoyunlu və Köçərli kəndlərində içməli su üçün subartezian quyusunun qazılması, Soyulan, Hacallı, Alışarlı kəndlərarası avtomobil yoluna asfalt örtüyünün salınması və digər şəxsi məsələlər barədə müraciətlər edilib. Müraciətlərin bir qismi yerində həll olunub, millət vəkilinin səlahiyyətlərinə aid olmayan məsələlər isə tədbirlərin görülməsi məqsədilə nəzarətə götürülüb. Qəbula gələnlər onların müraciətlərinin dinlənilməsindən razılıqlarını ifadə edərək ölkədə, o cümlədən Tərtər rayonunda həyata keçirilən müxtəlif sosial layihələrə görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya sonsuz minnətdarlıqlarını ifadə ediblər.