Avropa İttifaqının (Aİ) Azərbaycanla sərhəddə yerləşdirilən və kəşfiyyat materialları toplamaqla məşğul olan "müşahidəçiləri" "fəaliyyətləri"ni davam etdirirlər.
Ermənistanı revanşizmə həvəsləndirən Aİ-nin planları və hədəfləri nələrdir?
Mövzu ilə bağlı TNS-ə açıqlama verən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Samir Hümbətovun sözlərinə görə, artıq 2 ilə yaxındır ki, Avropa İttifaqı missiyası adı altında böyük hərbi və təhlükəsizlik işçilərindən ibarət bir qrup Ermənistan-Azərbaycan arasındakı şərti sərhədinə yerləşdirilib.
O deyib ki, bu missiyanın fəaliyyətində açıq şəkildə birtərəfli mövqe var: "Gizli olmayan məqamlardan biri odur ki, Avropa İttifaqına üzv bəzi dövlətlər açıq-aşkar Ermənistanı silahlandırır. Fransa və digər ölkələr buna misal ola bilər.
Məsələnin digər tərəfi isə bundan ibarətdir ki, Avropa İttifaqı mülki missiya adı altında "binokl diplomatiyası"na keçib və aşkar şəkildə Azərbaycan tərəfini müşahidə edir, eyni zamanda Ermənistanda müşahidə olunan hərəkətliliyə reaksiya vermir.
Yalnız Azərbaycanı güdürlər və dövlətimizin hər hansı bir yanlış hərəkət etməsini gözləyirlər ki, ittiham etmək üçün əllərinə fürsət keçsin. Amma belə bir şeyin olması mümkün deyil. Bütün bu olanlar sülhə ciddi təhdid, maneə və təhlükədir. Bu halların aradan qaldırılması məsələsinə gəldikdə isə çox maraqlı bir vəziyyət yaranıb, Avropa İttifaqı icazə almadan iki ölkənin sərhədyani ərazisinə daxil olub. Hansı ki, bu, beynəlxalq hüququ pozmaqdır”.
S.Hümbətov vurğulayıb ki, Aİ həm Ermənistanı silahlandırır və həm də deyir ki, məsələni danışıqlar yolu ilə müzakirə edin: “Bu halda ortaya bir sual çıxır. Əgər məsələnin sülh yolu ilə həll edilməsinin tərəfdarısansa, Ermənistan və Azərbaycan arasında müharibənin olmasını istəmirsənsə, o zaman niyə Ermənistanı silahlandırırsan? Onlar təxribat törədəndə qeydə alıb, elan etmirsən? Amma Azərbaycan Ermənistanın təxribatına cavab verən zaman ölkəmizə qarşı müxtəlif formada təzyiqlər etmək və sıxışdırmaq siyasətinə keçirsən. Bunlar hamısı Avropa İttifaqının mümkün sülhə maneə planları içərisindədir”.
Politoloqun dediklərinə görə, münaqişənin davam etməsi Aİ-nin bəzi ölkələri üçün maraqlı, cəlbedici və vacibdir: “Bu, əslində bir növ Avropa İttifaqının özünün orada hegomonluğunu davam etdirmək istəklərindən irəli gəlir. Qeyd edim ki, nə qədər Avropa İttifaqı iki dövlət arasında sərhəddədir, o qədər də tərəflər arasında sülhün əldə edilməsində müxtəlif maneələrə rast gəlmək mümkün olacaq. Yəni, Avropa İttifaqı bu addımlarla birbaşa sülhə ciddi təhdid yaradır”.