
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində namus üstündə anası Fatimə Qurbanovanı boğaraq qətlə yetirən 1992-ci il təvəllüdlü Hümbət Nağızadənin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Lent.az-ın məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başladığı elan olunub. Dövlət ittihamçısı Eldar Həmzəyev ittiham aktının nəticəvi hissəsini elan edib. Hümbət Nağızadə ona qarşı verilən ittiham üzrə özünü qismən təqsirli bilib. O, anasını öldürmək məqsədinin olmadığını deyib.
Hakim Cavid Hüseynov Hümbət Nağızadəyə məhkəmədə sərbəst ifadə verməyi təklif edib. Hümbət Nağızadə ibtidai istintaqda verdiyi ifadəni təsdiqləyərək çıxış edib. “Rusiya Federasiyasında alver ilə məşğul idim. Ümumiyyətlə, 7-ci sinfə qədər Rusiyada yaşamışıq. Sonra atam xəstələndi. Qara ciyər serrozuna tutulmuşdu. Anam, balaca qardaşım, bacım Şəmkirə qayıtdıq. Atam isə bizdən bir müddət sonra gəldi. Vəziyyəti xarablaşmışdı. Atam çox spirtli içki içdiyindən ailə daxilində münasibətlər soyuq idi. 2012-ci ildə atam xəstəlikdən vəfat etdi. Atamın 40-ı günü Rusiyaya getməyi qərarlaşdırdım. Orada pul qazanıb ailəmizə baxmalı idim. Anam atam rəhmətə gedən gündən qəribə olmuşdu. Onu anlaya bilmirdim. Onun hərəkətləri qulağıma çatırdı. Son zamanlar heç onunla danışmır, dindirmirdim. Rusiyada olan evimizi satıb Xırdalandan yeni yaşayış binasından ev aldıq. Təmirini hələ eləməmişdik. İşdə idim, qardaşım mənə zəng elədi ki, anamızın başqa kişi ilə əlaqəsi var. Bacımı da götürüb Bakıya gedib, tapa bilmirik. Rusiyada dözə bilmədim, Azərbaycana gəldim. Anamı tapa bilmirdik. Axtarışa verdik. Bir təhər tapdım. Dedim, gəl görüşək, görüşmürdü. Telefon ilə əlaqə saxlayırdıq. Onu bağışladığımı, Xırdalandakı evi təmir edəcəyimi dedim. Razılaşıb, görüşdük. 15-20 dəqiqə söhbət elədik. Söhbət əsnasında onu bağışladığımı bildirdim. Dedim ki, əl çək bu işlərdən. Anam isə mənə “sənlik deyil, həyat mənimdir” dedi. Dalınca rəhmətə gedən atamın ruhunu söydü. Birdən-birə özümdən çıxdım. Affekt halına düşdüm. Yapışdım boğazından. Gözüm qaraldı. Həmin an özümdə deyildim. Özümə gələndə anam yerdə idi. Nəbzini yoxladım. Ölmüşdü. Əlim-ayağım qurudu. Nə etdiyimin fərqində deyildim. Qapını açarla bağladım. Avtobus sürücüsündən Abşeron rayon polis şöbəsinin yerini soruşdum. Ora getdim. Növbətçi polisə anamı öldürdüyümü dedim”.
Bundan sonra H. Nağızadə hakim və dövlət ittihamçısının suallarını cavablandırıb. Dövlət ittihamçısı H. Nağızadənin hadisə zamanı ibtidai istintaqa verdiyi ifadə ilə məhkəmədə verdiyi ifadə arasında bir məqamda ziddiyyət olduğunu bildirib: “Sən ibtidai istintaq zamanı ifadə vermisən ki, ananı boğazından sıxandan sonra yerə yıxıb, iki əlinlə yerdə boğmusan. Amma burda ifadəndə deyirsən ki, yerə yıxılanda artıq ölmüşdü. Bunların hansı düzdür?”.
H. Nağızadə ibtidai istintaqa ifadə verən zaman hadisənin şokunu hələ də atmadığını və psixi durumu yaxşı olmadığı üçün ifadəsində ziddiyyətin olduğunu bildirib: “Bilirsiniz, mən o evə anamı öldürməyə getməmişdim. Onun atamı söyməsi və “özüm nə istəyərəm, eləyərəm” deməsi məni özümdən çıxartdı. Hər şey bir anlıq oldu. Əsəb sistemimə güc gələ bilmədim”.
H. Nağızadədən sonra ifadə vermək üçün zərərçəkmiş şəxsin hüquqi nümayəndəsi, Fatimə Qurbanovanın qardaşı E. Tağıyev ifadə verib. O, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiqləyib: “Mənim Hümbətdən heç bir şikayətim, qərəzim yoxdur. Sizdən də xahiş edirəm ki, cəza təyin edən zaman bunu nəzərə alasınız. Mənim bacım oğlu ilə münasibətim yaxşıdır. Heç bir düşmənçiliyimiz yoxdur. Bacım Şəmkirdən gedəndən sonra ondan xəbər ala bilmirdik. Hadisə olanda bildim”.
Zərərçəkmişin hüquqi nümayəndəsindən sonra ifadə vermək üçün təqsirləndirilən şəxsin qardaşı, ölən şəxsin oğlu Rövşən Qurbanov gəlib. O, ifadəsində anasının başqa kişi ilə münasibəti olduğundan şübhələndiyini bildirib: “2012-ci ildən Bakıda yaşayıram. Atam ölən il universitetə qəbul olmuşam. Mən Bakıda, anam və bacım isə Şəmkirdə yaşayırdı. Rayona getmişdim. Anamın başqa kişi ilə münasibəti olduğundan şübhələnmişdim. Bir gün evə girəndə gördüm ki, anam kiminləsə gülə-gülə danışır. Anamdan telefonu mənə verməyi tələb etdim. Bilmək istəyirdim ki, kimdir. Telefonu mənə vermədi. Danışığını yarımçıq saxlayıb, söndürdü. Telefonu yerə çırpdı. Mənə də dedi ki, “sənə nə dəxili var, kim ilə danışıram. Öz həyatımdır, necə istəyirəm, elə də yaşayaram”. Mübahisə elədik. Evdən çıxıb əmimgilə getdim. Səhərə qədər orda qaldım. Əmimin həyat yoldaşı anam və balaca bacımın çıxıb getdiyini dedi. Gün ərzində onları axtardım. Tapa bilmədim. Şəmkir rayon polis idarəsində axtarışa verdim. Məlum oldu ki, anam bacımı da götürüb, Bakıya gedib. Əlac qalmamışdı. Qardaşım Hümbətə zəng eləyib, olub-keçənləri dedim. O da Azərbaycana qayıdacağını dedi. Anamı zorla tapdıq. Biz ona dedik ki, evi təmir edək. Evi götürsün, amma bacımı versin. Razılaşmışdı. Evin açarı məndə olurdu. Hadisə günü evin açarını Hümbət məndən götürdü. Dedi ki, mən hər şeyi yoluna qoyacam. Sonra eşitdim ki, Hümbət anamı öldürüb”.
Məhkəmə prosesi mayın 8-i davam edəcək.
Qeyd edək ki, hadisə keçən il oktyabrın 24-də Xırdalan şəhəri 27-ci məhəllədə qeydə alınıb. Həmin ünvanda yaşayan, 1992-ci il təvəllüdlü Hümbət Elşən oğlu Nağızadə qısqanclıq zəminində anası, 1971-ci il təvəllüdlü Fatimə Oruc qızı Qurbanovanı boğaraq öldürüb. Hadisəni törədən H. Nağızadə könüllü polisə təslim olub.
O, ilkin ifadəsində anasının başqa kişi ilə münasibəti olduğunu, buna görə öldürdüyünü bildirib.









