
Bakı şəhər sakini, paytaxtda fəaliyyət göstərən təmir-tikinti briqadalarından birinə rəhbərlik edən Elçin Ağamalıyev Abşeron rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun qohumlarından prezident İlham Əliyevəə şikayət edib. Guxeber.com-a da daxil olan şikayət məktubunda qeyd olunanları təqdim edirik. Şikayətçinin sözlərinə görə, Abşeron rayon İcra Hakimiyyətinin MKTB rəisi İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun qohumu Hüseyn Həsənov və Təmir Tikinti İdarəsinin rəisi Şəhriyar Əhmədov Mehdiabad qəsəbə sakini Elçin Ağamalıyevi aldadaraq əmlakını və pulunu mənimsəyiblər. Belə ki, hər iki vəzifəli şəxs görəcəyi təmir-tikinti işlərinin müqabilində ona Abşeron rayon İcra Hakimiyyətinin hesabından lazımı miqdarda vəsait verəcəklərini vəd ediblər.
ŞƏHRİYAR ƏHMƏDOV ELÇİN AĞAMALIYEVİN BRİQADASINI ŞƏXSİ EVLƏRDƏ İŞLƏDİB
“Abşeron rayon İcra Hakimiyyətinin Təmir Tikinti İdarəsinin rəisi Şəhriyar Əhmədov 2013-cü il tarixdən köhnə beşmərtəbə və doqquzmərtəbə binaların bloklarının və giriş qəfəslərinin təmiri ilə bağlı bizimlə əməkdaşlığa başlayıb. Onlar bildiriblər ki, görüləcək işlərin pulu Abşeron rayon İcra Hakimiyyətinin hesabından ödəniləcək”. E. Ağamalıyev dövlət struktru ilə iş gördüyünü düşünərək şəxsi avtomobilini və digər əmlaklarını sataraq görülən işlərə xərcləyib”. Nəticədə isə E. Ağamalıyev əksinə əmlakı ilə bərabər həm də alacağı pulları ala bilmir.
Ümumi məbləği 91 min manatdan artıq olan borcun ödənilməsindən müxtəlif bəhanələrlə yayınan Ş.Əhmədov və H.Həsənov hər dəfə bunu İcra Hakimiyyətinin hesabında pulun olmaması ilə əlaqələndiriblər. Hər iki şəxs büdcəyə pul köçürülən kimi görülmüş işlərin pullarının ödəniləcəyini bildirib. Lakin aylarla davam edən bu haldan narahat olan E.Ağamalıyev Zakir Fərəcovla görüşdürülməsini xahiş edib. Lakin həmin şəxslər bundan imtina edib:
E.Ağamaliyev 2014-cü ilin əvvəlində Hüseyn Həsənovla razılığa gələrək görülən işin müqabilində ona ticarət üçün yer ayırmasını istəyib. H.Həsənov Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansında olan iki zirzəminin təmir edilməsi müqabilində həmin zirzəminlərdən birini Elçin Ağamalıyevin adına keçirəcəyinə və ticarət obyekti kimi işlədəcəyinə söz verib. Amma bu dəfə də aldadıb.
E.Ağamalıyev rəhbərlik etdiyi təmir-tikinti briqadasının H.Həsənovun Qubadakı şəxsi evində və bacısının evində də işlədiklərini deyib.
Haraya və nə qədər xərclənib?
Hər iki şəxslə görülmüş işlərin siyahısını sizə təqdim edirik:
1) Quba şəhərində Hüseyn Həsənova məxsus (“Panda” oteli yaxınlığında) 2 mərtəbəli villada təmir işləri – 1180 manat.
2) Xırdalan şəhəri 2 nömrəli tam orta məktəbin təmir işləri – 5670 manat
3) Hüseyn Həsənova məxsus (Xırdalan dairəsində yerləşən) çayxananın təmiri – 1493 manat.
4) Xırdalan şəhəri 21-ci məhəllədə yerləşən Xeyir-şər evi – 2864 manat.
5) İcra Hakimiyyətinin işçisi Mirzə müəllimin evi – 200 manat.
6) Hüseyn Həsənovun bacısına məxsus şəxsi mənzilin təmiri və Seçki Məntəqəsi binasının dam örtüyünün və içərisinin təmiri – 3.270 manat.
7) Blokların təmiri – 66.580 manat.
Cəmi görülən işlərin 91 min 857 manat dəyəri olduğunu deyən E.Ağamalıyev bu məbləğin 49 min 900 manatının ödənildiyini, qalan 41 min 957 manatın isə hələ də “işbazların” əlində qaldığını bildirib.Şikayət məktubunda E.Ağamalıyevin vəkilinin mövqeyi də var.
“Əlavə olaraq H.Həsənovla razılaşdırılan qeyri-yaşayış sahəsinin təmiri üçün və digər işlərə görə E.Agamalıyevə 15 min 202 manat ödənilməlidir. Adıçəkilən iki şəxsin müvəkkilim Elçin Ağamaliyevə borcunun ümumi məbləği 57 min 159 manat təşkil edir”.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.








