
Ailə quranda bəlkə də kimsə bir gün boşana biləcəyini ağlına gətirmir. Amma hazırda Azərbaycanda boşananların sayı əvvəlki illərlə müqayisədə çox artıb. Daha doğrusu, Azərbaycanda ailə institutu tənəzzülə uğrayıb, boşanmalar az qala adi hala çevrilib. Hər gün kiminsə ayrıldığını və ya boşandığını eşidirik. İnsanlar birgə yaşamağı bacarmayanda, artıq əvvəlki kimi dözümlülük nümayiş etdirmir, birdəfəlik ayrılırlar. Boşanmaların sayının durmadan artması isə artıq problemə çevrilməkdədir.
Son vaxtlar bu boşanmalara təsir edən amillərdən biri kimi sosial şəbəkələri də qeyd etmək olar. Kompyüterdən istifadə edən insanların ayrı-ayrı sosial şəbəkələrdə “dövr etməsi”, dost axtarışına çıxması artıq normal hal kimi qəbul edilir. Amma bəzən tapılan dostlar ailə faciələrinə səbəb olur. Kompüter olan evlərdə evli kişi və qadınların əksəriyyəti virtual aləmin əsirinə çevriliblər. Və xəyanətlərin az qala əksəriyyəti əksəriyyəti də virtual aləmdən başlayır. Necə deyərlər, internet getdikcə ən böyük xəyanət meydanına çevriləcək, desək yanılmarıq. Artıq sosial şəbəkələrdə özünə yeni dost tapan qadınların ailəsini, uşağını atıb qaçdığını eşidirik. Hətta bu səbəbdən son illər yüzlərlə qadınlarımız Türkiyəyə, İrana, Avropanın bir çox ölkələrinə “xoşbəxtlik” dalınca gedirlər. Yaxud, kişilər internetdə tanış olduğu qadına görə arvad-uşağını atırlar.
“Təmiz Dünya” ictimai birliyinin sədri Mehriban Zeynalova Analitik.az-a bildirdi ki, insanlar bəzən ürəyindən keçəni yazıb paylaşır və bu da bir çox hallarda ailədə problemlər yaradır: “Ola bilsin ki, kimsə hansısa bir mövzuda yazır, digər insanlar elə bil pusquda durublar. Dərhal həmin insanın həssaslığından istifadə edərək, onunla ünsiyyət qururlar. Boşluğu doldurmağa çalışmaq, yanlış bir münasibətə gətirib çıxarır. Ola bilsin ki, qadın daxilən tənhadır. Və yaxud ailəsində problem var. Hansısa bir status yazır. İnsanlar var ki, dərhal həmin statusu qamarlayır və həmin insana psixoloji təsir göstərərək, onun etibarını qazanmağa çalışırlar. Və yaxud onun etibarından sui-istifadə edərək, sonra ona qarşı şantaj hərəkətləri edir, eləcə də ailəsinin dağılmasına gətirib çıxarırlar.”
Birlik sədri vurğulayır ki, son illər virtual aləm kifayət qədər ailə münasibətlərinə mənfi təsir göstərir. İntellektual səviyyəsi aşağı olan insanlar elə düşünürlər ki, sosial şəbəkələrdə olan insanların hamısı idealdır. Çünki kiminsə fikirlərini oğurlayaraq ideal statuslar yazırlar: “Əslində bu insanların öz fikirləri yoxdur. Sadəcə kimlərinsə fikirlərini yazır və bununla da özünü daha ağıllı göstərməyə çalışırlar. Qarşı tərəf qarşısındakını görə bilmir, onun münasibətlərini müşahidə edə bilmir. Yəni ki, göz kontaktı yoxdur. Yalnız sözlərlə insanları cəlb etmək və onları aldatmağa müəssər olurlar. Sosial şəbəkələrin ailə münasibətlərinə qarşı kifayət qədər fəsadları var. Olduğu kimi deyiləni qəbul edirlər. Düşünmürlər ki, bunun alt qatında hansı məqsədlər var. İnanırlar ki, doğrudan da böyük sevgi və kifayət qədər hisslər var.”
M. Zeynalovanın sözlərinə görə, bəzən sosial şəbəkələrdən insan alverçiləri bir vasitə kimi də istifadə etməyi bacarır: “Məsələn, hətta bundan insan alveri kimi istifadə edirlər. Xüsusi hazırlanmış adamlar var ki, insanı eşq əsarətinə salır. Sonra həmin şəxsi öz istədiyi kimi istifadə edir. Kifayət qədər adam var idi deyirdilər ki, sosial şəbəkədə tanış olublar və qarşı tərəf onun şəkillərini əldə edərək şantaj edib, kifayət qədər pul alıb. Və yaxud ailəsinin dağılmasına səbəb olub. Eşq asılılığı kimi yeni bir metod formalaşıb. Və həmin insanlardan istədikləri formada istifadə edirlər. Bununla bağlı statistika olmadığına görə hesablamalar aparmaq olmur. Sosial şəbəkələr bir bombadır.”
Ekspert sözlərinə onu da əlavə etdi ki, bu kimi problemlərin qarşısının alınması çox çətin məsələdir. O, bildirdi ki, cəmiyyətin şüurunda dəyişiklikər etməyə ehtiyac var.
Sosioloq Cavid İmamoğlu deyir ki, Azərbaycanda sosial şəbəkələrdən bir çox hallarda məntiqli faydalanmağı bacarmırlar. Xüsusi ilə də “odnoklasnik”, “vatsup”, “facebook” və bu kimi şəbəkələr bir çox hallarda ailədaxili münaqişələrə səbəb olur. Tipik Azərbaycan ailələri üçün sosial şəbəkələr bir çox hallarda baş ağrısı olur: “Çünki, xanımlara və kişilərə sosial şəbəkədə verilən azadlıq da fərqli olur. Kişilər şəbəkədə hər işi görə bilər, qadınlar isə yalnız qadınlarla ünsiyyət saxlamalıdır. Bu isə sosial şəbəkə məntiqinə ziddir. Əgər sən ailəlisənsə və ailə üzvləri sənin sosial şəbəkədən istifadənə qarşıdırsa, sənin bu şəbəkədə olmağın özü artıq böyük konfliktin başlanğıcıdır. Bura Azərbaycandır və buranın özünə məxsus milli adət-ənənələri və xüsusiyyətləri var. Bir çox hallada xanımlarımız və ya bəylərimiz kənar təsirlər altında bu ənənələri unudurlar və nəticəsi də zorakılıq və ya ailə münasibətlərinin sona çatması ilə bitir. Sosial şəbəkələrdən istifadə edən qadınlar və ya kişilər anlamalıdırlar ki, hər dostluq göstərənlə dostluq etmək, hər mesaj yazanla danışmaq məcburiyyətində deyillər. Bir çox hallarda sadə “salam, necəsiz xanım?” mesajına cavab verən azərbaycanlı xanım əri tərəfindən zorakılığa məruz qalır. Çünki o, yad insanla ünsiyyətdə olub və ailə dəyərlərini alçaldıb. Ümumiyyətlə, ailəli xanımlar, xüsusilə uşaqlı xanımların sosial şəbəkədən davamlı istifadə etməsi məntiqə uyğun deyil. Çünki, ailə və uşağın qayğıları icazə verməz ki, gün ərzində sən sosial şəbəkədəki insanlara və ya tanımadığın insanlara vaxt sərf edib, onların da qayğısına qalasan.”
İlahiyyatçı Bəhruz Camal məsələ ilə bağlı deyir ki, burada sosial şəbəkələr günahkar deyil, problem onlardan hansı məqsədlərlə istifadə edilməsindədir: “İstisna eləmək olmaq ki, bəzi hallarda insanlar arasında virtual tanışlıqlar ailələrin dağılmasına səbəb ola, onların əxlaqına mənfi təsir göstərə bilir. Amma bunun günahını sosial şəbəkələrdə axtarmaq düzgün olmazdı. Ümumiyyətlə, bunun əsas günahını insanların bu və ya digər əxlaqi dəyərlərə bağlılığında görmək lazımdır. Şəbəkələrin varlığı müsbət haldır. İnsanlar kiminləsə ünsiyyət qurmaq, tanışlıqlarını artırmaq istəyir, bu, normaldır. Din də bu cür tanışlıqların əleyhinə deyil. Əsas olan ünsiyyətin mövzusudur. Bu isə sosial şəbəkələrlə yox, cəmiyyətin mənəvi durumu ilə bağlıdır”.
Xatırladaq ki, Azərbaycanda 2013-cü illə müqayisədə 2014-cü ildə boşanmaların sayı artıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il Azərbaycanda 12,1 min nəfər boşanıb. 2014-cü il ərzində isə rəsmi orqanlar tərəfindən 84,9 min nikah halı qeydə alınıb. Deməli, ötən il ailə quran hər 7 nəfərdən biri boşanıb. Bu isə bizim ölkəmiz üçün çox ciddi rəqəmdir...








