İranın Səhiyyə Nazirliyi Azərbaycanla bağlı növbəti planını açıqladı. Ölkənin Akademik Cihad Təşkilatı (Academic Jihad Organization) Bakıda sonsuzluğa qarşı klinika açmaq istədiyini elan etdi.
Bundan əvvəl isə İran tərəfi Azərbaycanla sərhəd ərazilərdə elə azərbaycanlı xəstələr üçün klinikalar açılması təklifini irəli sürmüşdü.
Diqqətçəkən məqam odur ki, Bakıda fəaliyyət göstərəcək klinika azərbaycanlı xəstələri əməliyyat üçün məhz İrana göndəriləcək.
Ötən il Azərbaycanın Səhiyyə Nazirliyi tərəfindən fəaliyyəti dayandırımış İmam Xomeyni İmdad Komitəsinə bağlı “İmam Əli tibb klinikası” və İran İslam Respublikasının Qızıl Aypara Cəmiyyətinə məxsus klinika da azərbaycanlı xəstələri məhz İrana getməyə sövq edirdi. Hazırda “Təbriz Mehr” klinikası da azərbaycanlıları İrana göndərmək üçün bütün mümkün variantlardan istifadə edir.
Əslində İran tərəfinin azərbaycanlı xəstələrə marağının səbəbsiz olmadığı hər kəsə bəllidir. İran mətbuatı ölkəsinə dünyanın müxtəlif ölkələrindən, hətta Amerika, İngiltərə kimi səhiyyəsi inkişaf etmiş dövlətlərdən belə xəstə gəldiyini iddia etsə də bu ölkəyə xaricdən xəstə axını səngiyib. Ötən illərdə 800 min-1 milyon azərbaycanlının müalicə üçün İrana getdiyi ilə bağlı statistika səslənirdi və artıq bu göstərici 200-300 minədək azalıb.
Bir sözlə, İran azərbaycanlı xəstələrdən büdcəsinə daxil olan pulun azalması ilə razılaşmır. Buna görə də xəstə axınına hesablanmış bütün vasitələrdən istifadə edirlər.
Virtualaz.org saytı İranda sonsuzluğun “effektiv və ucuz müalicəsi” adı ilə baş verənləri araşdırıb.
“Ana olacaqdım...”
“İrandan sevinclə geri qayıtdım. Qurban kəsdik, ehsan payladıq. Axı 8 ildir ana olmaq üçün getmədiyim xəstəxana, müraciət etmədiyim həkim qalmamışdı”.
Bakı şəhər sakini Arzu Əliyeva 19 yaşında ailə həyatı qurub. Neçə illərdir ana olmaq üçün etdiyi müalicələr nəticə verməyib. Buna görə də qohumlarının məsləhəti ilə müalicə olunmaq üçün İrana gedib. İranda isə tezliklə ana olacağı xəbərini eşidib.
Arzu deyir ki, Bakıdakı xəstəxanaların birində ona süni mayalanma təklif olunmuşdu. Lakin həyat yoldaşı bununla razılaşmayıb: “Mənə dedilər ki, yalnız süni mayalanma yolu ilə ana ola bilərəm. Amma yoldaşım bunu istəmədi. Təbrizə getdik, orada bütün müayinələrdən keçdim, müalicə təyin edildi. İki ay müalicə olunandan sonra ürəyim bulandı, qarnım şişməyə başladı. Həkimlə əlaqə saxlayıb vəziyyətimi bildirdim. Dedi ki, artıq hamiləyəm. Yəni bütün əlamətlər bunu göstərirdi”.
Amma A.Əliyevanın sevinci uzun sürməyib. Qarnı sürətlə böyüb, nəfəs alması çətinləşib: “Qadın məsləhətxanasına getdim. Həkim dedi ki, hamilə deyilsən, qarnına su yığılıb. Məni Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna göndərdilər. Orada müayinə olunandan sonra bəlli oldu ki, bağırsaq vərəminə yoluxmuşam. Üstəlik, İranda aldığım müalicədən sonra məndə dərmanlara qarşı allergiya yaranmışdı”.
Fizuli rayon sakini Səbinə Eyvazova isə 10 ildir ailə qurub. Səbinə deyir ki, anadangəlmə qüsurla doğulub, belə ki, uşaqlığı inkişafdan qalıb: “Ailə qurandan sonra müalicə olacağımı düşünürdüm. Sonuncu dəfə Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutuna müraciət etdim. Dedilər ki, uşaqlıq olmadığından süni mayalanma aparmaq da mümkün deyil”.
Gənc qadına yalnız surroqat ana vasitəsilə ana ola biləcəyi deyilir. Azərbaycanda isə surroqat analıq qanunla qadağandır.
“Suda boğulan saman çöpündən yapışar. Mən də “Təbriz Mehr” klinikasının reklamına inandım. 77 manat ödəyib həkimin qəbuluna düşdüm. İranlı həkim Azərbaycanda olunan müayinələrin nəticələrinə etibar etmədiyini dedi. Buna görə də 200 manat ödəyib təkrar müayinələrdən keçdim. Həkim məni İrana dəvət etdi” - Səbinə belə deyir.
Son 6 ayda 14 dəfə Ərdəbilə, 2 dəfə Təbrizin “Alinəsəb”, “Behbud” xəstəxanalarına gedən qadın nəticələrin dəyişmədiyini görüb: “Həkim dedi ki, alınmadı, uşağın olmur, amma surroqat ana tapsan kömək edərik”.
Öz yaxın qohumunu surroqat ana olmağa razı salan S.Eyvazova ona pul, 9 ay problemlərinin həllini və daha nələr vəd edib: “Qadınla İrana getdik. Onun yol xərcini də biz ödədik, müayinələrdən keçirdik. Bütün müayinə və müalicələrdən sonra həkim İranda da surroqat analığın qanunla qadağan olduğunu, bizə gizli köməklik edəcəyini dedi. Buna görə də imtina etdik”.
Səbinənin reklama inamı ona 3500 manata başa gəlib.
“İrandan vəziyyəti ağırlaşıb qayıdanlar da olur…”
Azərbaycanda sonsuz ailələrlə bağlı rəsmi statistika təqdim edilmir. Lakin xəstəxanalara edilən müraciətlər və övladı olmadığı üçün dağılan ailələrin fonunda təxmini rəqəmlər söylənilir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2009-cu ildə 7784 ailə boşanıb ki, onlardan 4634-nün uşağı olmayıb. 2010-cu ildə boşanan 9061 cütlüyün 5527-si övlad sahibi ola bilməyib. 2011-ci ildə 7368 ailə övlad həsrətindən yollarını ayırıb.
Son iki ildə isə pozulan nikahların təxminən 15 mini sonsuz ailələrin payına düşür.
Elmi-Tədqiqat, Mamalıq və Ginekologiya İnstitutunun həkimi Leyla Məmmədova isə deyir ki, Azərbaycanda sonsuzluq problemi var. Lakin başqa ölkələrdən fərqli olaraq ölkəmizdə müraciətlərin səviyyəsi yüksəkdir: “Ailə cütlüyü 1 il birlikdə yaşayır və hamiləlik qeydə alınmırsa bu zaman sonsuzluq diaqnozu qoyulur. Bütün dünyada belə qəbul olunub. Azərbaycanda isə nigahdan 4-6 ay keçəndən sonra hamiləlik qeydə alınmırsa, o zaman həkimə müraciət edirlər. Həkimlər müraciət edənlərə başa salmalıdırlar ki, 1 il gözləmək lazımdır. Bundan sonra müəyyən müayinələrə başlamaq olar. Doğrudur, Azərbaycanda sonsuzluq problemi var”.
L.Məmmədova onu da qeyd etdi ki, bəziləri sonsuzluq problemini həll etmək üçün İranda həkimə gedir: “Bəzən elə olur ki, müalicəyə Azərbaycanda başlayıb tez effekt əldə etmək ümidi ilə İrana gedirlər. İrandan sevinərək geri qayıdanlar da olur. Ancaq əksər hallarda ağırlaşaraq Azərbaycana dönənlərlə rastlaşırıq. Xüsusilə süni mayalanma zamanı bir neçə xəstə ağırlaşmış geri qayıtmışdılar. Süni mayalanma zamanı yüksək dozada dərman təyin edilir. Bəzən həmin dərmanlar çox ağır fəsadlara səbəb olur. İrandan da geri qayıdan bir neçə xəstə reanimasiya şöbəsində müalicə aldı. Biz onları ağır vəziyyətdən çıxardıq. İranda xəstənin vəziyyətinin ağır olduğunu bilə-bilə onu Azərbaycana geri qaytarmışdılar”.
Həkimin dediyinə görə, İranda müayinə olaraq Azərbaycana geri qayıdan xəstələri təkrar müayinəyə göndərmək məcburiyyətində qalırlar: “İranda bütün müayinələr fars dilində aparılır. Xəstə bütün müayinələrdən keçib qayıdır, lakin müayinələrin nəticələrini oxumaq olmur. Buna görədə əlavə xərc çəkib təkrar müayinə olunurlar. Bu isə həm vaxt, həm də maliyyə itkisinə səbəb olur. Sonsuzluq problemi digər xəstəliklərdən fərqlidir, xəstə ilə uzun söhbət etmək lazım gəlir, xüsusilə süni mayalanmada xəstəyə hüquqları başa salınır. Azərbaycanda yalnız iki xəstəxanaya süni mayalanma ilə bağlı razılıq verilib. Bizim institutda süni mayalanmaq istəyənlərlə hüquqşünasın iştirakı ilə müqavilə bağlanılır. Cütlüyün razılığından sonra müqavilə imzalanır. Amma İranda azərbaycanlı xəstələrlə müqavilə bağlanılmır, onların hüquqları tanınmır. İranda çox zaman bir-iki deyil, 4-5 embrion qoyuluq. Halbuki ikidən artıq qoyula bilməz. Bu zaman hamiləlik başa çatmır. Yəni xəstələr bu problemlə də üzləşirlər”.
Leyla Məmmədova qeyd etdi ki, İranda surroqat analığa rəsmi icazə verilmir: “İranda bunu edirlərsə, gizli yolla və qanunsuz şəkildə edirlər. İranda embrionun transiplasiyasına da icazə verilmir. Süni mayalanma ancaq qadının həyat yoldaşından ola bilər”.
Həkim onu da deyir ki, insanlar əsasən reklama aldanaraq İrana və ya özəl klinikalarda xaricdən gələn həkimlərə müraciət edirlər: “Əvvəllər də, indi də belə bir fikir formalaşıb ki, ailədə sonsuzluq varsa, qadın günahkardır. Amma sonsuzluqda 45 faiz qadın səbəbkardırsa, 40 faiz da kişidə olan patalogiyalarla əlaqəlidir. Əhali arasında cinsi yolla yoluxan xəstəliklər artıb. Yəni sonsuzluğun səbəbləri çox olsa da əsas problem stressdən və cinsi yolla yayılan xəstəliklərdən yaranır. Sonsuzluğu yaradan problemlər çox zaman uşaqlıq və yeniyetməlik dövründən başlayır. Buna görə də uşaq ginekologiyası və uşaq urologiyası inkişaf etdirilməlidir”.
1 saylı Klinik Tibbi Mərkəzin həkim-ginekoloqu Təranə Həsənova da İranda müalicə olunub ağırlaşmış vəziyyətdə geri qayıdan xəstələrin artmasından şikayətçidir: “Xəstəxanamıza huşsuz vəziyyətdə yaxınları tərəfindən qadın gətirilmişdi. Qohumlarının dediyinə görə, İrandan qayıdandan sonra həkimin təyin etdiyi dərmanları qəbul edib. Dərman qəbulunun ikinci günündə qadının bədən ölçüləri böyümüşdü, huşunu itirmişdi. Aparılan müayinələrdən bəlli oldu ki, qəbul olunan dərmanların yan təsirindən qadının vəziyyəti ağırlaşıb. Artıq qadında istənilən dərman reaksiya verir. Müalicəni təyin edilən həkimlə əlaqə saxlamaq mümkün olmadı. Ümumiyyətlə, ağrlaşmış xəstələr İrandakı həkimlə təkrar əlaqə yaratmaqda çətinlik çəkdirklərindən şikayətlənirlər”.
Həkimin sözlərinə görə, xəstələr əsasən reklama aldanaraq xaricə üz tuturlar: “İrandan geri qayıdanların arasında dərmanlardan zəhərlənənlər çoxdur. Dərmanların içliyi fars dilində yazıldığından yan təsirlərini öyrənə bilmirlər”.
T.Həsənova onu da qeyd etdi ki, reklama aldanan və ya qohumlarının məsləhəti ilə xaricə həkimə gedənlər çox zaman aldanırlar: “Daha bir xəstəmiz sonsuzluğa görə İrana getmişdi. Amma bizim xəstəxanamıza gələndə qanaxma problemi yaranmışdı. Qəribədir ki, İranda daha çox hormonal müalicə və ağrıkəsici təyin edilir. Çünki iki preparat bir yerdə təyin ediləndə tezliklə simtomatik effekt verir. Simtomlar ortadan qaldırıldıqda xəstə müalicənin effekt verdiyinə inanır. Lakin xəstəliyin səbəbi müalicə olunmur, bir müddətdən sonra xəstəlik yenidən ağırlaşır”.
Həkim son zamanlar qadın və kişi sonsuzluğunun eyni səviyyəyə çatdığını deyir: “Təəssüf ki, əvvəllər qadın sonsuzluğu çox qeydə alınırdsa, son zamanlar kişi sonsuzluğu artım üzrə gedir. Bunun səbəbləri içərisində stresslər, cinsi yolla gedən xəstəliklər, inkişaf qüsurları, qəbul etdiyimiz qidalar var”.
T.Həsənova son zamanlar yalnız xarici həkimlərin reklam olunmasına qarşıdır: “Azərbaycan səhiyyəsi inkişaf edib, tibb müəssisələrində müasir vadanlıqlar qurulub. Ancaq nədənsə səhiyyədə olan qüsurlar qabardılır, mənfi yolla təbliğat aparılır, öz ölkəsində tanınmayan həkimlər isə mütəxəssis kimi reklam olunur. Bu gün Azərbaycanda bütün müayinələr aparılır”.
Ginekoloq Səbinə Məmmədova isə qeyd edir ki, İrana gedən azərbaycanlılara xəstə kimi deyil, pul kisəsi kimi baxırlar: “Doğrudur, İranda səhiyyə inkişaf edib, xüsusilə Tehranda peşəkar həkimlər çalışırlar. Lakin bizim xəstələr daha ucuz müalicə üçün Ərdəbil, Urmiya və ya Təbrizə gedirlər. Oradakı həkimlərin heç də hamısı savadlı və bilikli deyillər. Nəticədə xəstələrin təxminən yarıdan çoxu oradakı müalicədən sağalmır, əksinə, xəstəlik daha da şiddətlənəndən sonra geri dönürlər”.
...Son günlər yerli səhiyyədə nöqsanların qabardılması fonunda xaricdəki müalicənin şişirdildiyinin şahidi oluruq. Biz də xaricə müalicənin üstündən birdəfəlik xətt çəkmirik. Sadəcə, həkim seçərkən düzgün seçim etmələrini, səhhətlərini təsadüfi adamlara etibar etməmələrini istəyirik.
Sonra deməyin ki, getdim kabab iyinə, gördüm ki...








