Məlum olduğu kimi hər ilin sonu bir hesabat məqamı, görülmüş işlərin qiymətləndirilməsi vaxtı kimi də diqqət mərkəzində olur. O cümlədən ölkəmizdə icra hakimiyyəti orqanları da il ərzində göstərdikləri fəaliyyətə dair ətraflı hesabat hazırlayaraq, bu hesabatı həm ölkə rəhbərliyinə, həm də xalqa təqdim edirlər. Bu baxımdan Gədəbəy Rayon İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən təqdim olunacaq illik hesabat bizim üçün və əlbəttə ki, bütün gədəbəylilər üçün xüsusi maraq kəsb edir. Əslində, sona çatan 2014-cü il ərzində Gədəbəy rayonunda gedən bir çox proseslər qəzetimizin səhifələrində ayrı-ayrı vaxtlarda dərc olunmuş materiallarda öz əkslərini tapmışdı. Bununla belə, ümumi mənzərənin canlandırılması üçün biz də Gədəbəy RİH-nin başçısı Ramiz Yediyarovun rayonda həyata keçirdiyi bütün “tədbirlərin” ümumiləşdirilmiş qiymətləndirilməsini aldığımız məlumatlar əsasında hazırladığımız hesabat xarakterli bu son materialda bir daha ictimaiyyətə təqdim etmək qərarına gəldik. Beləliklə...İlk növbədə bu gün Gədəbəydə yaşanan və aldığımız məlumatlarda istisnasız olaraq bütün hallarda birbaşa Ramiz Yediyarov tərəfindən rəvac verildiyi təsdiqlənən qanun pozuntularının çoxluğu və müxtəlifliyi diqqəti cəlb edir. İnsan hüquqlarının pozulmasından tutmuş, dövlət vəsaitlərinin mənimsənilməsinə kimi bütün bu korrupsiya əməlləri hal-hazırda Gədəbəy sakinlərinin demək olar ki, səfalət içərisində yaşamalarına səbəb olmuşdur. Elə hazırladığımız hesabatı da rayonda tüğyan edən hüquq pozuntularına dair bir misalla başlamaq istəyirik. Bu xüsusda aldığımız məlumatda bildirilir ki, Gədəbəy RİH-nin başçısı Ramiz Yediyarovun aqrar məsələlər üzrə müavini və “sağ əli” Rüstəm Nağıyev rayonda digər xüsusiyyətləri ilə yanaşı həm də məşhur torpaq dəllalı kimi tanınır. Həm də onun satdığı torpaqlar əksər hallarda nə özünə, nə də dövlətə məxsus olmur. Elə onun bir müddət əvvəl Gədəbəyin kənd sakinlərindən birindən aldığı 10 min manat müqabilində həmin şəxsə satdığı 500 kv.m sahəsi olan ərazi də Gədəbəy rayon məhkəməsinin yaxınlığında yaşayan II qrup əlil, vətəndaş Məmmədova Sürəyya Əmir qızına məxsus olub. Rüstəm Nağıyev həmin ərazini zəbt edib satdıqdan sonra, Sürəyya xanım öz hüquqlarının bərpa olunması, ona dəyən zərərin ödənilməsi üçün Ramiz Yediyarova da müraciət edib. Lakin müavinin aldığı 10 min manata böyük ehtimalla şərik olan başçı şikayətçini təhqirlərə məruz qoyaraq qovub.Rayon sakinlərinə qarşı yol verilən hüquq pozuntularına daha bir nümunə kimi obyektləri sökülmüş sahibkarlara təqdim olunan dükanlarla bağlı yaranmış problemi göstərmək olar. Məlum olduğu kimi Ramiz Yediyarov Gədəbəy şəhərində inşa etdirdiyi Ticarət Mərkəzini kommersiya obyektləri heç bir kompensasiya ödənilmədən sökülən iş adamlarının hesabına işlək vəziyyətə gətirmək niyyətindədir. Sahibkarlar iddia edirlər ki, onların əsassız olaraq sökülən qanuni obyektlərinin əvəzinə, Ramiz Yediyarov həmin şəxslərə sözü gedən Ticarət Mərkəzində dükanlar verib. Lakin bu sahibkarlara təklif olunan dükanların qanuni əsaslarla fəaliyyət göstərməsini təsdiqləyən heç bir sənəd verilmir. Bu isə istənilən vaxt həmin sahibkarların Ticarət Mərkəzindən çıxarıla bilmə ehtimallarını önə gətirir. Nəzərə alsaq ki, Ramiz Yediyarov bu gün hətta bütün sənədləri qaydasında olan iri kommersiya obyektlərini belə bircə göstərişi ilə yerlə yeksan edir, bu zaman sənədsiz dükanlarda oturacaq sahibkarların aqibətlərini heç düşünməyə belə dəyməz. İkinci tərəfdən isə, məlumatlara görə Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumları bu Ticarət Mərkəzinin açılışına hələ ki, rəsmi icazə verməyiblər. Həm də belə bir icazənin veriləcəyi ümumiyyətlə böyük bir sual altındadır. Məsələ bundadır ki, Ticarət Mərkəzinin binasının üstü ilə biri 110 min kilovattlıq və digəri 35 min kilovattlıq olmaqla iki yüksək gərginlikli elektrik xətti keçir. Buna görə də həmin ərazidə Ticarət Mərkəzinin tikilməsinə heç əvvəldən də razılıq verilməyib. Ramiz Yediyarov isə hələ də sahibkarlara həmin obyektlərə dair çıxarış (kupça) verəcə verəcəini vəd edib durur.Amma elə düşünmək lazım deyil ki, bu hal Gədəbəydə müşahidə olunan yeganə kütləvi hüquq pozuntusudur. Aldığımız digər bir məlumatda qeyd olunur ki, Gədəbəy şəhərinin əsas küçələrindən biri, Sovet İttifaqı qəhrəmanı Mehdi Quliyevin adını daşıyan küçə artıq uzun müddətdir ki, naməlum səbəblərdə bağlanmışdır. Bu ərazidə yaşayan insanlar isə öz evlərinə getmək üçün şəhərin yarısını dolanmalı olurlar. Fövqəladə bir hal baş verdiyi zaman isə nə təcili tibbim yardım maşınlarının, nə də yanğınsöndürmə texnikasının bu əraziyə daxil olması mümkün olmayacaq.Gədəbəylilərin bu gün yaşamaq məcburiyyətində qaldıqları digər bir hüquq pozuntusu da şəxsi ev tikintisi ilə bağlıdır. Belə ki, bu xüsusda ölkə qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydaların mövcudluğuna baxmayaraq, bu gün Gədəbəy sakinləri hətta özlərinə məxsus torpaq sahəsində şəxsi ev tikmək üçün icra hakimiyyətinə 3000 manat pul ödəməlidirlər. Əks halda isə ya tikintiyə ümumiyyətlə icazə verilməyəcək, ya da yarı tikilmiş ev RİH əməkdaşları tərəfindən söküləcək.Artıq qeyd olunduğu kimi, Gədəbəy RİH-nin yarıtmaz fəaliyyəti nəticəsində rayonun əksər sahələri hazırda bərbad vəziyyətə gətirilmişdir. İlk növbədə rayonun yol infrastrukturunun bərbad durumu diqqəti cəlb edir. Məlum olduğu kimi dövlət başçısı bu ilin mart ayında Gədəbəy rayonu ilə bağlı imzaladığı digər bir sərəncamla Qarıkənd-Miskinli-Çalburun və Qızıltorpaq-Ağbaşlar avtomobil yollarının tikintisinin davam etdirilməsi məqsədi ilə Gədəbəy RİH-nə daha 6,7 milyon manat vəsait ayırmışdı. Lakin yerli mənbələrdən aldığımız məlumatlarda vurğulanır ki, həmin vəsait heç də təyinatı üzrə sərf olunmamışdı. Miskinli yolu isə hələ çəkilib başa çatdırılmamış artıq dağılmağa başlamışdır. Həmçinin Gədəbəyin sosial problemlərindən biri kimi susuzluq məsələsi məlumatlarda diqqət mərkəzinə çəkilir. Bildirilir ki, bu ilin dekabr ayı Gədəbəy şəhərinə yeni su xətlərinin çəkilişi ilə əlamətdar olub. Lakin bu məqsədlə keçirilən tenderi yenə də icra başçısının yaxınlarından birinə məxsus MMC “udub”. Bundan sonra isə ayrılan dövlət vəsaitləri artıq klassik qaydada mənimsənilib. Şəhər isə hələ də susuzdur. Rayonun sosial problemlərinə daha bir misal kimi də Söyüdlü kəndinin qaz problemini göstərmək olar. Məlum olduğu kimi bu kənd ərazisinə və əhalisinin sayına görə Gədəbəyin ən böyük, respublikanın isə beşinci ən böyük kəndidir. Bir müddət əvvəl Söyüdlüyə qaz boruları çəkilsə də, az sonra mavi yanacağın nəqli naməlum səbəblərdən dayandırılmışdır.Eyni zamanda Gədəbəyin təhsil və mədəniyyət sahələri də RİH-nin yarıtmaz fəaliyyətindən olmazın əziyyət çəkirlər. İlk növbədə Ramiz Yediyarovun gənc nəslin təhsilinə sərgilədiyi yolverilməz münasibəti rayon ictimaiyyətinin ciddi narahatlığına səbəb olub. Mənbələrin açıqlamalarına görə RİH başçısı rayon üzrə bütün məktəb direktorlarına darslərə davamiyyətlə bağlı xüsusi göstəriş verib. Bu göstərişə əsasən bütün məktəblərdə repetitor məşğələlərinə getmək səbəbilə dərslərə gəlməyən şagirdlərdən hər ay 100 manat məbləğində pul yığılır. Yığılan vəsaitin isə 50%-i birbaşa Ramiz Yediyarova çatdırılır. Daha bir maraqlı məqam da rayon məktəblərinin və icra hakimiyyəti orqanlarının tabeliyində fəaliyyət göstərən uşaq bağçaları, mərkəzi mədəniyyət evi, peşə liseyi və kitabxanaların istilik təghizatı ilə bağlıdır. Bu xüsusda məlumatlarda bildirilir ki, həmin müəssisə və obyektlərin guya ki, odun yanacağı ilə təmin olunması məqsədilə rayonun daxili büdcəsindən hər müəssisəyə 2000 manat olmaqla külli miqdarda vəsait ayrılıb. Lakin reallıqda hər müəssisəyə yalnız 10 kub metr odun verilib ki, bu da təxminən 300 manat təşkil edir. Qalan vəsaitlər isə yenə də RİH rəhbərliyi tərəfindən mənimsənilib. Diqqətəlayiq haldır ki, bu sxem RİH rəhbərliyi tərəfindən inzibati ərazi idarəetmə vahidlərinə, yəni icra nümayəndəliklərinə də uğurla tətbiq olunmaqdadır. Belə ki, yola saldığımız ildə təkcə təsərrüfat xərcləri adı altında rayonun şəhər, qəsəbə və kənd icra nümayəndəliklərinin hər birinə 2000 manat məbləğində vəsait ayrılıb. Lakin bu vəsaitlərin alınmasını təsdiq edən sənədlərə nümayəndəlik rəhbərləri imza atsalar da, göstərilən məbləğlər rayonun maliyyə idarəsindən birbaşa Rüstəm Nağıyevə təhvil verilib. “Balansın bağlanması” üçün isə nümayəndəliklərə rayonun mərkəzi bazarında fəaliyyət müxtəlif obyektlərdən alınmış saxta çeklər verilib.Gədəbəy RİH-nin abadlıq və quruculuq işləri adı altında apardığı işlərin rayonun iqtisadiyyatına, eləcə də ekoloji durumuna verdiyi ziyanlar da aldığımız məlumatlarda xüsusi qeyd olunan məqamlardandır. Məsələn, bu yaxınlarda Ramiz Yediyarovun göstərişi ilə, rayonun girəcəyində yerləşən abidə kompleksindən “Ana” heykəli götürülərək şəhidlər xiyabanına aparılıb. Burada isə həmin heykəlin yerləşdirilməsindən sonra “1941-1945” tarixləri göstərilməklə guya ki, yeni bir abidə kompleksi açılıb. Nəticədə isə yenə də dövlət büdcəsindən yüz min manatlarla pul silinib. Bu arada qeyd etmək lazımdır ki, Gədəbəy RİH-nin “sildiyi” pulların miqyasını daha düzgün təsəvvür etmək üçün yerli sakinlər yeni həyata keçirilmiş “yolka əməliyyatı” barədə maraqlı açıqlama təqdim ediblər. Həmin açıqlamaya görə meşədən kəsilərək şəhər mədəniyyət evinin qarşısına yerləşdirilmiş və bir neçə oyuncaqla bəzədilmiş şam ağacı yerli büdcəyə təxminən 15-20 min manata başa gəlib.Daha sonra məlumatlarda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq komissiyası tərəfindən bu yaxınlarda Gədəbəydə aparılmış yoxlamaya dair maraqlı açıqlamalar təqdim olunur. Bildirilir ki, bu yoxlama RİH-nin, eləcə də rayonun digər müəssisə və təşkilatlarının fəaliyyəti nəticəsində Gədəbəydə ekoloji durumun qeyri-qənaətbəxş olduğunu aşkar edib. Bu səbəbdən də həmin müəssisə və təşkilatlara külli-miqdarda cərimələr tətbiq edilib. İndi bu təşkilatların böyük əksəriyyətinin məhz dövlət müəssisləri olduğu nəzərə alınarsa, nəticədə bu qalmaqaldan yenə də rayon büdcəsinin ziyanla çıxacağı məlum olar. Lakin rayonda aparılan digər yoxlamalar da maraqlı nəticələrin aşkarlanmasına səbəb olub. Belə ki, mənbələrin deməyinə görə bir müddət əvvəl Hesablama Palatasının keşirdiyi audit yoxlaması zamanı yerli büdcədən ayrılmış 1,5 milyon manat vəsaitin təyinatı üzrə xərclənmədiyi, həmin məbləğdən 500 min manatın isə mənimsənildiyi aşkarlanmışdı.Gədəbəydən aldığımız məlumatlarda Ramiz Yediyarovun yeritdiyi kadr siyasətindən olan narazılıqlar da diqqəti cəlb edir. Məlumatlarda qeyd olunur ki, 2012-ci ildən etibarən rayonda məmur özbaşınalığı xüsusilə dözülməz həddə çatıb. Belə ki, Ramiz Yediyarov Gədəbəy Rayon İcra Hakimiyyətinin (RİH) başçısı vəzifəsinə təyin ediləndən sonra yerli əhalini narahat edən problemləri aradan qaldırmaq əvəzinə, əksinə onlara qarşı çoxsaylı haqsızlıqlar edib. Bu işdə isə ona yeni təyin etdiyi kadrlar yardım edirlər. Məlumata görə Ramiz Yediyarov vəzifəyə gələndən sonra yerli kadrlara qarşı ciddi təqiblərə başlayıb. Bu məqsədlə təhdid və hədələrə də əl atan başçı, qısa zaman ərzində bütün kadrları öz adamları ilə əvəz etmiş və məhz bundan sonra rayonun “ümumi işğalına” start vermişdir. Başçının bu siyasətinə etiraz edənlər isə artıq rayonun polis orqanlarının basqısına məruz qoyulurlar.Beləliklə, göründüyü kimi bizim Gədəbəydən aldığımız məlumatlar əsasında hazırladığımız “illik hesabat” heç də Ramiz Yediyarovun xeyrinə olmadı. Əlbəttə ki, Gədəbəy RİH başçısının təlimatları əsasında hazırlanacaq hesabatda tam fərqli “həqiqətlər” öz əksini tapacaq. Amma maraqlıdır, görəsən bu rayonun sakinləri öz imzalarını hansı hesabatın altına atardılar?








