Yasamalda çoxmərtəbəli yaşayış binasında baş verən dəhşətli yanğında həyatını itirən azyaşlının atası, vəkil Əli Qəmbərov prezidentə müraciət edib.
Gununsesi.info həmin müraciəti təqdim edir:
“Sizlərdən xahiş edirəm ki, 21 noyabr 2025-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən yaşayış binasında baş vermiş yanğın hadisəsi ilə bağlı aparılan məhkəmə araşdırmasını diqqətdə saxlayasınız və iş üzrə qanunun aliliyi prinsipinin tam təmin olunmasına dəstək göstərəsiniz.
Mən bu müraciəti həm vəkil, həm də həmin faciədə qız övladını itirmiş bir ata kimi edirəm.
Bu iş üzrə yeganə tələbim həqiqətin tam şəkildə üzə çıxarılması, bütün halların obyektiv araşdırılması və məsuliyyət daşıyan şəxslərin qanun qarşısında cavab verməsidir.
Hesab edirəm ki, iş üzrə bütün əhəmiyyətli hallar tam və hərtərəfli araşdırılmalı, hadisənin baş verməsinə səbəb olmuş hərəkət və ya hərəkətsizliklər hüquqi qiymətini almalıdır. Heç bir faktın gizlədilməməsi, heç bir halın ört-basdır edilməməsi və heç bir şəxsin məsuliyyətdən kənarda qalmaması cəmiyyətin ədalətə olan inamı baxımından mühüm əhəmiyyət kəsb edir.
Xüsusilə qeyd edirəm ki, iş üzrə adı keçən “Loft”klinikasının fəaliyyəti, eləcə də hadisə ilə əlaqədar məsuliyyət daşıyan şəxslər Bəhruz Paşayev və Vüqar Abbasovun əməlləri qanunun tələblərinə uyğun olaraq tam və obyektiv şəkildə araşdırılmalıdır.
Bir ata olaraq itirdiyim övladımın xatirəsi, bir hüquqşünas olaraq isə qanuna olan hörmətim naminə bu iş üzrə yalnız bir tələbim var.
Həqiqət tam üzə çıxsın və ədalət bərqərar olsun!”
Qeyd edək ki, yanğın hadisəsi noyabrın 21-də Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında baş verib.Hadisə zamanı 2018-ci il təvəllüdlü Qəmbərli Arzu Əli qızı, 1983-cü il təvəllüdlü Məmmədov Samir Kamal oğlu və 1977-ci il təvəllüdlü Hümbətova Könül Vəlibəy qızı tüstüdən zəhərlənərək ölüblər. Eyni zamanda 25 nəfər tüstüdən zəhərlənib.









