
Əgər Ukraynada döyüş əməliyyatları dayandırılsa, Rusiyanın yeni genişmiqyaslı müharibəyə hazır olması zaman məsələsidir.
Axar.az xəbər verir ki, bu fikri Latviyanın Milli Silahlı Qüvvələrinin komandanı, general-mayor Kaspars Pudans DV-yə müsahibəsində bildirib.
O, xüsusilə Rusiyanın şimalında yeni hərbi obyektlərin tikilməsinə və Kremlin böyük ehtimalla “demobilizasiya olunmuşların yarada biləcəyi problemləri istəməyəcəyinə” diqqət çəkib:
“Beləliklə, ən ehtimal olunan ssenari qüvvələrin bizim şərq sərhədlərimizə yönləndirilməsidir. Əgər mən Kremldə otursaydım, deyərdim ki, “açıq pəncərəm” 2027–2029-cu illərdir. NATO hələ tam hazır deyil. 2030-dan sonra isə bu “pəncərə” bağlana bilər. Rusiya güclənsə də, eyni şey Avropa və NATO üçün də keçərlidir”.
Latviya sərhədlərində Rusiyanın aktivliyindən danışan Pudans “miqrantlarla təzyiq” hallarını qeyd edib və bildirib ki, Moskva həmçinin diversiyalar və qorxutma üsullarına üstünlük verir:
“Amma mənim fikrimcə, baş verənlər sadəcə Rusiyanın zəifliyini göstərir – onlar belə üsullara ona görə əl atırlar ki, daha böyük imkanları yoxdur. Eyni zamanda gözlənilməzlik effekti də itir. Hər belə addım bizi daha güclü edir, prosedurları yenidən nəzərdən keçirməyə, dayanıqlığı gücləndirməyə vadar edir, təkcə silahlı qüvvələri yox”.









