Uşağı “tərbiyə etmək məqsədilə” fiziki təsir göstərən və psixoloji olaraq sıxışdıran valideyn və müəllim cərimələnəcək.
Yeni dəyişiklik İnzibati Xətalar Məcəlləsinin 525-1-ci maddəsində əksini tapıb. Valideynlər (onları əvəz edən şəxslər), uşaqlara nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tibb, sosial xidmət, idman, mədəniyyət, istirahət müəssisələrinin və penitensiar müəssisələrin işçiləri tərəfindən uşağa qarşı cismani cəzanın tətbiqinə, yəni tərbiyə etmək məqsədilə və ya intizam tədbiri kimi uşağa qarşı fiziki və (və ya) psixoloji zorakılığın törədilməsinə görə 200 manat məbləğində cərimə ediləcək. İndi cəmiyyəti bir sual düşündürür.
Hansı daha effektivdir: 200 manat cərimə, yoxsa uşaq tərbiyəsi?
Mövzu ilə bağlı “Cümhuriyət”-ə açıqlamasında AĞ Partiyanın başqanı Tural Abbaslı bildirib ki, hər şeyi sərt şəkildə qanunlaşdırmaq düzgün nəticə verməyə bilər:
“Bu məsələ çox müzakirə və mübahisəli mövzulardandır. Çünki qanunun özündə anlayışların izahına ciddi ehtiyac var. Məsələn, “cəza tədbirləri”, “psixoloji təzyiq” kimi ifadələr olduqca geniş və qeyri-müəyyən məna daşıyır. Bu isə suallar yaradır: nəyə şiddət deyilir, hansı hallarda tətbiq olunan tədbir cəza hesab olunur, psixoloji təzyiq konkret olaraq nəyi əhatə edir?
Düşünürəm ki, hər şeyi belə qanuna salıb, qanuniləşdirib insanları robotlaşdırmaq olmaz. Bizim millət olaraq min illərdən bəri gələn ailə dəyərlərimiz, ailə münasibətlərimiz var. Sosial cəmiyyətdə münasibətlərimiz, məktəbdə şagird–müəllim münasibətləri var. Qədim vaxtlarda isə şagird–müəllim, ustad–müəllim və mədrəsədə müəllim–şagird münasibətləri sistemi vardı".
T. Abbaslı bu məsələlərin hamısını qanuniləşdirib, üstəlik yarımçıq hazırlanmış şəkildə qanuna salmağı doğru hesab etmir:
“Çünki bunun fəsadları çox ola bilər. Belə görünür ki, bu qanunların məqsədi əslində cəmiyyətdə uşaqların müdafiəsindən daha çox cərimələrin toplanması, bunun üçün hüquqi əsasların yaradılmasıdır.
Yoxsa hansı valideyn dünyaya gətirdiyi övladına işgəncə verər, döyər? Valideyn övladını sevdiyinə və onun gələcəyini düşündüyünə görə müəyyən təsir imkanlarından istifadə etməyə çalışır.
Yaxud müəllim nüfuz sahibi olmayan yerdə hansı şagird dərs oxuyar, hansı şagird nizam-intizama əməl edər, hansı şagird elm öyrənər?”
T. Abbaslı qeyd edib ki, hər şeyi qanuna salmaq düzgün deyil:
“Xüsusilə belə yarımçıq, “çiy” qanun layihələrini gətirib cərimə mexanizmləri ilə tətbiq etmək doğru deyil. Cəmiyyətimizdə istisnalar həmişə var – qatillər də, mərhəmətli insanlar da var.
İndi bir qatilə, yaxud istisna hallara görə minlərlə valideynin öz övladı qarşısında hansısa addımı atmasını qadağan etmək, yaxud müəllimlərə şagirdə söz deməyi məhdudlaşdırmaq düzgün deyil.
Məncə, bu, tam hazırlanmamış və Azərbaycan cəmiyyətinin reallıqlarını nəzərə almayan qanun layihəsi idi. Ümumiyyətlə, belə məsələlərin ictimai müzakirələri aparılmalıdır. Bizdə isə son dövrlər ictimai müzakirələr aparılmır, qanun layihələri qəbul olunandan sonra müzakirə edilir”.









