“Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yerləşən Mədəniyyət Mərkəzində qanunsuz uşaq bağçasının fəaliyyət göstərməsi ilə bağlı şikayətlərdən mənim də xəbərim var. Bunu heç kim özbaşına edə bilməz. Kimlərsə himayədarlıq edir ki, həmin xanım oranı bağça kimi işlədir. Bu qeyri-qanunidir. Mədəniyyət evidirsə bu aidiyyatı üzrə fəaliyyət göstərməlidir. Dərnəklər olmalıdır, rəqsdən, musiqidən, muğamdan uşaqlara dərs deyilməlidir. Mədəniyyət evində bağçanın nə yeri var?! Hamı pula qaçır, mədəniyyət kimə lazımdır ki?! Bir sənətkar kimi buna pis baxıram. Bu məsələyə təkcə mən yox, bir çox ziyalılarımız, mədəniyyət xadimlərimiz münasibət bildirməlidirlər. Kimlərsə müftə pul qazanacaq deyə mədəniyyətimiz məhv olub getməlidir?!. Amma dövlət tərəfindən hər şeylə təmin olunan xalq artistləri bir kəlmə də demirlər. Onlar “məndən ötsün qardaşıma dəysin” devizi ilə yaşayırlar. Sən hər şey qazanmısan deyə danışmamalısan?! Elə məxsusi sən danışmalısan da”.
Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Elza Qaybalıyeva deyib.
O daha sonra hazırda işsiz olduğunu və adıçəkilən mədəniyyət mərkəzində bağçanın fəaliyyətinə son qoyulduqdan sonra orada pedaqoji fəaliyyətlə də məşğul olmaq istədiyini bildirib:
“Mədəniyyət evlərində işsiz mədəniyyət adamları gedib işləməlidir. Mən uzun müddətdir işsizəm və həmin mədəniyyət evində işləmək istərdim. Orada bağça yarada bilirlər, gör bir dəfə çağırıb deyiblərmi ki, gəl burada muğamdan, musiqidən uşaqlara dərs de?! Mən dəfələrlə Mədəniyyət Nazirliyinə müraciət etmişəm, amma heç bir cavab gəlməyib. Mədəniyyətə töhfə vermişəm. Niyə bir mədəniyyət evində mənə iş tapılmır? Elə Qızıldaş qəsəbəsindəki Mədəniyyət Mərkəzində də işləyə bilərəm. Həqiqətən də orada işləmək istərdim. İnsan işləyəndə həm formada olur, həm cəmiyyətə alışır. İşsiz qalmışam deyə məni görənlər deyir ki, nə yaman qocalmısan?! Evin içində işsiz qalanda əlbəttə ki, adam çökər”.
Elza Qaybalıyeva efirlərdəki dəyişikliklərdən də danışıb:
“Efirlər nisbətən dəyişib, abıra düşüb, bayağılıq yığışdırılıb. Dəvət etsələr əlbəttə ki, gedərəm. İnşallah ki, biz də yada düşərik”, - deyə sənətkar bildirib.









