ABŞ administrasiyası İraq hökumətinə dollar tədarükünün bir hissəsini dayandırıb. Buna səbəb Vaşinqtonun İraqda İran yönümlü silahlı qrupların fəaliyyətinə görə artan narazılığı göstərilir.
Globalinfo.az xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb.
Nəşr yazır ki, məhdudiyyət İraq neftinin satışından əldə edilən təxminən 500 milyon dollara şamil olunub:
“Bu vəsaitlər hələ ABŞ-ın İraqda olduğu dövrdə bağlanmış razılaşma çərçivəsində ölkəyə ötürülürdü və əsasən İraq dinarının məzənnəsini sabit saxlamaq üçün istifadə edilirdi.
Dayandırılan məbləğ ümumi axının yalnız təxminən 5 faizini təşkil etsə də, bu addım Bağdad hakimiyyətində ciddi narahatlıq yaradıb. Yerli rəsmilər ABŞ-ın bu cür inzibati addımlarının ölkənin onsuz da kövrək olan iqtisadiyyatına ağır zərbə vura biləcəyindən ehtiyat edir.
İraq diplomatik mənbələrindən biri bildirib ki, dollar axını ölkənin xarici valyutaya çıxışının əsas mənbəyidir. Bu kanal bağlanarsa, hökumət ciddi çətinliklərlə üzləşə bilər.
Mövcud vəziyyət İraqda baş nazir postu uğrunda siyasi mübarizə fonunda daha da mürəkkəbləşib. Şiə koalisiyası hökumət başçısının seçimi prosesinə ciddi təsir göstərir”.










