Azərbaycanda həbsdə olan separatçı Ruben Vardanyan ailəsi ilə telefon danışığı aparıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Sputnik Ermənistan” yayıb.
Bildirilib ki, söhbət zamanı R.Vardanyan Ermənistan ombudsmanı Anait Manasyana müraciət ünvanlayıb.
O, həmin müraciətində Manasyanı Bakıya səfərinin təşkil edilməsi imkanlarını nəzərdən keçirməyə çağırıb. Onun sözlərinə görə, hətta həyat yoldaşı Veronika Zonabend bu səfərdə Manasyanı müşayiət etməyə hazırdır.
Məlumata görə, Vardanyan bu yaxınlarda Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva ilə görüşdüyünü xatırladıb və bu görüş zamanı özünün və Bakıda həbsdə olan digər ermənilərin saxlanma şəraiti ilə bağlı bir sıra məsələləri qaldırıb.
“Azərbaycan ombudsmanı ilə görüşdə qeyd olundu ki, sizin Bakıya səfər imkanınız artıq müzakirə edilib və Azərbaycan tərəfi bu səfərin təşkilinə yardım etməyə hazır olduğunu bildirib. Lakin bu təşəbbüs hələ həyata keçirilməyib”, - deyə Vardanyanın Manasyana müraciətində qeyd olunub.
Xatırladaq ki, martın sonunda Səbinə Əliyeva və Milli Preventiv Mexanizm (MPQ) üzvləri Dövlət Təhlükəsizliyi Xidmətinin Müvəqqəti Saxlama Yeri və İstintaq Təcridxanasına başçəkmə həyata keçirib. Başçəkmə prosesi çərçivəsində S.Əliyeva barəsində 20 illik həbs qərarı verilmiş Ruben Vardanyanla da görüşüb.









