2026-cı ilin ilk 3 ayı Azərbaycanda narkotiklərlə mübarizənin miqyasını və eyni zamanda problemin nə qədər dərin olduğunu bir daha ortaya qoydu. Rəqəmlər sadəcə statistik deyil – bu, cəmiyyətə yönəlmiş real təhlükənin ölçüsüdür. Musavat.com xəbər verir ki, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının açıqladığı hesabat göstərir ki, cəmi 3 ayda 2443 cinayət faktı aşkarlanıb. Bu faktların böyük əksəriyyəti - 1889-u narkotiklərin qanunsuz saxlanılması, 549-u isə birbaşa satışla bağlıdır.
3 tona yaxın “ölüm yükü”
Ən diqqətçəkən məqam isə müsadirə olunan narkotiklərin həcmi ilə bağlıdır. Hüquq-mühafizə orqanları tərəfindən qanunsuz dövriyyədən çıxarılan narkotiklərin ümumi çəkisi 2 ton 896 kiloqramdan çoxdur. Bu, bazar dəyəri ilə təxminən 76 milyon manat deməkdir. Bu “ölüm yükü”nün böyük hissəsini - 85,5 faizini marixuana təşkil edir. Daha təhlükəli məqam isə budur ki, bu marixuananın böyük qismi xarici ölkələrdən gətirilərək psixotrop maddələrlə zənginləşdirilib. Yəni artıq söhbət sadə narkotikdən yox, daha ağır təsirli sintetik qarışıqlardan gedir.
Hesabat göstərir ki, narkotiklərin ölkəyə daxil olmasında xarici faktor hələ də ciddi rol oynayır. Təkcə 3 ay ərzində 44 qaçaqmalçılıq faktı aşkarlanıb və bu yolla ölkəyə gətirilən narkotiklərin çəkisi 759 kiloqramdan çoxdur. Məsuliyyətə cəlb olunanlar arasında 13 xarici ölkə vətəndaşı da var. Onlardan 112 kiloqrama yaxın narkotik maddə götürülüb. Bu fakt Azərbaycanın regionda tranzit və hədəf bazar kimi istifadə olunmağa çalışıldığını deməyə əsas verir. Statistika göstərir ki, narkotik cinayətləri tək fərdi deyil, həm də təşkilatlanmış xarakter daşıyır. 54 fakt qrup halında törədilib. Daha narahatedici məqam isə budur ki, 500 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilib. Bu isə onu göstərir ki, cəza mexanizmləri bəzən təkrar cinayətlərin qarşısını almaqda yetərli olmur və narkotik dövriyyəsi müəyyən qruplar üçün “peşəkar fəaliyyətə” çevrilir.
Artım da, azalma da var
2025-ci ilin eyni dövrü ilə müqayisədə narkotiklərlə bağlı cinayətlərin sayı 118 fakt artıb. Xüsusilə saxlanılma ilə bağlı faktlarda ciddi yüksəliş var. Amma bəzi istiqamətlərdə azalma da müşahidə olunur. Məsələn, psixotrop maddələrin çəkisi və digər narkotiklərin həcmi müəyyən qədər azalıb. Bu isə mübarizənin müəyyən sahələrdə effekt verdiyini göstərir. Rəqəmlər təkcə kriminal vəziyyəti deyil, həm də ictimai sağlamlıq problemini açıq şəkildə göstərir. 21 mindən çox insan müayinə üçün yönləndirilib və onlardan 736 nəfərin narkotik istifadəçisi olduğu müəyyən edilib. Hazırda ölkədə 698 nəfər metadon proqramı ilə müalicə alır. Sevindirici məqamlardan biri isə inyeksion narkotik istifadəçiləri arasında İİV-ə yeni yoluxma hallarının azalmasıdır. “802” qaynar xəttinə daxil olan 183 müraciət göstərir ki, cəmiyyət bu problemlə bağlı daha aktiv mövqe tutur. Bu müraciətlər əsasında cinayət işlərinin açılması və istifadəçilərin müalicəyə yönləndirilməsi isə vətəndaş iştirakının əhəmiyyətini ortaya qoyur. Bu statistika iki mühüm nəticəni ortaya qoyur.
Birincisi, hüquq-mühafizə orqanları narkotiklərlə mübarizədə ciddi nəticələr əldə edir. İkincisi isə problem hələ də sistemli və geniş miqyaslıdır. Azərbaycan bu gün narkotik tranziti və yayılması ilə bağlı həm daxili, həm də xarici təzyiqlərlə üz-üzədir. Rəqəmlər göstərir ki, mübarizə sərtləşir. Amma “qara bazar” da geri çəkilmir.
Musavat.com








