Xaçmazda kişi diplom almaq istəyən dostunun oğluna qarşı dələduzluq edib.
Lent.az xəbər verir ki, işlədiyi yerdən diplom tələb olunan Rauf Mustafayev (soyad şərtidir) adlı gənc 49 yaşlı Samir Nəzərova (soyad şərtidir) bildirib. Samir əvvəllər onların evinin yaxınlığında usta işləyib. Həmçinin Raufun atasının dostudur. O, Raufa Odlar Yurdu Universitetindən diplom verə biləciyini və bunun üçün 9 min manat lazım olduğunu deyib.
Tərəflər razılaşıblar. Razılığa əsasən, Rauf əvvəlcə 6 min manat, diplomu alandan sonra isə 3000 manatı da verəcəkmiş. Lakin Samir isə verdiyi sözü tutmayıb və aldığı pulları da öz ehtiyaclarına sərf edib. Aldandığını görən gənc polisə şikayət edib.
Nəticədə Samir Nəzərov saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq, xeyli miqdarda törədildikdə) maddəsilə cinayət işi başlanıb.
Xaçmaz rayon Məhkəməsində hakim Samir Bayramovun sədrliyi ilə keçirilən prosesdə Samir Nəzərov 2 il 2 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.