“Ermənistan öz dövlət rəmzlərini rəhbər tutur və Ermənistan pasportlarına vurulan möhür Ermənistan və onun dövlətçiliyi ilə bağlı simvolları ifadə etməlidir”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentindəki hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının katibi Artur Ovannisyan ölkəyə giriş-çıxış zamanı vurulan möhürdən Ağrı dağı simvolunun çıxarılması ilə bağlı sualı cavablandırarkən deyib.
Deputatın sözlərinə görə, dövlət rəmzlərində ifrat emosionallıq (qonşulara ərazi iddialarını ehtiva edən işarələr – red.) olmamalıdır.
“Qonşularımızla münasibətlərdə Almatı bəyannaməsini əsas götürürk. Niyə? Çünki bizim hər bir hərəkətimiz - istər imza, istərsə də bəyanat şəklində olsun, heç bir halda qonşu ölkələrə təhlükəli mesajlar ötürməməlidir”, - Ovannisyan bildirib.
Xatırladaq ki, Ağrı dağı Türkiyə ərazisində yerləşir. Bu, ölkənin ən hündür dağıdır. Ermənilər illərdir Türkiyənin bu ərazisinə əsassız iddialar irəli sürürlər. Bu iddia Ermənistan Konstitusiyasında da öz əksini tapıb. Burada Azərbaycana qarşı da ərazi iddiaları yer alır. Rəsmi Bakı bunu əsas gətirərək, yekun sülh müqaviləsinin imzalanması üçün Ermənistandan Konstitusiyanın bu hissəsinin dəyişdirilməsini tələb edib.