Xarici İşlər Nazirliyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) danışıqlar qruplarının rəhbərləri və Konvensiyanın tərəfi olan bəzi seçilmiş dövlətlərin nümayəndələrinin iştirakı ilə keçiriləcək builki qeyri-rəsmi görüşlə bağlı 2 tenderin nəticələrini açıqlayıb.
"DİA-AZ" xəbər verir ki, mehmanxana xidməti, zalların icarəsi, şam yeməyi və kofe fasiləsinin təşkili üzrə tenderin qalibi "Yeni Shamakhi Hotel Company” MMC (Shamakhı Palace) (VÖEN: 8400518331) olub. Qalib şirkətlə bağlanan müqavilənin ümumi dəyəri 157 615 AZN təşkil edir.
Qeyd edək ki, "Yeni Shamakhi Hotel Company” MMC 2013-cü ildə təsis olunub, nizamnamə kapitalı 55 milyon 971 min 165 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Süleyman Məmmədov Yaşar oğludur. Hüquqi ünvanı Şamaxı rayonu, Şərədil kəndində yerləşir.
Eyni zamanda, xaricdən dəvət olunmuş qonaqların aviabiletlərinin alınması ilə bağlı elan olunmuş digər tenderdə isə “Paşa Travel” MMC (VÖEN: 1700247421) qalib seçilib. Müqavilənin dəyəri 145 435 AZN məbləğində müəyyənləşdirilib.
Qeyd edək ki, “Paşa Travel” MMC 2004-cü ildə təsis olunub, nizamnamə kapitalı 250 min 50 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Bəhruz Əsgərov Fikrət oğludur. Hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 151-də yerləşir.
Beləliklə, ümumilikdə iki tender çərçivəsində Xarici İşlər Nazirliyi tərəfindən təqribən 303 min AZN məbləğində müqavilə imzalanıb. Bu müqavilələr üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməmişdir (elektron satınalma deyil).