Əgər onun üçün faydalıdırsa, Rusiya “Tramp marşrutu” (Zəngəzur dəhlizi) məsələsində Ermənistanı dəstəkləyir. Bu sözləri Rusiya Baş nazirinin müavini Aleksey Overçuk deyib. Overçuk məsələni nəzərdən keçirdiklərini və Ermənistanın strateji müttəfiqləri olduğunu bildirib.
Politoloq Yusif Bağırzadə mövzu ilə bağlı Sherg.az-a açıqlamasında qeyd edib ki, Rusiya-Ukrayna müharibəsi 2022-ci ildən bəri bütün dünyanın gündəmini dəyişib:

“Müharibə ortaq yollara, koridorlara nəzarət edən dövlətlər arasında da ciddi rəqabəti başladıb. 2020-ci ildə Azərbaycan ilə Ermənistan arasında baş vermiş İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan öz qanuni ərazilərini erməni işğalından azad etdi. Həmin vaxtdan etibarən Azərbaycanın prioritetlərindən biri Zəngəzur dəhlizinin açılması məsələsidir. Bu dəhliz üzərində nəzarəti ələ keçirmək və ya onun açılmasına mane olmaq məqsədilə bir neçə dövlət bu gün də diplomatik mübarizə aparır. Bu mübarizənin önündə İran dayanır, daha sonra isə Rusiya gəlir. Zəngəzur dəhlizi təkcə Azərbaycan və Ermənistan üçün deyil, həm də Cənubi Qafqaz, Türkiyə və Mərkəzi Asiya ölkələri üçün strateji əhəmiyyət daşıyır. Hazırda Türkiyə həm İran, həm də Rusiya qazından asılı vəziyyətdədir. Türkiyənin öz qaz ehtiyatları olsa da, onları dünya bazarına çıxarmaqda çətinlik yaşayır".
Siyasi ekspert Qazaxıstanın da böyük neft ehtiyatlarının olduğunu və bu ehtiyatların əsasən Rusiya üzərindən ixrac edildiyini söyləyib:
"Sözügedən dəhliz işə düşsə, onun kim tərəfindən idarə olunmasından asılı olmayaraq, həmin dövlət həm Avropaya, həm də Orta Asiyaya çıxış və nəzarət imkanlarını əldə edəcək. Bu dəhlizin fəaliyyətə başlaması Türkiyənin İran və Rusiyadan enerji asılığını azaldacaq, eyni zamanda Qazaxıstan və digər türk dövlətlərinin də Rusiyadan asılılığını aradan qaldıra bilər. ABŞ Prezidenti Donald Trampın bu dəhlizlə bağlı verdiyi bəyanat da diplomatik bir addımdır. O, dəhlizə müdaxilələrin olmaması üçün öz adını belə layihəyə bağlayıb. Bu da göstərir ki, gələcəkdə bu dəhlizə İran və Rusiyanın təsir imkanları məhdud olacaq. Çünki artıq bu layihənin arxasında Türkiyə və Vaşinqton dayanır. Əlavə olaraq 2022-ci ildə Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış razılaşmaya görə, dəhlizə nəzarətin Rusiya sərhəd qoşunlarına verilməsi nəzərdə tutulurdu. Lakin bu məsələ artıq aktuallığını itirib. İndi vəziyyət tam dəyişib və yeni reallıqlar formalaşıb".
Politoloq bu layihənin əhəmiyyəti baxımından XXI əsrin ən böyük geostrateji, iqtisadi layihələrindən birinə çevrilə biləcəyini vurğulayıb:
"Bu dəhlizin dəyəri 10-20 milyard deyil, 100 milyard dollardan yuxarı qiymətləndirilə biləcək miqyasda olacaq. Müqayisə üçün XX əsrdə bu səviyyədə layihə kimi Trans-Ərəb magistralı qeyd edilə bilər, hansı ki, Səudiyyə Ərəbistanının enerji resurslarını dünya bazarına çıxarmaq məqsədi daşıyırdı. Eyni şəkildə Zəngəzur dəhlizi də XXI əsrin "Trans-Ərəb magistralı" ola bilər. Bu baxımdan “Trump Route” adlandırılan bu dəhliz yalnız regional deyil, qlobal iqtisadi və strateji maraqlar baxımından da əhəmiyyət daşıyacaq".