İtaliyanın Baş naziri Corcia Meloni ilə Fransa Prezidenti Emmanuel Makron arasında Ukrayna məsələsinə görə mübahisə yaranıb. Məlumata görə, Meloni Fransa, Almaniya, Böyük Britaniya və Polşa liderlərinin İstanbulda Rusiya və Ukrayna arasında baş tutan uğursuz danışıqların nəticələri ilə bağlı müzakirəsinə qatılmayıb.
İtaliya baş naziri digər Avropa liderlərinin ona məhəl qoymadığını və Ukraynaya qoşun göndərmək istəmədiklərini bildirib. Onun bu açıqlaması Fransa prezidentini qəzəbləndirib. Makron nə Albaniyadakı görüşdə, nə də ABŞ Prezidenti Donald Trampla liderlərin telefon danışığında qoşunların yerləşdirilməsi məsələsinin müzakirə olunduğunu söyləyib. O, hətta Melonini yalan məlumat yaymaqda ittiham edib. Məsələ iki lider arasında qalmaqala səbəb olub. Almaniyanın kanslerinin hazırda tərəfləri sakitləşdirməyə çalışdığı iddia edilir.
Globalinfo.az-a danışan siyasi şərhçi Mütəllim Rəhimli deyib ki, ABŞ və Avropa ölkələri Ukraynada davam edən müharibəyə fərqli şəkildə və öz maraqlarına görə yanaşırlar:
“Bütün tərəflər bu müharibədən daha çox faydalanmaq istəyir. Avropa ölkələri Trampın prezidentliyə başladığı ilkin vaxtlarda öz mövqelərini açıq və təkidli şəkildə müdafiə etsələr də, artıq bunu xeyli diplomatik formada irəlilətməyə çalışırlar. ABŞ ilə birbaşa və açıq konfliktlərdən yayınmağa cəhd göstərirlər. Amma Ukraynada siyasi və iqtisadi maraqlarından geri çəkilmək də istəmirlər.
Bu müharibə müddətində Avropa İttifaqı (Aİ) daxilində zaman-zaman ciddi fikir ayrılıqlarının üzə çıxması müşahidə olunub. Lakin İttifaqın iri ölkələri – Almaniya, Fransa və İtaliya prosesə aktiv müdaxilə edərək, fərqli fikirlərin ortaya atılmasına mane olublar. Buna baxmayaraq, zaman keçdikcə prosesi tamamilə nəzarət altında saxlamaq çətinləşir”.
Mütəllim Rəhimli
Ekspertin sözlərinə görə, Fransa Prezidenti Emmanuel Makron indiyədək bir neçə dəfə Ukraynaya qoşun yerləşdirilməsi təşəbbüsü ilə çıxış edib:
“Hətta bununla bağlı Avropanın bir neçə ölkə başçısının görüşü təşkil edildi. Makron açıqlamalarında Ukraynaya göndərə biləcəyi qoşun sayını da bəyan etməkdən çəkinməmişdi. Görünür, indi İtaliyanın baş naziri Meloni də məhz Fransa prezidentinin bütün bu təşəbbüslərinə praktik cavab istəyir. Makronun mövqeyini tez-tez dəyişdirməsi və qeyri-stabil davranışı artıq əsəbləri tarıma çəkib.
Meloni artıq Fransa liderinin mövqesizliyini, ikili oyunlarını qəbul etmir. Ukraynaya münasibətində də səmimi olmadığını görür. Makronun niyyəti ilə danışdıqları arasındakı kəskin fərq baş naziri kəskin reaksiya verməyə məcbur edib. Görünür, bundan sonra İtaliya da Ukraynadan payını almaq üçün şərtlər qoyacaq. Bu hadisə Ukrayna məsələsinə ABŞ ilə Avropa arasında yaranmış kəskin fikir ayrılığından sonra eyni mövqeni bölüşən ölkələrinin parçalanması deməkdir. Vəziyyəti yaxşı dərk edən Almaniya və Böyük Britaniyanın liderləri, o cümlədən Avropa İttifaqının rəhbərliyi təhlükənin qarşısını almaq üçün səfərbər olublar. Əks halda, Avropa ölkələri Ukrayna məsələsində tamamilə biabırçı vəziyyətə düşə bilər”.