
ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanı ələ keçirmək təhdidləri Danimarkanı getdikcə daha çox narahat edir.
"Report" xəbər verir ki, bunu Danimarkanın keçmiş baş naziri və NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen "Politico"ya müsahibəsində söyləyib.
O vurğulayıb ki, Qrenlandiya Danimarkanın bir hissəsidir və qrenlandiyalılar amerikalı olmaq istəmirlər:
"Amerikalı prezidentin müttəfiqi təhdid etməsini utanmazlıq hesab edirəm. Danimarka Birləşmiş Ştatların ən yaxın və ən etibarlı müttəfiqlərindən biridir", - Rasmussen deyib.
Onun sözlərinə görə, son onilliklərdə ABŞ orada baza yaratmaq hüququna malik olsa da, Qrenlandiyada hərbi mövcudluğunu yalnız azaldıb.
"Məsələ ondadır ki, Qrenlandiya NATO-nun bir hissəsidir. Əgər Birləşmiş Ştatlar onun müdafiəsindən narazıdırsa, biz müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsinə görə minnətdar olardıq", - keçmiş baş katib əlavə edib.