
Avropa siyasətçiləri və diplomatları ABŞ vitse-prezidenti Ceyms Vensin Münxen Təhlükəsizlik Konfransındakı çıxışının şokundan hələ ayılmayıblar.
Teleqraf xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
“Avropalılar bu çıxışı Rusiya Prezidenti Vladimir Putinin 2007-ci ildə Münxen konfransındakı çıxışına bənzədirlər. Həmin çıxış da avropalılarda şok effekti yaratmışdı. Putin məhz həmin çıxışdan sonra işğal planlarını həyata keçirməyə başladı, bir il sonra Gürcüstanla müharibə oldu, nəticədə Cənubi Osetiya və Abxaziya işğal edildi, 6 il sonra Krım, 15 il sonra isə Ukraynanın işğalı gerçəkləşdi”, - ekspert bildirib.
Elxan Şahinoğlunun sözlərinə görə, Vens Münxendəki çıxışında ərazilərin nəzarətə götürülməsiylə bağlı ABŞ Prezidenti Donald Trampın fikirlərini təkrarlamasa da, Avropanın ünvanına elə sərt tənqidlər söylədi ki, Rusiya və Çin arxa plana keçdi:
“Belə görünür ki, Trampın hakimiyyətdə olacağı 4 ildə ABŞ ilə Avropa arasında fikir ixtilafı dərinləşməkdə davam edəcək. Bu, yalnız Ukrayna müharibəsiylə əlaqəli deyil, Tramp administrasiyasının konseptual məsələlərdə Brüssellə dərin fikir ayrılığı var”.