![Öz “ayağına” güllə atan Rusiya Öz “ayağına” güllə atan Rusiya](https://dia-az.info/uploads/posts/2025-02/thumbs/1739271097_777.jpeg)
Rusiya mətbuatında, özəlliklə Kremlə yaxın KİV-lərdə Azərbaycan əleyhinə çirkin antitəbliğat kampaniyası səngimir. Son günlər bu ölkənin media məkanında ümumən postsovet türk dövlətləri vaxtaşırı hədəfə alınır, onların ünvanına şər-böhtan, təhdidlər yağdırılır. Təbii ki, əhalisinin mühüm hissəsi ruslar olan Qazaxıstan da tez-tez “yada” düşür.
Bu yöndə imperiya təfəkkürlü media resursu “Tsarqrad” xüsusi fərqlənir. İki gün öncə o, Tokayevin hakimiyyətini “rejim” adlandırarmış, Qazaxıstanın suverenliyi təhdid edən, növbəti hədələyici fikirlər səsləndirmişdi. Bəs Türk dövlətlərinin kontr-tədbirləri nə olmalıdır?
Qazax publisist Arman Şorayevə görə, türk xalqları rus təcavüzünə müqavimət göstərmək üçün birləşməlidir. Bu barədə o, Minval.az-a açıqlamasında bildirib.
“Biz çoxdan rus təbliğatçılarının və deputatlarının hücumlarına öyrəşmişik. Təəssüf ki, Rusiyanın çox sayda sakini rus şovinizminin və imperializminin təsiri altındadır, ondan qurtulmaq istəmir. Bu atavizmin (keçmişin lazımsız qalığı – red.) sonu gəlmir ki, gəlmir”, - Şorayev deyib.
O, bu cür materialın “Tsarqrad” resursunda dərc olunmasını təsadüfi saymır: “Çünki onun yaradıcısı Konstantin Malofeyev keçmiş imperiya üçün nostaljisi keçirən pravoslav oliqarx və monarxistdir. Amma necə deyərlər, imperiyanın süqutu yaxınlaşdıqca onun qaydaları və ayrı-ayrı şəxslərin bəyanatları bir o qədər absurd şəkil alır”.
Onun fikrincə, Rusiya siyasətçiləri heyrətamiz ardıcıllıqla öz ayaqlarına güllə atırlar. “Ona görə ki, Azərbaycan da Qazaxıstan kimi Rusiyaya qarşı kifayət qədər dözümlü yanaşan ölkə idi. Belə “siyasətçilər” və onların yöndəmsiz bəyanatları sayəsində rusofobiyanın səviyyəsi yüksəlir”, - ekspert vurğulayıb.
Anti-Azərbaycan kampaniyasına toxunan analitik bütün bunların Rusiya ilə “pis zarafat” edəcəyinə əmindir: “Düşünürəm ki, Putin qazana biləcəyindən on dəfə çox itirəcək. Ona görə ki, Rusiyaya həqiqi dost ölkələrin sayı getdikcə azalır. Belə getsə, onların Belarus, Şimali Koreya və İrandan başqa dostu qalmayacaq”.
Qazax publisist istənilən halda türk dövlətlərini vəziyyətdən zəruri nəticələr çıxarmağa və ifrata varmamağa çağırıb: “Hesab edirəm ki, biz, siz və digər türklər birləşmə haqqında bir daha düşünməliyik. Çünki biz birlikdə ortaq türk dili və adət-ənənələri ilə birləşmiş çoxmilyonlu xalqı təmsil edirik. Kollektiv təhlükəsizliklə bağlı ümumi müqavilələrimiz, ümumi ordumuz, qarşılıqlı müdafiə ilə bağlı öhdəliklərimiz olmalıdır. Biz birləşməliyik və bu, Rusiyanın təcavüzünə, onun hər şeyə rəğmən, postsovet məkanında təbliğ etməyə çalışan müstəmləkə və imperiya siyasətinə qarşı yeganə güclü antidot olacaq. Konkret qərarlar, konkret ittifaqlar, o cümlədən müdafiə xarakterli qurumlar vasitəsilə rusları illüziyalardan azad etmək lazımdır”...
Əlbəttə, özünün imperiya maraqları naminə dinbir, dilbir Ukrayna xalqına belə rəhm etməyən, qonşu slavyan dövlətinin başına oyunlar açan, müsibətlər gətirən, şəhərlərini alt-üst edən Rusiya digər postsovet ölkələrinə nə baxır. Moskvanı çəkindirən ciddi amillər, əngəllər olmasaydı, o çoxdan “Ukrayna eksperimenti”ni “yaxın xaric” saydığı başqa qonşular üzərində də sınaqdan çıxarardı.
Hələ Qazaxıstan Rusiyanın dominant olduğu KTMT-nin, Avrasiya İqtisadi Birliyinin, Gömrük İttifaqının sadiq üzvüdür, eyni qurumlarda təmsil olunmuş Ermənistandan fərqli olaraq Moskvaya qarşı hər hansı demarş etməyib...
Yeri gəlmişkən, məhz “velikorus” şovinizminin nəticəsidir ki, hətta Rusiyanın rəsmən müttəfiqi hesab olunan Ermənistan Azərbaycanla danışıqlarda Moskvanın vasitəçiliyini bir daha rədd edib.
“İrəvan çətin ki, Rusiyanın Azərbaycanla danışıqlarda vasitəçilik səylərini qəbul etsin”.
Bu sözləri bu gün Ermənistan parlamentin spikeri Alen Simonyan deyib.
“Məncə, bu, mümkün deyil. Əlbəttə, biz hər bir konkret təklifi müzakirə edirik, lakin keçmiş təcrübələr çoxlu pis xatirələr saxlayıb”, - Simonyan əlavə edib.
Ermənistanın sülh müqaviləsi ilə bağlı “nala-mlxa” vurması öz yerində, ancaq aydındır ki, etibar edilməyən, öz qonşularının ərazi bütövlüyü və suverenliyinə barmaqarası baxan dövlətdən qərəzsiz vasitəçi çıxmaz. Bu təkcə Moskvaya yox, digər iddialı paytaxtlara da aiddir...
Təsadüfi deyil ki, prezident Putin başda olmaqla Moskva rəsmiləri N.Paşinyanın Qarabağı rəsmən Azərbaycanın tərkib hissəsi saymasını (6 oktyabr 2022, Praqa üçtərəfli sənədi) hələ də “həzm edə” bilmirlər. Ona görə yox ki, Kremlin ermənilərə ürəyi yanır, o səbəbdən ki, Moskvanın Güney Qafqazda “parçala, hökm sür” imperiya siyasətinə xidmət edən əsas rıçaqlardan biri – “Qarabağ kartı” əldən çıxıb.
Ancaq bu, bizim tandığımız Rusiyadırsa, türk dövlətləri şimaldan həmişə pislik gözləməlidir. Odur ki, bəlkə elə Türkiyə və Azərbaycanın moderatorluğu ilə “Türk NATO-su” və ya “Turan” hərbi birliyini inşa etmək zamanı çatıb?
Nə yaxşı ki, son vaxtlar bu yöndə, xüsusilə də Bakı, Ankara, Astana, Daşkənd və Bişkek arasında iki və çoxtərəfli formatda, Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində hərbi və hərbi-texniki əməkdaşlıq da xeyli genişlənib. Ortaq təlimlərin sayı artıb. Qalır prosesi məntiqi sonluğuna çatdırmaq. Çünki Moskvanın anlayacağı yeganə dil budur – GÜC...
Musavat.com