Ermənistan parlamentində "Şərəfim var" fraksiyasının üzvü Tiqran Abramyan hökumətin son mövqeləri və bəyanatları ilə bağlı narazılığını ifadə edib.
Musavat.com-un məlumatına görə, o, bildirib ki, hökumətin bəzi nümayəndələri Azərbaycanın şərtləri ilə müqavilə bağlamağın zəruriliyini vurğulayıb və bunu Ermənistan ordusunun Azərbaycana qarşı döyüşmək şansının olmadığını əsas gətirərək müdafiə ediblər.
Abramyanın sözlərinə görə, baş nazir Nikol Paşinyan ordunun rolunu azaltmağa çalışaraq, "ordunu müqəddəsləşdirməmək" çağırışı ilə çıxış edib və ölkənin qəhrəmanlarının yalnız vergi ödəyiciləri olduğunu bəyan edib. Deputatın fikrincə, bu cür bəyanatlar cəmiyyətdə müxtəlif sosial zümrələr arasında gərginlik yaratmaq məqsədi güdə bilər.
Abramyan hökumətin bu yanaşmasının cəmiyyətin həmrəyliyini pozduğunu və milli təhlükəsizlik baxımından ciddi risklər yaratdığını vurğulayıb. O, Ermənistanın mövcud vəziyyətinin və regiondakı çağırışlarının daha məsuliyyətli və milli maraqlara uyğun yanaşma tələb etdiyini bildirib.