Almaniyanın xarici işlər naziri Annalena Berbok ötən gün Ermənistana səfər edib. O, əvvəlcə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla ikitərəfli görüş keçirib, daha sonra geniştərkibli heyətlə müzakirə aparılıb.
Noyabrın 15-də Almaniyanın kansleri Olaf Şoltsun Rusiya Prezidenti Vladimir Putinə zəng etməsindən sonra XİN başçısının İrəvana səfəri diqqət çəkir.
Berlin postsovet məkanında nəyə nail olmağa çalışır? Almaniyanın xarici işlər naziri Annalena Berbokun Bakıya da səfəri gözlənirmi?
Globalinfo.az-a danışan analitik Aqşin Kərimov deyib ki, rəsmi Berlin Rusiya-Ukrayna müharibəsinin tənzimləməsi üçün Almaniyanı etibarlı vasitəçi statusuna qaldırmaq istəyir:
“Müharibənin Avropa İttifaqına (Aİ) təsirlərini birbaşa hiss edən Almaniya özünü risklərdən sığortalamaqda maraqlıdır. Bu səbəbdən Olaf Şolts Vladimir Putinlə telefon danışıqları aparır. Əslində əvvəllər də tərəflərin arasında əlaqə olub. Lakin Rusiyanın hücum kampaniyalarını davam etdirməsi və maksimalist ambisiyalarını qorumaq üçün iddialarla çıxış etməsi Almaniyanı çətin vəziyyətə saldı. Buna görə də danışıqlar prosesi donduruldu.
Analitikin sözlərinə görə, Almaniyanın Rusiyadan enerji asılılığı var:
“Müharibənin miqyasının genişlənmə riskləri Berlin üçün daha çətin vəziyyət yarada bilər. Buna görə Vladimir Putinlə danışıqlar masasına əyləşməkdə maraqlıdır. Xarici işlər naziri Annalena Berbokun indiki vəziyyətdə Cənubi Qafqaza səfəri diqqətəlayiqdir. Rəsmi Berlin iki regionda baş verən prosesləri vahid geosiyasi məkan kimi başa düşür. Almaniyanın postsovet məkanında maraqları var”.