NATO ölkələri Ankarada keçiriləcək sammitin yekun bəyanatı ilə bağlı razılığa gələ bilmirlər.
Bu barədə "Bloomberg" məlumat yayıb.
Nəşrin yazdığına görə, fikir ayrılığı Ukraynaya hərbi yardımın müddəti və Şərqi Avropada yanacaq kəmərlərinin maliyyələşdirilməsi ilə bağlı yaranıb.
Məlumata əsasən, danışıqlar əsasən İtaliyanın mövqeyinə görə uzanıb. Roma Ukraynaya gələn ilin sonunadək hərbi yardım göstərilməsi ilə bağlı müddəanın daha yumşaq formada ifadə olunmasını tələb edir.
İtaliya hesab edir ki, sənəddə 2027-ci ilin konkret göstərilməsi müharibənin daha tez danışıqlar yolu ilə başa çatması ehtimalını istisna edir. Bu səbəbdən Roma yekun sənəddən 2027-ci ilə istinadın çıxarılmasını istəyir və bunu Moskva ilə diplomatik təmasların intensivləşməsi ilə əlaqələndirir.
Bununla yanaşı, Bloomberg-in mənbələri bildirirlər ki, İtaliya konsensusu pozacaq addım atmağa hazırlaşmır və ölkənin Ukraynaya dəstəyi dəyişməz olaraq qalır.
Hazırkı layihəyə əsasən, NATO müttəfiqləri 2026 və 2027-ci illər üçün Ukraynaya ümumilikdə 70 milyard avro (80 milyard dollar) ayırmağı planlaşdırırlar. Bu məbləğ NATO-nun illik 40 milyard avroluq öhdəliyi və Avropa İttifaqının krediti hesabına ayrılacaq əlavə 30 milyard avrodan ibarətdir.








