
DİA.AZ: - Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatı da partiyanın Bakı şəhəri üzrə yaradılan ilk yerli strukturlarından biridir. Bu təşkilatın digər özəlliyi ondan ibarətdir ki, respublika üzrə ilk inzibati bina məhz YAP Binəqədi rayonu üçün tikilib istifadəyə verilib. Bu əlamətdar hadisə 2001-ci ilə təsadüf edir. Hazırda 8 nəfər ştatlı işçi hər bir cəhətdən təchiz olunmuş qərargahda fəaliyyət göstərir. Rayon təşkilatının sədri Nəbi Xəlilov 2007-ci ildə keçirilən 5-ci konfransda təşkilata sədr seçilib. Hazırda YAP Binəqədi rayon təşkilatında 209 ərazi ilk partiya təşkilatı fəaliyyət göstərir. Amma 13428 nəfər üzvü olan böyük bir rayon təşkilatına rəhbərlik edən Nəbi Xəlilovun adı son günlər bəzi qaranlıq işlərdə hallanmaqdadır. Binəqədidən seçilmiş millət vəkili Rafaell Cəbrayılovla dost və biznes ortağı olan N. Xəlilovun da elə şəriki kimi Elşad Abdullayevlə bağlı məsələlərdə adı hallanmaqdadır. Bu barədə DİA.AZ-a da ilginc faktlar daxil olub.
Xatırladaq ki, Elşad Abdullayevlə seçki müzakirələrini əks etdirən videogörüntülərdə sabiq YAP-çı deputat Gülər Əhmədova Rafael Cəbrayılovu da öz gücü ilə deputat seçdirdiyini deyib.E.Abdullayevə mandat vəd edən G.Əhmədova bildirib ki, onun gücü kifayət qədərdir: “Rafael qalmışdı kənarda, bilmirdi nə etsin... Mən onun işini həll elədim. Rafael Cəbrayılov gətirib pulunu verdi, işi də həll olundu...”
Qeyd edək ki, R.Cəbrayılovun deputat mandatını rüşvətlə aldığı barədə indiyə qədər mediada bir neçə dəfə informasiyalar yayılıb. Hələ 2010-cu ildə pia.az saytı “Rafael Cəbrayılovun milyonluq mandatı” adlı material yaymışdı. Yazıda 9 saylı Binəqədi seçki dairəsindən deputat seçilmək üçün R.Cəbrayılovun 3 milyondan çox pul xərclədiyi bildirilirdi. Lakin həmin informasiyada R.Cəbrayılovun deputat seçilməsinə köməkliyi G.Əhmədovanın deyil, spiker Oqtay Əsədovun etdiyi qeyd olunmuşdu: “Rəfael Cəbrayılov deputat seçilmək üçün ”yuxarılara" 3 milyon manata yaxın pul ödəyib. Məlumatlı mənbə deyir ki, ilk əvvəl 1 milyon ödəyən iş adamı daha sonra mandatını tam qarantiyaya almaq üçün daha 2 milyon “tərləməli” olub. Bütün bu işlərdə isə ona Oqtay Əsədov himayədarlıq edib".
Onu da xatırladaq ki, R.Cəbrayılovun adı son dövrlər digər bir neçə qalmaqallı məsələdə də birbaşa və dolayısı yolla çəkilib. Bu ilin noyabrında ona aid olduğu söylənən tikinti şirkəti ilə Rusiyanın “Nikoil Bank”ı arasında məhkəmə çəkişməsi oldu. Bank R.Cəbrayılovun və qardaşlarının 1,1 milyon dollar borclarını ödəmədiyini əsas göstərək məhkəməyə müraciət etmişdi. 14.11.2012-ci ildə Ali Məhkəmədə “Nikoil Bank”ın deputat R.Cəbrayılov, qardaşları Elşən Cəbrayılov, Rauf Cəbrayılov və digər qohumu Akif Amanəliyevə qarşı kasasiya şikayəti əsasında məhkəmə prosesi keçirilmiş və kasasiya şikayəti təmin olunmamışdı.
Qeyd edək ki, Rusiyanın Azərbaycanda fəaliyyət göstərən “Nikoil Bank”ı əvvəlcə kredit müqaviləsi üzrə borcun ipoteka predmetinə yönəldilməklə ödənilməsi barədə iddia ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edib. Bank iddia ərizəsində borcun ümumi məbləğini 879 618 manat (1,1 milyon dollar) göstərib. Binəqədi Rayon Məhkəməsi iddianı qismən təmin etmişdi. Lakin Bakı Apelyasiya Məhkəməsi aktı qismən ləğv edib və yeni qətnamə çıxarmışdı. Bank həmin qərardan kasasiya şikayəti vermişdi.
R.Cəbrayılov isə o zaman açıqlamasında bunun qardaşları ilə bank arasında mülki mübahisə olduğunu bildirmişdi. Deputat demişdi ki, tikinti biznesi ilə məşğul olan qardaşları ilə bank arasındakı mülki mübahisənin ona aidiyyəti yoxdur: “Mən bizneslə məşğul olmuram. Biznesin bu sahəsi ilə iki qardaşım - Rauf və Elşən Cəbrayılovlar məşğuldur”.
Amma DİA.AZ-a daxil olan məlumatlara görə əslində biznes elə onun özünündür və kömək etmək üçün ora qardaşlarını cəlb etmişdir. Eyni zamanda həmin biznesə YAP Binəqədi rayon təşkilatın sədri Nəbi Xəlilovla şərikli olaraq qoşulublar. Özü də bu biznesə qoşulmaq üçün N.Xəlilov vaxtilə Bilgəhdəki 2.5 milyon dollar dəyərində olan bağ evini Elşad Abdullayevə girov qoyaraq ondan 1.5 milyon dollar pul götürmüşdü. E.Abdullayevlə dostluğu da elə ordan başlamışdı. Rafael Cəbrayılovla Nəbi Xəlilov həm şərik, həm də dostdur və tez-tez metronun “Gənclik” stansiyası yaxınlığındakı yeni tikilmiş binada özlərinə kef məclisləri də düzənləyirlər.
Bu ərəfədə isə Nəbi Xəlilovun adını Elşad Abdullayev ötən həftə yaydığı müraciətində yenidən hallandırıb.Müraciətin həmin hissəsini ixtisarla olduğu kimi veririk:” ... Prezident Aparatının 3-cü girişinin sag tərəfdən, brinci mərtəbəsində İdarəetmə Akademiyasından mənim tələbəm olmuş, yaxından tanıdığım və səmimi əlaqə saxladığım şəkili Mamedin açıq qapı otağından keçmiş deputat Gülər Əhmədova və vasitəçi Sevinc Babayeva məni içəri dəvət etdilər. Mənə bildirdilər ki, deputatlığın pul işinə biz baxırıq, haqq-hesabı bizimlə cəkməlisən. Əks təqdirdə yenə də qutuda qalacaqsan. Mən Gülər Əhmədovaya və Sevinc Babayevaya bildirdim ki, 2 ildir oğurlanmış qardaşım Mahirin problemini həll edə bilmirsiniz, deputatlığı necə həll edə bilərsiniz? Deputatlıq işini həll etmək ücün nə qarantınız vardır? Onlar mənə bildirdilər ki, Siz ”hə" desəniz bu dəqiqə Binəqədi Rayon İcra Hakimiyyətinin başcısı sənə qarant duracaqdır . Mən “hə” dedim və otaqdan çöldə gözlədim . 5-10 dəqiqədən sonra başçı zəng vurdu və məni təbrik etdi ki , “Siz bu gündən deputatsınız…” . Bundan sonra Prezident Aparatından birbaşa Binəqədi İcra Hakimiyyətinin başcısının qəbuluna getdim, görüşdük, söhbətimizə başcının dəvəti ilə yeni təyin olunmuş Binəqədi YAP sədri - deputat secki kommisiyasının sədri Nəbi müəllimi də dəvət etdi".
Göründüyü kimi Nəbi Xəlilov bu oyunların iştirakçısı olsa da indiyə kimi özünü sığortalayaraq qoruya bilib və Elşad Abdullayevlə bağlı qalmaqallarda adının çəkilməməsinə nail olub. Amma deyəsən artıq keçmiş rektor dostu yavaş-yavaş “açacaq sandığı və tökəcək pambığı”…
Bizə isə yeni açıqlamaları gözləmək qalır. Redaksiyamızda bu barədə bəzi məlumatlar var, amma müəyyən dəqiqləşdirmələr apardığımızdan daha geniş məlumatı yaxın günlərdə oxuya bilərsiniz.
Məqalədə adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.









