
DİA.AZ: - Ağsu rayonunda məmur özbaşınalığı pik həddə çatıb. İcra başçısı Ənvər Seyidəliyevin əməlləri rayonda ciddi narazılıq doğurub. Məlumata görə, bütün idarə, müəssisə və təşkilat rəhbərləri icra başçısının yaxın qohumları olduğu üçün onlar istədikləri kimi hərəkət edə bilir, əhalini istismar etməklə məşğul olurlar. Ancaq onların bu özbaşınalığına göz yumulur. Bundan başqa, rayon idarələrinin hamısı rüşvət və korrupsiya içində çabalayır ki, bunlardan da rayon Mərkəzi Xəstəxanasını, Sosial Müdafiə Mərkəzini və maliyyə idarəsini xüsusi qeyd etmək lazımdır. Bir sıra idarə müdirlərinin icra başçısının yaxın qohumları olmasına baxmayaraq, Ənvər Seyidəliyev hər bir idarə müdirindən aylıq “şirinlik” alır. Bu bir növ təhlükəsiz olduğu üçün icra başçısı heç bir şeydən narahat deyil.
DİA.AZ-a daxil olan məlumatda bildirilir ki, Ağsu rayonunun Kəndoba, Abasxanlı və Cəlair kəndlərində vəziyyət düşünüləndən də ağır və dözülməzdir. Kəndlərin yolları, işıq və su problemləri insanları dözülməz şəraitdə yaşamağa məcbur edib. Sözügedən kəndlərin orta məktəbləri də bərbad vəziyyətdədir. Şagirdlər təhsil almaq üçün müəyyən çətinliklər çəkir. Məlumatda o da bildirilir ki, Ağsudakı sosial-iqtisadi problemlər icra başçısı Ənvər Seyidəliyevi qəti maraqlandırmır. Onu ancaq Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümovla birgə rayonda olan biznes əlaqələri maraqlandırır.
Mənbə bildirir ki, Ənvər Seyidəliyevin Bakı şəhərində də biznes şəbəkələri və iri mağazaları var. Belə ki, məlumatlı mənbə iddia edir ki, bütün Ağsu camaatının seyid kimi tanıdığı, rayonun Pirhəsənli kəndindən olan seyid Ənvər Seyidəliyevin Bakı şəhərində “Vin House” adlı böyük bir şərabçılıq dükanı fəaliyyət göstərir. Qeyd edək ki Ənvər Seyidəliyevin müxtəlif ünvanlarda bir sıra ticarət obyektlərinin olması ilə bağlı dəfələrlə məlumat verilib. Hətta ona yaxın adamların sauna sahibi olduğu da bildirilir. Bizə məlumat verən mənbə iddia edir ki, onun bütün növ biznesinə oğlu Dəyanət Seydəliyev nəzarət edir. Dəyanət Seydəliyev yüksək vəzifə sahibi olduğu bildirilir.Hətta onun Bakıda bir neçə saunası olduğu bildirilir ki, bu barədə də növbəti yazılarımızda məlumat verəcəyik. Bu sayımızda isə redaksiyamıza daxil olan bir şikayət məktubuna diqqət yönəltmək istərdik.
Ağsu rayon sakini Mikayılov Murad Ağamurad oğlu və Mikayılov Ağamurad Ənvər oğlu tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub. Kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan bu şəxslər Ağsu rayon icra hakimiyyəti başçısı Ənvər Seyidəliyevin onlara qarşı haqsızlığından şıkayətçidirlər. Şikayətçilərin sözlərinə görə Ağsu rayon İcra Hakimiyyətinin 242 saylı 26.09.1997-ci il tarixli sərəncamı ilə sahibkarlıqla məşğul olmaq üçün Ağsu şəhəri M.Ə.Rəsulzadə küçəsindəki parkın ağac olmayan hissəsində, yəni parkın tam kənarında 42 kv.m torpaq sahəsi onlara ayrılmış və həmin sərəncamla torpaq sahəsində tikinti işlərinin aparılmasına icazə verilmişdir. Tikinti başa çatdıqdan sonra, Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən müvafıq lisenziyaları da alaraq, xüsusi mülkiyyətdə olan həmin qeyri- yaşayış sahəsi obyektdə pərakəndə satış əczaçılıq fəaliyyətini qanuni həyata keçirmişdir. Qeyd edilən tikili oğlunun adına 28 mart 2003-cü ildə özəlləşdirilmiş və oğlunun həmin tikiliyə mülkiyyət hüququnu təsdiq edən sənədlər Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyi tərəfındən verilmişdir. Həmin tikilidən aptek kimi istifadə etməyi qanunsuz olmamış və oğluna da heç bir dövlət orqanı tərəfındən etiraz edilməmişdir.
Ağsu rayon İcra Hakimiyyətinin işçiləri hüquqşünas Tofıq Kərimov, baş memar Xanlar Hüseynov və şəhər icra nümayəndəsi Cavan Cavadov 2009-cu ilin avqust ayından şifahi olaraq bildirmişlər ki, aptek söküləcək. Bu barədə Aəzrbaycan Respublikasının Prezidentinə və digər yuxarı orqanlara şikayət ərizəsi yazılsa da heç bir xeyri olmamış və 2010-cu ilin fevral ayının başlanğıcında, məhkəmənin qərarı olmadan təsir və təzyiqlə aptekin binası sökülüb dağıdılmışdır. Sahibkara aptek tikmək üçün M.Ə.Rəsulzadə küçəsinin başqa tərəfındə 42 kv.m torpaq sahəsi verilib. Şikayət ərizələrindən sonra Prezidentin aparatında Ağsu rayon üzrə kurator Niyaz Əliyevin göstərişi ilə zərərçəkmişə 5.800 manat pul və sökülmüş mişar daşlarının müqabilində 2.400 manat pul verilmişdir.
Yeni aptek tikmək üçün sərəncam çox ged-gəldən sonra 12 mart 2012-ci ildə verilir. DƏDRX-nin Şamaxı Ərazi dairəsi tərəfındən onlara məxsus olan aptek 09 mart 2012-ci il tarixdə qiymətləndirilmiş və bazar dəyəri 18.900 manat təşkil etmişdir.
Şikayətçi həmçinin öz məktubunda bildirir ki, aptekin fəaliyyətini yüksək səviyyədə təmin etmək və dərman istehsalı ilə məşğul olan fırmalardan dərmanların alınması üçün oğlu 2009-cu ilin aprel ayında "Access Bank" ASC-dən 40000 ABŞ dolları məbləğində 2 il müddətinə kredit götürmüş və həmin kredit oğluna gəlir mənbəyi kimi aptekin olmasına və xüsusi mülkiyyətində olan evin girov qoyulması əsasında verilmişdir. Aptek kimi fəaliyyət göstərən xüsusi mülkiyyətində olan tikili söküləcəyi halda oğlu tamamilə məhv olunmuş olacaq. Belə ki, həmin kredit müqaviləsi üzrə borcu gəlir mənbəyi olan aptekin sayəsində ödəyir. Aptek kimi fəaliyyət göstərən tikili 12 nəfərdən ibarət ailə üzvü, işçi kimi işləyən 3 vətəndaşın çörəyidir.
Qarşı tərəfi də dinləməyə hazırıq...








