
DİA.AZ: - "Ramil Səfərovla bağlı hadisələrin ən gərgin vaxtlarında onu müdafiə edən macar xalqı arasında mənim də ailəm yaxından iştirak edib. Bakıdan yalnız xoş təəssüratlarla qayıtmaq arzusundayam"
DİA.AZ bildirir ki, hazırda Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasında saxlanıldığını və Macarıstan vətəndaşı olduğunu deyən Aci Erik adlı şəxsin gozetci.az portalına məktubu daxil olub. Həmin məktubu olduğu kimi təqdim edirik:
"Mən Erik. Macarıstan vətəndaşıyam. Anam həm slovak, həm də Macarıstan vətəndaşıdır. Onlar vətəndə, mən isə İngiltərədə - Mançestrdə yaşayıram. Burada qanuni olaraq xalça alış-verişi ilə məşğulam. 2012-ci ilin sentyabr ayında Türkiyə və Azərbaycan turnesinə çıxdım. Sentyabrın 24-dən 26-na kimi İstanbulda olandan sonra 2 günlük Bakıya səfər etdim. Səfər müddətində əlimdə yalnız bir çanta olub. Bakıda Beynəlxalq Hava Limanına düşəndən sonra kafedə əyləşib, kofe içmək qərarına gəldik. Bu zaman bizə hündürboylu taksi sürücüsü yaxınlaşdı və öz xidmətini təklif etdi. Biz imtina etdik. Kofeni içdikdən sonra bir daha 40-50 yaşlarında olan ortaboylu bir taksi sürücüsü yenidən bizə yaxınlaşdı və şəhərə aparmağı təklif etdi. Bu dəfə razılaşdıq. Bizi mərkəzdə yerləşən mehmanxanaya gətirdi. Məndən Bakıdan qayıdacağım günü və saatı soruşdu və mən də heç nədən şübhələnmədən ona vaxtı dəqiqliyilə bildirdim. Bakıda olduğum iki gün ərzində şəhərin müxtəlif yerlərini gəzdim. Bura məndə xoş təəssürat yaratdı. Bakı həqiqətən də, deyildiyi kimi gözəl şəhər imiş. İki gündən sonra Avropaya qayıtmaq üçün mehmanxanadan çıxdım və məni bu mehmanxanaya gətirən həmin taksi şoferini yollda gördüm. Əlimdə yenə də bir çanta var idi. Taksi sürücüsü məni hava limanına aparmağı təklif etdi, mən imtina etmədim. O əlimdə olan bir çantanı maşının baqaj yerinə qoydu. Həmin vaxt maşında başqa bir çanta yox idi. Biz yola düşdük. Binaların arasına çatanda iki nəfər kişi də taksiyə əyləşdi. Onların da əlində çanta var idi və bu çantaları da sürücü baqaja yerləşdirdi. Onlar arxada, mən isə sürücünün yanında əyləşmişdim. Biz hava limanına çatanda sürücü məndən pul almadı və bu zaman mən onu kafedə nahar etməyi təklif etdim. O da razılaşdı. Mən baqajda olan bir çantamı götürdüm, kafedə olarkən maşında mənimlə gələn iki kişini orada gördüm. Sonradan bildim ki, onlar İran vətəndaşıdırlar. Qeydiyyat başlayan zaman qeydiyyatdan keçdim və əlimdə olan bir çantanı baqaja təhvil verdim. Uçuş vaxtına bir qədər zaman qaldığından hava limanındakı "Dudi Fry" mağazalar şəbəkəsinə alış-veriş etməyə getdim. Təyyarənin uçmasına 1 saata qədər vaxt qalmışdı ki, bir nəfər mülki geyimli şəxs mənə yaxınlaşaraq polis olduğunu deyərək, bir otağa dəvət etdi. Orada mənə dedilər ki, guya mən narkotik maddə keçirməyə cəhd göstərmişəm. Otaqda 7-8 nəfər polis və gömrük işçisi var idi. Mən onlara da bildirdim ki, heç bir halda mənim çantamda narkotik maddə ola bilməz. Bu mümkün deyil. Onlar mənə öz çantamdan əlavə olaraq daha bir çanta da göstərdilər. Mən imtina etdim. Öz çantamı götürdüm və digər çantanın mənə məxsus olmadığını bildirdim. Mənim hava limanına gəldiyim və oradan getdiyim, həmçinin mehmanxanada olan görüntülərimin videoçəklişlərinin aparıldığından, o biri çantanın mənə məxsus olmadığı dərhal bilinir. Qanımdan analiz götürülüb və narkotika istifadəçisi olmadığım haqda arayış verilib. Qaranlıq olan heç bir məqam yoxdur. Bütün bu dəlillərə baxmayaraq və ikinci çantanın mənə məxsus olduğunu təsdiqləyən heç bir fakt olmamasına baxmayaraq məhkəmə haqqımda 3 ay həbs-qətimkan tədbiri seçdi. Mən dili bilmədiyimdən ən ağır problemlərlə üzləşirəm. Bu gün də mənə məhkəmənin və istintaqın gedişi ilə bağlı heç bir məlumat verilmir. Mən ilk dəfədir ki, Bakıya turist səfəri etmişəm. Azərbaycan mənim üçün həm də başqa anlam daşıyır. Macar xalqının dərin köklərində türk xalqının qədim tarixi var. Biz hər zaman özümüzü türklərə yaxın bilmişik. Hətta Ramil Səfərovla bağlı hadisələrin ən gərgin vaxtlarında onu müdafiə edən macar xalqı arasında mənim də ailəm yaxından iştirak edib. Biz keçirilən bütün sorğularda Ramil Səfərovun Azərbaycana qaytarılmasını müsbət qarşılamışıq. Bu haisə baş verəndə ən çox sevinən də mənim ailəm olub. Azərbaycana səfərimin başlıca səbəblərindən biri də bu xalqla daha yaxından ünsiyyət istəyim olub.
Mən bütün həyatım boyu qanunsuz heç bir hərəkət etməmişəm və bunu övladlarıma, Vətənimə xəyanət bilmişəm. Mənim kiçik yaşlı bir qızım və bir oğlum var. Ailəm də mənim Bakıda başıma gələnlərdən xəbərsizdirlər. Sentyabrın 28-dən həbsdəyəm. İnanıram ki, Azərbaycan mətbuatı mənim səmimiyyətimə inanaraq, hüquqlarımı müdafiə etməyə, bəraət almağa mənə yardımçı olacaqlar. Mən Bakıdan yalnız xoş təəssüratlarla qayıtmaq arzusundayam. Mənə kömək edin. İşin yenidən ədalətli araşdırılması üçün etdiyim etirazlara siz də səs verin. Əvvəlcədən öz təşəkkürümü bildirirəm.
Aci Erik, Bakı İstintaq Təcridxanası"
Yazı ilə bağlı aidiyyəti rəsmi qurumların mövqeyini öyrənməyə hazırıq.








