Bu gündən avtomobillərin COP29 zolaqlarından istifadəsinə qoyulan qadağa qüvvəyə minib .....                     Azərbaycanda kredit faizləri artacaq .....                     “İpək Yolu Sığorta”nın yığımları 3 dəfə azalıb .....                     Ölkəmizdə "Cadugərlər bayramı" yığışdırılmalıdır .....                     COP29-da özəl qurumlar da məsafədən işləyəcək? .....                     Qısqanclıq zəmnində münaqişə qanla bitdi .....                     "Hizbullah" sınmayıb və İsrailə qarşı mübarizəsini davam etdirəcək" .....                     Pezeşkian Urmu gölünü fəlakətdən qoruyacaq? .....                     İran və Rusiya arasındakı müqavilə yeni hərbi birliyin .....                     Bakıda sel fəlakətindən zərərçəkənlərə sığorta ödənib? .....                     Gürcülərə LGBT-ni sırıyırlar .....                     “Gəncə Körpü Tikinti 2” şirkəti cərimələndi .....                     Xəstələrin şəfa axtardığı ağır "travmalı" Travmatologiya və Ortopediya İnstitutu .....                     Azərbaycanda tikinti şirkəti .....                     Mərkəzi Bankın İdarə Heyətinə yeni üzvlər təyin ediləcək .....                     Rövşən Lənkəranskinin rəqibi olan "qanuni oğru" dəstəsi ilə birgə həbs olundu .....                     MSK 25 manatlıq yanğınsöndürən balonlar üçün 44 min manat sərf edəcəkdi .....                     Gürcüstandan Ermənistanda tərs ŞİLLƏ .....                     "Qaz təsərrüfatı olan yerlərdə təhlükəsizlik məsələsi ön planda olmalıdır ki, .....                     "Azerlime"nin müdiri cəzalandırıldı .....                     ƏÜO-da buraxılış mərasimi keçirilib .....                     Məktəbin tələb etdiyi əlavə dərs VƏSAİTLƏRİ .....                     “Qəzalı evə “yüngül təmirə ehtiyacı var” yazmaq nə deməkdir?” .....                     Ermənistanda pensiyaya çıxmış hərbçilər xidmətə qaytarılır .....                     Tanınmış aktyor CANA DOYDU: .....                     5 gün sonra dünyanın gözü burada olacaq .....                     Fəridə Əzizovaya vəzifə verildi .....                     İndi İRAN NƏ EDƏCƏK? .....                     Psixoloqların işinə valideyn maneəsi .....                     Ağacların kəsilməsinə RİH-dən CAVAB: .....                     Zəfər günü əfv olacaq? .....                     "Kimin pulu yoxdur, onları “yararsız” yazıblar" .....                     Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib .....                     Fransa savaş planı qurur, İrəvan sülh mesajı verir: .....                     “Tərtər işi” ilə bağlı ittiham olunan şəxslərə hökm oxunub .....                     Zurabaşvilini Bhuttonun taleyi gözləyirmi? .....                     Paşinyan erməniləri ələ saldı .....                     Qarşıdakı aylarda qızılın qiyməti necə dəyişə bilər? .....                     “ADY Əmlak”ın dövlətə vergi borcu var .....                     Sağı göstərib, sola dönüş: cənab Əmrullayev, siz nə istəyirsiniz? .....                 

“Üç dəfə intihara cəhd etmişəm” - Könül Xasıyeva
Tarix: 8-07-2021, 12:34 | Çap et
“Üç dəfə intihara cəhd etmişəm”
Bəzi sənətçilər sənəti ilə, bəziləri də şəxsi həyatı, yaşantıları ilə insanların maraq dairəsində olur. Hər iki tərəfi ilə gündəm olan sənətçilər isə çox azdır. Xalq artisti Könül Xasıyeva belə sənətçilərdəndir. Uzun illər səhnədə olmadığı, sənətdən uzaqlaşdığı dövrlərdə belə mətbuat, insanlar onun haqqında daima danışdı.

Onunla görşüməzdən əvvəl müxtəlif illərdə mətbuata verdiyi müsahibələri oxudum, televiziya verilişlərindəki çıxışlarını izlədim. Çox danışıb bu vaxta qədər Könül Xasıyeva. Amma hamısını danışmayıb. Bu gün Könül Xasıyeva özünün də dediyi kimi, müsahibə verərkən həyatında ilk dəfə səmimi oldu.

Vədələşdiyimiz saatda görüşdük. Söhbətə haradan başlayacağımı əvvəlcədən planlaşdırmışdım. Amma deyəsən, Könül xanım ilk sualın həyatının düyün nöqtəsindən gələcəyini heç hesaba qatmamışdı. Çünki görüşümüzdən bir gün əvvəl telefonla danışan zaman müsahibə almaq istədiyimi deyəndə mənə bir sual verdi:

“53 yaşım olmağına baxmayaraq, həyatımın 20 ilini yaşamamışam. 23 yaşlı qadının danışacağı nə qədər çox şey ola bilər axı? Mənə elə gəlir, hər şeyi danışmışam”. Amma son cümləni söyləyərkən səsindəki tərəddüdü gizlədə bilmədi, səs tonu sözlərini inkar edirdi. Və budur biz axşamın gün batan saatında onun ən sevimli məkanında üz-üzə oturmuşuq...

“Atam pulu əlimdən almaq üçün nə qədər döyürdü, amma vermirdim”

- Biz Könül Xasıyevanın səhnədə olduğu gündən bəri yaşantılarına şahid olmuşuq. Amma onun uşaqlıq həyatıyla tanış deyilik. Necə bir uşaqlıq keçirtmisiniz?

- Gözləmədiyim yerdən sual verdiniz. Ağrılı uşaqlıq dövrü keçmişəm. Mən yaşıdlarımla oturub, onlar kimi söhbət edə bilmirdim. Birdən-birə böyümüşdüm. Hərdən mənə elə gəlirdi, anadan bu yaşda doğulmuşam. Çox təzadlı bir ailədə dünyaya gəlib, böyümüşəm. Atam yaxşı işdə işləyirdi. Qazancı da əla idi, amma biz o pulu görmürdük. Yeyib-içən kişi olub. Bütün qazancı içki masalarında, eyş-işrətdə xərclənib. Demək olar ki, hər gün içir, evə gələndə də anamı, bizi döyürdü. Mənəvi çox zərbələr almışam. Atam anamı hər döyəndə mən gedib o dünyanı görüb qayıdırdım. Evdə altı uşaq olmuşuq. Atamızın varlığını hiss etmədən böyümüşük. Bacı-qardaşlarımın heç vecinə deyildi, ancaq məni həmişə narahat edirdi bu vəziyyət. Mən atama söz deməyə qorxurdum. Məsələn, küçədə döyülürdüm, gəlib deyə bilmirdim ki, filankəs məni vurdu. O saat salırdı məni təpiyinin altına. Nar çubuğu ilə döyürdü məni.

-Elə sərt xarakterli bir ata ilə bu sənətə gəlmək də çətin olub, çox güman.

- Mən rayonda az-çox tanınırdım. Çünki 11 yaşımdan artıq oxuyurdum, hətta toylara gedib pul da qazanırdım. Atam pul qazanmağıma mane olmurdu. Ona sərf edirdi. Bakıya gəlib burda təhsil almağımı isə heç istəmirdi. 1981-ci ildə Heydər Əliyevin sərəncamı ilə təşkil olunmuş “Gənclərin Ümumrespublika baxış” müsabiqəsinin bölgələrdə seçimi başlananda rayon katibi mənim mütləq o konkursa qatılmalı olduğumu dedi. Atam daş atıb başını tutdu. Rayon katibi qapıya qədər gəldi, atam sözündən dönmədi.

- Bəs atanızı sonra fikrindən döndərən nə oldu?

- Bir gün uşaqlarla küçədə oynayırdım. Gördüm qapımızın ağzında “AA” nişanlı qara “Volqa” dayandı. İçərisindən bir-iki qalstuklu kişi düşüb bizim həyətə girdi. Mən də qaça-qaça evə gəldim. Qapıdan sakitcə baxırdım. Gördüm, atamla bu iki kişi məndən danışır. Adamlar gedəndən sonra atam qaşlarını düyünləyib hirslə dedi ki, yenə bizi Mərkəzi Komitəyə çağırırlar. Bu dəfə çox qəti danışıblar atamla. Atam səhəri məni də götürüb rayon katibinin yanına apardı. Katib atama dedi, “kişi mən daha səndən soruşmuram bu qızı oxumağa qoyursan, ya yox. Sənə qəti şəkildə məlumat verirəm: daha bu qızı axtarma. Biz bu uşağı göndəririk Bakıya oxumağa”.
Evə gəldik. Atam əsəbi, gərgin. Bütün hirsini də anamdan aldı. Yenə anamı döydü.

-Ananızın reaksiyası necə idi. Yəqin sevinirdi?

- Bəlkə də sevinirdi. Amma hiss etdirmirdi. Bunu qoyub onu danışıram. Anam mənim oxuduğum tədbirlərdə gəlib məni izləməyib heç vaxt. Gözüm həmişə salonda, adamların arasında qalırdı. Anama elə gəlirdi, gəlib məni izləsə, camaat ona pis baxacaq.

- Sonra gəldiniz Bakıya...

- Dava-qırğınla da olsa atam Mərkəzi Komitədən gələn sərt xəbərdarlıqdan sonra könülsüz məni Bakıya gətirdi. Biz burda üç konkurs keçdik. İki baxış müsabiqə oldu. Konkurs yekunlaşandan sonra yenidən qayıtdım Şəkiyə. Bir müddət keçəndən sonra bizə xəbər gəldi ki, mən konkursu keçmişəm. Atam bəlkə də ümid edirdi ki, konkursdan keçmərəm. Bu xəbərdən sonra qanı bərk qaraldı. Amma əlacı kəsilmişdi, buraxmaya bilməzdi. Avqustun sonu mənə paltar, ayaqqabı aldı. Gəldik Bakıya. Sentyabrda 8 nömrəli musiqi təmayüllü internat məktəbində təhsilimə davam etdim. Çox yaxşı oxuyurdum dərslərimi. Bəlkə də atamın qorxusundan buna məcbur hiss edirdim özümü. O evə yenidən qayıtmaq istəmirdim. Artıq çox kitab oxumuşam. İndi soruşsan, bəlkə, birinin da adını xatırlamaram. Amma həddindən artıq bədii əsər oxumuşam. O vaxt yataqxanada saat 10:00-da bütün işıqları söndürüb dəhlizin də qapısını bağlayırdılar. Bircə dəhlizin başında, ayaqyolundan zəif işıq düşürdü dəhlizə. Mən nə tapmışdım bilirsən? O vaxt balaca fənərlər var idi. Onu rezinlə çarpayımın başına bərkidib səhərə qədər kitab oxuyurdum.

- Bayaq dediniz ki, 11 yaşınızda artıq toylara gedib, pul qazanırdınız. O yaşda sizi pul qazanmağa vadar edən nə idi? Axı atanızın imkanı yaxşı idi...

- Atam yaxşı pul qazansa da, o pulu evə xərcləmirdi. Demirəm bizi ac-susuz saxlayırdı. Yox. Aclıqla, yoxsulluqla sınağa çəkilməmişəm mən.

- Qazandığınız pulu nəyə xərcləyirdiniz bəs?

- Ev tikirdim. Bizim evimiz olmayıb. Bir otağımız var idi. 8 nəfər bir otaqda yatıb-dururduq. Anam həmişə deyirdi ki, kaş üç otağımız olardı. Kaş mətbəxim, isti-soyuq suyum olardı. Mən 11 yaşımdan artıq anamın arzularını həyata keçirtmək üçün çalışmağa başlamışdım. Toyda qazandığım pulu atamdan gizlədirdim. Anama da vermirdim. Bilirdim ki, döyüb əlindən alıb aparıb kiminləsə yeyib-içəcək. Özümdə saxlayırdım. Atam pulu əlimdən almaq üçün nə qədər döyürdü, vermirdim. Axşam gedirdim toyda oxuyurdum. Səhər açılan kimi “kubik bazarı”na gedirdim. “Kubik”, qum alıb gətirib qapının ağzına tökdürürdüm. Sonra əl arabası ilə daşıyırdım həyətə. Saat 6-ya kimi kubik, qum daşıyırdım. Toy saatı yaxınlaşanda lobyalıq deyilən yer var idi, orda bədənimi soyuq su ilə yaxalayıb, paltarımı geyinib qaçırdım toya.

Səhərdən özünü ağlamamaq üçün sıxıb saxlasa da, son cümlə ilə bütün çabaları hədər oldu. Sanki bu göz yaşları ilə qayğıdan, sevgidən məhrum olan uşaqlığının başına sığal çəkirdi. Hisslərimizi basdırdığımız zaman əsl kimliyimizi də dəfn etmiş oluruq. Uşaq vaxtı yaşanan travmalar səbəbindən özümüzü ətraf mühitdən gizlətməkdə mütəxəssisə çevrilirik. Bu, müəyyən bir mərhələyə qədər bizi qoruyur, ancaq özünüdərk dönəmində kim olduğumuzu və nə istədiyimizi yansıtma mövzusunda o həssas notları xatırlamağa ehtiyacımız olur. Könül Xasıyevanın da üstünü illərlə basdırdığı hissləri bu gün üstündəki torpağı atmışdı.

- Diqqətimi bir şey çəkdi: atanızın sizə yaşatdığı bu ağır travmaya rəğmən yeganə övladınıza onun adını vermisiniz. Bu necə bir ruh halıdır?

- Bəlkə də bu hər kəsə qəribə gələcək. Amma mən atamı dəhşətli dərəcədə çox sevmişəm. Atam təzadlı insan idi. Onun tamamilə pis insan olduğunu deyə bilmərəm. Dünyagörüşlü, savadlı, intellektli, şair ruhlu insan idi həm də. Atamın çox gözəl danışıq səsi vardı. Bariton. Əsl kişi səsi.

- Bu gün valideynlərinizin hər ikisi də dünyasını dəyişib. İndi onlardan ən çox hansı üçün darıxırsınız?

- Həmişə anamı atamdan qoruduğum üçün mənə elə gəlirdi, anamı atamdan çox istəyirəm. Ancaq atam dünyasını dəyişəndən sonra başa düşdüm ki, mən ən çox atam üçün darıxıram. Yadıma gəlir, Bakıda ev-eşik edəndən sonra anamı atamın əlindən alıb yanıma gətirdim. Atamdan ayırdım onu. Gedəndə atama dedim ki, necə ki, evlənməmişdən qabaq anamın arxasınca sürünüb gəlib-getmisən. Əgər anamı gəlib o məhəbbətlə aparacaqsansa verəcəm onu sənə. Yox elə olmayacaqsa anamı sənə verməyəcəm. Get evlən. O ev də daxil hər şey sənin olsun.

- Atanızın sizə, ananıza qarşı şiddətini, sevgisizliyini əsas tutub nifrətə çevirməməyi necə bacarmısınız?

- Onu anlamağa çalışaraq. Mən bilirdim ki, atamın da uşaqlığı travmalarla doludur. Atamın atası kolxoz sədri olub. Müharibənin ən ağır illərində babam görüb insanlar acından ölür, anbarın qapısını açıb camaatı buraxıb içəri. Hamı taxılı daşıyıb. Babam da sovet hökumətinin qorxusundan kənddən qaçıb. Atam evin böyük uşağı olub bütün yük onun çiyninə düşüb. Atama ən böyük zərbəni anası vurub. Nənəm 4 uşağı ortada qoyub başqa kənddə yaşayan bir kişiyə qoşulub qaçıb. 4 uşağı kənd camaatı babamın etdiyi xeyirxahlığa görə baxıb böyüdüb.

- Atanız öz anasından aldığı zərbənin travması ilə həyatındakı doğma qadınlara zülm edib. Atanızdan gördüyünüz şiddət sizin həyatınızda özünü hansı formada büruzə verdi?

- Ailə qurmaqdan, kimisə sevməkdən uzun illər qorxdum. Elə bilirdim, bütün kişilər ailəsini döyür. Çünki gördüyüm ancaq o idi. 39 yaşımda ailə qurdum. Atamın mənə yaşatdığı zərbələr həyatda xoşbəxt olmağıma mane oldu həmişə. Bir bacımı gənc yaşda xərçəng xəstəliyindən itirdim. 30 yaşımdan bəri hər növ xəstəliklə mübarizə aparıram. Bütün bunların səbəbkarı atam olub. Bizə yaşadığı qorxular, həyəcanlar... (ağlayır)

“Kaş mən də Xeyransa kimi tez ölüb gedərdim”

Bir çox insan üçün uşaqlıqda yaşadığı travmalarla baş edə bilmək çətindir. Bəzən ağrıları gizlətməyin edə biləcəyimiz ən yaxşı şey olduğunu düşünürük, amma biz ağrılarımızı gizlətdikcə onlar daha da dərinləşir. Könül Xasıyeva da zamanında ağrılarını gizlətmək üçün çabaladı. O, çabaladıqca qazancı sağalmaz sinir xəstəlikləri, şəkər oldu. İllərdir, onurğanın mieliti və “panik atak” adlanan psixoloji sindromun ən ağır formasından əziyyət çəkir.

- Özünüzü həyatınızın hansı dövründə xoşbəxt hiss etmisiniz?

- O dövrüm olmayıb mənim. Bir az tələbəlik illərimdə üzüm gülüb. Onda da həmişə anamdan narahat idim. Hər gecə düşünürdüm ki, görəsən, atam anamı bu gün döyüb? Ağlaya-ağlaya yatırdım. Evimizdə olanda mənim ömrüm anamı atamdan qorumaqla keçib.

- 2000-ci ildə zəlzələ vaxtı stress keçirtdiyiniz dövrə qayıdaq...

- Ömrümün ən ağır dövrlərindən biri idi. On gün ac-susuz özümü bir otağa kilidlədim. Otaqdan çıxanda mənə elə gəldi ki, bu gün girmişəm o otağa. Halbuki on gün qalmışdım orda. Heç kimi buraxmırdım yanıma. Sonra Şəkidə 46 gün əsəbdən dispanserdə yatdım. 46 gün çölə addım atmamışam. Təsəvvür edirsən? Elə bilirdim, çölə çıxsam o saat öləcəm. O günlərin birində oturduğum yerdə iki dişim qəfil ovcuma düşdü. 23 kilo çəki itirmişdim. Bir gecə klinik ölüm keçirtdim. Nəbzim tamam dayandı. Yadıma gəlir, ayılanda başımın üstündə anamı gördüm. Anamın ayağının birində çəkmə var idi, birində heç corab da yox idi.

- Bəs atanız?

- Atam gəlmədi. 46 gündə bir dəfə olsun, atam məni görməyə gəlmədi. Gözüm qapılarda qaldı.

- 2010-cu ildə mediada xəbər yayıldı ki, Könül Xasıyeva xərçəng xəstəliyinə tutulub. Ayaqlarınız işləmirdi səhv etmirəmsə.

- Hə, nəinki ayaqlarımı, qollarımı da hiss etmirdim. Hissiyyatsızlığım sinəmə qədər gəlmişdi. Onurğanın mielit xəstəliyindən əziyyət çəkirdim, amma bilmirdim. O vaxt xərçəng yazırdı. Məndə hər xəstəlik var, amma bir o xəstəliyim yoxdu. 10 gün hərəkət edə bilməmişəm. Ancaq kürəyim üstdə uzanmışam. Həkim dedi kondisioner də olmaz. Yayın istisində tərpənmədən arxası üstdə uzanmaqdan kürəyim yara tökmüşdü.

- Bax, həmin məqamda ən çox nə düşünürdünüz?

- Ancaq Kazımı düşünürdüm. Bir dəfə həkim məni yoxlamağa gəlmişdi. Onda qapının arxasında Kazımı gördüm. Bacıma sığınıb, gözlərini mənə dikib elə hey deyirdi, “anama nə olub?” Danışa da bilmirdim. Uşağa cavab verə, onu təsəlli edə bilməmək mənə hər şeydən çox əziyyət verirdi.

- Həyatınızda verdiyiniz ən yanlış qərar nə olub?

- İntihar etmək qərarım. Üç dəfə intihara cəhd etmişəm. Birinci intihar cəhdimdə Kazım yanımda idi. Dənizə getmişdik özümü dənizdə boğmaq istədim. Bir polis məni qolumdan tutub qaytardı. İki dəfə də dərman içmişəm.

- Ölüm qorxusu ilə 46 gün bir otaqdan çölə çıxmamısınız. Amma bir tərəfdən də üç dəfə ölməyə cəhd etmisiniz. Sizi intihara sürükləyən ən çox nə idi?

- Yoruldum. Dərman içməkdən, xəstəxana palatalarından, haqsızlıqlardan çox yoruldum. Həyat məni dəhşət yordu. Çox geri itələndim. Haqsızlıqlar gördüm, amma susdum.

- Bu haqsızlıqların bir azı da yəqin ki, sənət aləmində baş verib?

- Olub. Amma susurdum. Başqa şansım yox idi. Çünki mənim arxamda heç kim yox idi.

- Xeyransa xanımla, deyilənə görə, aranızda soyuqluq olub...

- Yalan söhbətdi. Onun ən ağır günlərində yanında mən olmuşam. Günü bu gün də anası ilə əlaqəmi kəsmirəm. Hər ay gedib onunla görüşürəm. Mən bu gün Xeyransanın çörəyini yeyirəm onu unutmaram heç vaxt. Hərdən deyirəm, kaş mən də Xeyransa kimi tez ölüb gedərdim, bu zülmləri də çəkməzdim. Ölüm var yaşamaqdan qiymətlidir, yaşamaq da var ölümdən betərdir. Mənim həyatıma ikinci tərəf düşdü. Ölmədim, amma betər günlərə qaldım.

- Sənətdə haqsızlıqlardan danışdıq bir qədər əvvəl. Nə kimi haqsızlıqlar olub sizə qarşı?

- Sənət aləmində qısqanclıqlar olub hər zaman. Tək bizim sənətdə deyil, bütün sahələrdə belə hallar olur. Məsələn, mənim adım səfərlərə, tədbirlərə yazılırdı, amma başqa adamlar gedirdi. Açıq şəkildə yox, ancaq gizli bir əl həmişə yolumu kəsməyə çalışırdı.

- Bilirdiniz kimdir o adam?

- Bilirdim. Amma kim olduğunu deməyəcəm.

“Məni Opera Balet Teatrının qapısından qovdular”

- Sizi bu sənətdən soyudan məqamlar olub?

- İki dəfə həyatımda məni bu sənəti atmağa məcbur edən hadisə baş verib. Yaxşı yadımdadı, konservatoriyanı bitirən ili 20 Yanvar hadisələrindən bir il ötürdü. 1991-ci il cəbhəçilərin vaxtı idi. Dövlət Televiziyası 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş veriliş çəkirdi. Mənə dedilər, kəlağayı lazımdı. Dedim haradan tapa bilərəm? Dedilər, Opera Balet Teatrından. Durdub getdim Opera Balet Teatrına. Qapıda duran qadına dedim ki, mənə rəhbərlikdən bir nəfər lazımdı bir xahişim olacaq. Məni rəhbərlikdən bir şəxslə telefonla calaşdırdılar. Dəstəyi qaldırdım. Bir kişi idi. Dedi, buyur qızım nə lazımdı? Dedim, veriliş çəkirlər kəlağayı lazımdı. O yuxarıdakı səs qəfil mənim üstümə qışqırıb dedi ki, bu qapıdan elə rədd ol, bir də sənin izin tozun görünməsin. Məni Opera və Balet Teatrının qapısından qovdular. Konservatoriyanı təzə bitirmiş bir qız, sənət aləmində təzəcə qanad açan bir gəncəm. Leyli olmaq istəyirdim öz də. Mənə həmişə deyirdilər, səndə Leyli səsi var. İlk qanadım onda qırıldı mənim. Sənət aləmində ilk travmamı almışdım. O gündən sonra mən Opera Balet Teatrına ayaq basmadım.

- Amma tale elə gətirdi ki, konsertlərinizdən birini məhz Opera Balet Teatrının səhnəsində verdiniz...

- İçimdəki nisgili söndürdüm. Əslində, həmişə ora işə düzəlmək istəmişdim. Bu günə qədər də mən ora baxa-baxa keçirəm. Həmin hadisədən bir müddət sonra, adını deməyəcəm, bir nəfər sənətkar məni işləmək üçün bir dövlət işinə göndərdi. O vaxtlar da artıq çəkili idim. Rəhbərlik məni qəbul etdi. Kişi xeylağı idi. Oturdum. Mən dedi, “düzdü, səni filankəs tapşırıb. Amma bu boyda gövdə ilə sən nə edəcəksən?” Təsəvvür elə indi mən orda nə hala düşdüm. Bu iki hadisədən sonra özümə söz verdim ki, heç bir dövlət işində çalışmayacam.

- Ən məşhur ifalarınızdan biri “Xatırlayarsan məni”dir. O çətin dövrlərinizdə ən çox kimlər xatırlayıb sizi?

- Bir dəfə Zabit Nəbizadə ilə Simarə gəlmişdi xəstəxanaya. Onlardan başqa heç kim.

- Könül xanımı el şənliklərində ən çox tələbat olan sənətçi bilirik...

- Elə görünür. Əslində isə elə deyil. O vaxtlar muğama indiki kimi rəğbət yox idi. Bir də görürdün məni toya çağırıb türk mahnısı sifariş edirdilər. Ələlxüsus da bölgələrimizdə. Ona görə ürəklə getmirdim toylara. Dolanacaq yeganə yer toy idi. Çarəsiz qalıb gedirdim. Mehriban xanım sağ olsun, əl atdı muğamı düşdüyü quyunun dibindən xilas etdi. Ondan sonra mən toylara ürəklə getməyə başladım.

- Könül xanım, bildiyimə görə arada şeir də yazırsınız.

- Hə şeir kitabım da çıxıb. Xəstələnəndə 30 yaşım var idi. Sanki hiss edirdim ki, 30-dan sonra çökəcəm. 30 yaşıma bir şeir yazdım. 33 yaşımda artıq çökdüm.

- Yadınızda qalıbsa paylaşa bilərsiniz o şeiri?

Otuz yaş, otuz il, otuz qərinə
Qərq oldum otuzun otuz selinə
Bahar küləyində heç isinməmiş
Qışın sərt sazağı hazır önümdə

Otuz yaş nədir ki, deyir dostlarım
Hələ irəlidə uzun ömür var
Amma inanmıram, bu bir təsəlli
Sinəm çarın-çarpaz ürək sarıdan

Söhbətimizin bu yerində restoranın aşağı mərtəbəsində canlı musiqi saatı başladı. Gənc müğənni Könül xanımın da repertuarında yer alan “Olmaz-olmaz” Xalq mahnısını ifa etməyə hazırlaşır. Musiqinin bu insanın damaraında axan qan qədər həyati əhəmiyyəti olduğunun canlı şahidi oluram. Ağır bədənini asta-asta yerindən tərpədir. Stulun bir küncünə söykədiyi çəliyi əlinə alır.

Çəliyə yaslanaraq özünü tarazlayıb eyvana yaxınlaşır. Musiqiçilərin olduğu meydana boylanır. Üzündə, gözlərində təsvirini yaratmaqda çətinlik çəkdiyim bir işıq parıldayır. Könül xanım artıq bizimlə deyildi. Bütün varlığı ilə notlara qarışmışdı. Diqqətlə, pedaqoq nəzərləri ilə gənc ifaçının mahnıya necə giriş edəcəyini gözləyirdi. “Görüm sa-hil deyəcək, yoxsa sah-il”. Təxminən 2 dəqiqə çəkən bu prosesdə böyük bir məktəb gördüm. Öz-özümə heyfsləndim. Tale bu qadına bir qədər ədalətli, xoşgörülü davransaydı, indi nə qədər fəxr edəcəyi tələbəsi olardı. Söhbət əsnasında həyatda ən böyük arzularından birinin də bu olduğunu öyrənirəm.

- Cəfər Cabbarlının Almazını çox sevirdim. Ən böyük arzularımdan biri Almaz kimi müəllim olub, ucqar dağ kəndərində musiqini, muğamı tədris etmək olub. Amma qismət olmadı...

- Xəstəliyinizlə əlaqədar olaraq uzun müddət səhnədən uzaq qaldınız. Oxumağı da unutmuşdunuz, yoxsa unutmadığınız tək şey musiqi idi?

- Mən o illərdə iki gecə konservatoriyanın qapısının ağzında yatmışam. Heydər Əliyev Sarayının qarşısındakı parkda səhəri diri açdığım günlər olub. Gözümü qırpmadan bir tərəfdən konservatoriyaya, bir tərəfdən də Saraya baxmışam. Mən çıxıb getmək, tamamilə atmaq istəyirdim bu sənəti. O gün mən sənətimin möhtəşəmliyini hiss etdim.

- Siz kimisə qısqanmısınız bu sənətdə?

- Yox. Səmimi deyirəm. Mən ifasını bəyənmədiyim ifaçının belə xətrinə dəyməkdən ehtiyat etmişəm. Sənətimi sevmişəm, amma həris olmamışam. Qısqanclıqların kökü hərislikdən meydana gəlir. Bir dəfə Almanyada qastrol səfərindəydik. Biz orda, iranlı qarmon ifaçısı Rəhman var idi. Onlarda qalırdıq. O vaxtlar sənət aləmindəki intriqaları, qısqanclıqları bilmirdim. Bir səhər tezdən durdum keçdim mətbəxə. Mələkxanım Eyyubova da orda idi. Mən Mələkxanıma dedim ki, sənə çay süzüm? Gördüm Rəhmanın yoldaşı mənə təəccüblə baxır. Sonra ondan soruşdum ki, niyə heyrətlə baxırsınız, nə isə olub? Dedi bura Rəhman Azərbaycandan nə qədər sənətçi gətirib. Hamısı bir-birinə nifrətlə, paxıllıqla baxıb həmişə. Bir mətbəxdə çay içmirdilər. Sən isə Mələkxanıma deyirsən sənə çay süzüm. Sənin bu davranışın bizim üçün hadisədir. Sonralar biz Rəhmanla söhbət edəndə o mənə dedi, Azərbaycana getdim iki qarmon ifaçısını bir səhnədə birləşdirə bilmədim. Bu qədər qısqanclıq olar?

“Oğlumun qarşısında özümü günahkar hiss edirəm”

- Özünüzü ən çox kimin qarşısında günahkar hiss edirsiniz?

- Oğlumun. Kazımın qarşısında özümü günahkar hiss edirəm və heç vaxt özümü bağışlamayacam buna görə

- Niyə?

- Mənə elə gəlir, Kazımın uşaqlığını oğurlamışam. Atamın mənə etdiyi əziyyətin başqa formasını mən Kazıma yaşadıram. O, uşaq gözünü açıb məni xəstə görüb. Onun gözündə məni itirmək qorxusunu görəndə məhv oluram. Gözümün içinə baxır, məni anlamağa çalışır. Mən ölümdən sevdiklərimə görə qorxmuşam həmişə. Əvvəl anam üçün yaşamışam, indi də Kazım üçün yaşamağa məcburam. Anamdan sonra məni həyatda Kazım tutdu. Yoxsa mən 2000-ci ilin fevral ayında, ilk intihar etdiyim zaman ölməliydim.

Hisslərimizi dəfn etdiyimiz zaman kimliyimizə dair məlumatları da dəfn etmiş oluruq. Həyatımıza qorxu və təlaş içərisində davam edirik. Çünki maskamızın düşməsinə izn versək, artıq sevilməyəcəyimizi, əhəmiyyətli olmayacağımızı düşünürük. Könül xanımın da məşhur simasının altında ona bir ömür əzab verən uşaqlıq travması olub. İndi o, özünün də dediyi kimi, özü ilə üzləşmək istəyirdi. Gündə bir dəfə öz sözü ilə desək Əzrayılın nəfəsini kürəyində hiss edir. Görüşdüyümüz günün səhəri də vəziyyəti xeyli ağırlaşıb. Oğlunu yanına çağırıb öpüb, qoxulayıb.

- Səmimi olmağımı istəmişdin. Mən həyatımda ən səmimi müsahibəmi verirəm demək olar ki. Mən bu gün səmimi olmağa məcburam. Bunları hələ heç yerdə danışmamışam. Həyatda çox yüklənmişəm. Məni qıraq da didib, özümünkülər də. Həyatda tək qalmışam. Bir Kazımdı, bir də mən.

- Bəs bacı-qardaş, əl tutduğunuz insanlar?

- Hamısına canım qurban. Amma bu həyatın reallığı var. Mən onlar üçün həmişə “kaşelyok” olmuşam. Bunu gec hiss etdim. Amma bu dəfə özüm könüllü “kaşelyokam”.

- Özünüzə bu haqsızlığı niyə edirsiniz?

- Çünki mən özümdən sonra bu həyatda tək uşaq qoyub gedəcəm. Məni nə qədər yaralasalar da susuram. Mən heç kimi yaralaya bilmərəm. Mən heç kimə cavab verə bilmirəm. Onun bu həyatda məndən sonra heç kimi yoxdu. İstəmədiyim sözləri eşitməyə məcburam. Övladıma görə. O da bu səbəblərdən travmalı böyüyür. Anadan bir dəfə olsun ağır söz eşitməyib. Düşünəndəki məndən sonra kimsə ona ağır söz deyəcək... Deyilməsin deyə susuram.

- Heç istəmisiniz qızınız olsun?

- Həmişə istəmişəm. Yenə istəyirəm.

- İkinci dəfə ailə qurmaq haqqında düşünürsünüz?

- Heç vaxt. Mən həyatımda yalnız bir adamı sevmişəm, ölənə qədər də o sevgiyə sadiq qalacam. Qız uşağı istəyirəm. Övladlıq götürmək fikrim var.

- Həyatda bağışlamadığınız kimsə var?

- Kim yox, amma nə var. Bürcümü bağışlamıram (gülür). Balıq bürcüyəm mən. Çox həssasam. Bəlkə də həyatda başıma gələnlərin 99 faizi həssaslığımdan irəli gəlib.

- Fala inanırsınız?

- Ulduz falına inanıram.

- Falçıya getmisiniz heç?

- Bir dəf məcbur aparıblar. Qız vaxtı qrup yoldaşlarımızla Qaxa fala baxdırmağa getmişdik. İçəri girdik. Bir arvad idi oturmuşdu. Yanından kimisi ağlaya-ağlaya, kimisi gülə-gülə çıxırdı. Maraq bürüdü məni. Girdik arvadın yanına. Yerdə oturtdu bizi. Yanımdakı qızdan nə isə soruşur, sonra üzünü çevirib arxasına “baba” dediyi gözə görünməz varlıqla söhbət edirdi. Mən də elə ora-bura boylanıram ki, görüm bu baba hardadı. Növbə mənə çatanda soruşdu ki, nə öyrənmək istəyirsən? Dedim babanın yerini. Arvad çaşdı. Dedi baban itib? Dedim yox e babam itməyib sən deyən babanı axtarıram. Arvad qovdu bizi evdən. Qapıdan çıxanda da arvada dedim biz getdik, sən allah babadan muğayat ol. Ömrümdə getdiyim ilk və son falçı oldu. (gülür)

Söhbət bizi alıb apardığı üçün saata baxmağı unutmuşuq. Bir də ayıldıq ki, nə az, nə çox, düz 4 saatdır söhbət edirik. Bu saat ərzində birlikdə ağladıq, birlikdə güldük. Onun bu həyatda ən böyük qazancı istənilən situasiyada pozitivliyini itirməməyə çalışmasıdır. Aşağıda canlı musiqi davam edir və Könül xanımın oxumaq üçün qanının qaynadığını hiss edirəm. Elə bu anda restoran personalından bir gənc Könül xanıma aşağıda müştərilərin onunla foto çəkdirmək istəyini çatdırır. Sanıram onu bu həyatda xoşbəxt edən şeylərdən biri də tamaşaçı sevgisi və diqqətidir. Aşağı endik. Restoranda nə qədər müştəri vardı hamısı süfrənin başından qalxıb onu alqışlar, sevgi seli ilə qarşıladı. Qeyri-ixtiyari musiqi meydanına yaxınlaşdı. Mikrafonu əlinə alıb bulaq kimi səsinin sərinliyinə qərq etdi salonu. Müsahibədən əvvəl belə razılşamışdıq ki, onunla keçmiş həyat yoldaşı ilə bağlı məsələlərə toxunmayacağıq. Əsası da bu oldu ki: “O artıq ailə qurub, xoşbəxtdir, uşaqları var. Mənim ondan danışmağım doğru deyi”. Elə də etdik. Söhbət zamanı bircə dəfə də olsun o barədə söhbət açmadım. Günün sonunda ifa etdiyi mahnı isə mənim o barədə bütün suallarıma yekun cavab idi:

Ayrı düşdük, aylar ötdü il oldu
Eşqim sənsiz bir çağlayan sel oldu
Bağça saldım, qönçə açdı gül oldu
Neyçün səni bəs unuda bilmirəm?!









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bu gündən avtomobillərin COP29 zolaqlarından istifadəsinə qoyulan qadağa qüvvəyə minib - DİQQƏT
Bu gün, 00:34
Azərbaycanda kredit faizləri artacaq
Bu gün, 00:05
“İpək Yolu Sığorta”nın yığımları 3 dəfə azalıb
Bu gün, 00:02
Ölkəmizdə "Cadugərlər bayramı" yığışdırılmalıdır - ÇAĞIRIŞ
Dünən, 19:00
COP29-da özəl qurumlar da məsafədən işləyəcək? - AÇIQLAMA
Dünən, 18:56
Qısqanclıq zəmnində münaqişə qanla bitdi - Ərini öldürən Əfsanəyə hansı cəza verildi?
Dünən, 18:11
"Hizbullah" sınmayıb və İsrailə qarşı mübarizəsini davam etdirəcək" - Naim Qasım BELƏ DEYİR...
Dünən, 18:08
Pezeşkian Urmu gölünü fəlakətdən qoruyacaq? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:04
İran və Rusiya arasındakı müqavilə yeni hərbi birliyin ilkin cücərtiləri hesab olunur
Dünən, 17:59
Bakıda sel fəlakətindən zərərçəkənlərə sığorta ödənib? – Assosiasiya AÇIQLADI
Dünən, 17:55
Gürcülərə LGBT-ni sırıyırlar - Lukaşenko
Dünən, 17:50
“Gəncə Körpü Tikinti 2” şirkəti cərimələndi
Dünən, 17:46
Xəstələrin şəfa axtardığı ağır "travmalı" Travmatologiya və Ortopediya İnstitutu - BU NƏDİ BELƏ?..
Dünən, 17:40
Azərbaycanda tikinti şirkəti - LƏĞV OLUNUR
Dünən, 17:33
Mərkəzi Bankın İdarə Heyətinə yeni üzvlər təyin ediləcək
Dünən, 17:29
Rövşən Lənkəranskinin rəqibi olan "qanuni oğru" dəstəsi ilə birgə həbs olundu
Dünən, 17:27
MSK 25 manatlıq yanğınsöndürən balonlar üçün 44 min manat sərf edəcəkdi - Tender ləğv olundu
Dünən, 17:24
Gürcüstandan Ermənistanda tərs ŞİLLƏ - İcazə verilmədi
Dünən, 17:19
"Qaz təsərrüfatı olan yerlərdə təhlükəsizlik məsələsi ön planda olmalıdır ki, faciə ilə qarşılaşılmasın"
Dünən, 17:17
"Azerlime"nin müdiri cəzalandırıldı - TƏFƏRRÜAT
Dünən, 17:12
ƏÜO-da buraxılış mərasimi keçirilib - VİDEO
Dünən, 17:10
Məktəbin tələb etdiyi əlavə dərs VƏSAİTLƏRİ – Valideynlərə bu vəsaitləri almaq QADAĞAN olunur?
Dünən, 17:06
“Qəzalı evə “yüngül təmirə ehtiyacı var” yazmaq nə deməkdir?” - Prezidentə MÜRACİƏT OLUNDU
Dünən, 17:00
Ermənistanda pensiyaya çıxmış hərbçilər xidmətə qaytarılır - NƏYİN TƏDARÜKÜDÜR?
Dünən, 16:57
Tanınmış aktyor CANA DOYDU: - “Mən artıq hər şeylə barışmışam”
Dünən, 16:50
5 gün sonra dünyanın gözü burada olacaq – Regionların taleyi dəyişir
Dünən, 16:43
Fəridə Əzizovaya vəzifə verildi
Dünən, 16:40
İndi İRAN NƏ EDƏCƏK? - GƏLİŞMƏ
Dünən, 16:39
Psixoloqların işinə valideyn maneəsi - AKTUAL
Dünən, 16:35
Ağacların kəsilməsinə RİH-dən CAVAB: - "Qanunvericiliyin tələblərinə uyğun qaydada..."
Dünən, 16:31
Zəfər günü əfv olacaq? - AÇIQLAMA
Dünən, 16:17
"Kimin pulu yoxdur, onları “yararsız” yazıblar" - NARAZILIQ VAR...
Dünən, 16:13
Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib - SƏRƏNCAM
Dünən, 16:08
Fransa savaş planı qurur, İrəvan sülh mesajı verir: - Erməni nazir Ermənistanı necə şoka saldı
Dünən, 16:04
“Tərtər işi” ilə bağlı ittiham olunan şəxslərə hökm oxunub - DETALLAR
Dünən, 15:56
Zurabaşvilini Bhuttonun taleyi gözləyirmi? – 17 il əvvəlki dəhşət Qafqazda təkrarlana bilər
Dünən, 15:53
Paşinyan erməniləri ələ saldı - “Çimməyə hamamları yoxdur, amma...”
Dünən, 15:50
Qarşıdakı aylarda qızılın qiyməti necə dəyişə bilər? - İNCƏLƏMƏ
Dünən, 15:47
“ADY Əmlak”ın dövlətə vergi borcu var - MƏBLƏĞ
Dünən, 15:46
Sağı göstərib, sola dönüş: cənab Əmrullayev, siz nə istəyirsiniz? - MƏQSƏD nədir?.. yoxsa MƏQSƏD YOXDUR?
Dünən, 15:44
Xaricdən 9 manat gətirilən qara çay marketlərdə neçəyə satılır? - SİYAHI
Dünən, 15:41
Qıtlıq təhlükəsi yaranıb: Kərə yağı sürətlə bahalaşır - Rusiya Türkiyəyə ağız açdı... BƏS BİZ?
Dünən, 15:37
Ermənistanın “kəsişməyən dünyası”: - Zəngəzur dəhlizinə alternativ qondarma layihə?
Dünən, 15:33
Bu heç-heçə Tehranın maraqlarına uyğun olmalıdır - GƏLİŞMƏ
Dünən, 15:31
Ağadadaş Ağayev məhkəməyə gəlməyib, həbsi tələb olunub - TƏFƏRRÜAT
Dünən, 15:29
“Nar” mobil rabitə təlimlərinə davam edir!
Dünən, 15:26
Ermənistan COP29-a gəlməyə bu səbəbə görə tərəddüd edirmiş... - İLGİNC
Dünən, 14:26
Azərbaycanda müəllimlərin maaşı gələn ildən bu qədər arta bilər - AÇIQLAMA
Dünən, 14:02
Keyfiyyətsiz içkilər bazara daha çox ayaq açacaq - NƏ ETMƏLİ?
Dünən, 14:00
"Fransa hələ də Azərbaycanın öz gücünə..." - AKTUAL
Dünən, 13:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru