"Fikrim, zikrim, nəfəsim, ürəyim Qarabağda, cəbhədədir"
Tarix: 5-11-2020, 12:12 |
Çap et
Ölkədə hansı hadisənin baş verməsindən, mövcud durumdan asılı olmayaraq hər zaman sevilən simalar var. Onlar mədəniyyətimizin keşiyində dayanan, estetik zövqümüzü oxşayan dəyərli sənətkarlardır. Dünyadan köçənləri sevgi və sayqı ilə yad edirik. Qalanları isə daim diqqətdə saxlayır, tövsiyələrini öyrənirik. Sənətləri qədər düşüncələri, kəlmələri də qızıldan qiymətlidir. Lap bir cümlə də danışsalar, bəsimizdir.
Aktrisa Həmidə Ömərova da həmin sənətkarlardandır. İllər nə gözəlliyinə, nə də sənətinə təsir edib. Yenə də ekranlarda sevilərək, rəğbətlə izlənilir.
Biz də ordumuzun zəfərləri ilə bağlı ürək sözlərini öyrənmək üçün Həmidə xanımla əlaqə saxladıq.
Xalq artisti serial çəkilişində olmağına baxmayaraq vaxt ayırıb “Sherg.az”la təəssüratlarını bölüşdü:
“Xalqın hər nümayəndəsi kimi sevinirəm, fərəhlənirəm. İstər evdə, istərsə də çəkilişdə əlimdə telefon gözüm televizordadır. Fikrim, zikrim, nəfəsim, ürəyim Qarabağda, cəbhədədir.
Hər an əsgərlərimizi, ordumuzu düşünürəm. Şad xəbər gözləyirəm. Onlara cansağlığı arzulayıram. Qələbə, qələbə yenə də qələbə diləyirəm”.