Bir neçə gündür ki, “Lotos” Ticarət Mərkəzinin bağlanacağı ilə bağlı xəbərlər yayılır. İddialara görə, mağazaların fəaliyyətini dayandırmasına səbəb aylıq kirayə haqlarının artırılmasıdır. Narazılıq edən sahibkarlar bildirirlər ki, alver xeyli zəifləyib, amma icarə haqqı əvvəlki kimi yüksək olaraq qalır.
Məsələni yerində araşdırmaq üçün Musavat.com-un əməkdaşı “Lotos” Ticarət Mərkəzində olub, mövcud vəziyyəti öz gözləri ilə görüb, satıcılarla söhbətləşib.
Qeyd edək ki, ticarət mərkəzinin həm daxilində, həm də çöl hissəsində mağazalar fəaliyyət göstərir. Narazılıqlar əsasən çöldə yerləşən mağaza sahibləri arasında müşahidə olunub. Ticarət mərkəzinə daxil olan kimi isə hər hansı kütləvi bağlanma və ya ciddi dəyişiklik gözə dəymir. Mağazalar fəaliyyətini davam etdirir. Bununla belə, alverin zəif olduğu açıq-aşkar hiss olunur. Günün gur vaxtında belə, müştəri sayı xeyli az idi.
İlk olaraq birinci mərtəbədə qızıl satıcısına yaxınlaşırıq. Satıcı vəziyyəti belə izah edir:
“Çöldəki mağazalar idi narazılıq edən, amma indi işləyirlər. Siz istəyirsiniz, bir yuxarıdan da soruşun. Biz o qədər də məlumatlı deyilik”.
Daha sonra qadın geyimləri satılan mərtəbəyə qalxırıq. Buradakı satıcılar da yayılan xəbərlərin onlara aid olmadığını deyirlər:
“Bizim bağlamaq fikrimiz yox idi. Çöldəki mağazalar narazılıq edirdi. Biz də oradan-buradan eşitdik”.
Kirayə qiymətlərindən razı olub-olmadıqlarını soruşuruq. Satıcılar bir qədər ehtiyatla cavab verirlər:
“Normaldır. Razıyıq ki, oturmuşuq burada. Kirayə qiyməti isə hərədə bir cürdür. Müdiriyyət bilir bunu”.
Yaxınlıqdakı başqa bir mağazanın satıcısı isə əlavə edir:
“Müdiriyyətə etiraz idi ki, kirayə pullarını aşağı salsınlar. Bu gün həll olundu problemləri. İşləyirlər...”
Kişi kostyumları satılan mərtəbəyə qalxırıq. Burada da mənzərə təxminən eynidir. Satıcılardan başqa demək olar ki, heç kim görünmür. Alverin zəif olduğu açıq hiss olunur.
Satıcılardan biri deyir:
“Yuxarıda bəzi mağaza sahibləri narazılıq edirdilər. Burada isə narazılıq yoxdur”.
Bir mərtəbə də yuxarı qalxırıq. Xalça satılan bölmədə satıcılardan biri iddiaları qətiyyətlə təkzib edir:
“Deyilənlər şayiələrdir. Həmin mağaza sahibləri yalandan hay saldılar ki, kirayə qiymətlərini aşağı salsınlar. İşlərini daha da korladılar, öz evlərini yıxdılar. İndi heç müştəri də tapmırlar. Heç kim mağazasını bağlamayıb, iş də həmişəki kimi gedir”.
Daha sonra gəlinlik satılan mərtəbəyə üz tuturuq. Bəmbəyaz gəlinliklərin arasında bizi son dərəcə gülərüz və dilli-dilavər bir satıcı qarşılayır. Salam verməyimizlə mallarını tərifləməyə başlayır. Biz də fürsətdən istifadə edib mağazanın bağlanıb-bağlanmadığını soruşuruq.
“Ay qızım, niyə bağlayaq ki?! İki-üç avara adam alver edə bilmir deyə biz niyə işimizi dayandıraq ki? Bu ay mən 6 min pul qazanmışam. Bir aya bu qədər pul qazanıram, niyə narazı olum? 570 manat kirayə puludur, elə çox deyil ki. Deyirlər də, fikir verməyin”.
Satıcının danışığından görünür ki, o, həm işindən razıdır, həm də gələcəyinə inamla baxır.
Söhbət əsnasında gəlinliklərin qiymətlərini də soruşuruq. Satıcı böyük həvəslə bir-bir nümunələri göstərir:
“Bax, bu paltarın kirayəliyi 800 manatdır, sizə 500-dən verərəm. Bu paltar isə 2 min manatadır, sizə 600 manatdan verərəm. 300 manata olan da var”.
Beləliklə, “Lotos” Ticarət Mərkəzində vəziyyətin tamamilə fərqli olduğu aydın görünür. Kütləvi bağlanmadan söhbət getmir. Narazılıqlar əsasən ticarət mərkəzinin çöl hissəsində fəaliyyət göstərən bəzi mağaza sahibləri arasında yaşanıb. Hazırda isə ticarət mərkəzi əvvəlki qaydada fəaliyyətini davam etdirir. Bununla belə, satıcıların da etiraf etdiyi kimi, əsas problem bağlanma deyil, alverin zəifləməsidir.










