Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində Ramiz Mehdiyev və onun ətrafında formalaşmış çevrə ilə bağlı aparılan istintaqda Abbas Abbasovun cinayət işinə cəlb olunması və barəsində axtarış elan edilməsi prosesin təkcə ayrı-ayrı şəxslərlə məhdudlaşmadığını, dövlət təhlükəsizliyini hədəf alan sistemli fəaliyyətin araşdırıldığını göstərir. Məsələ artıq daxili siyasi mübarizə müstəvisindən çıxaraq, xarici əlaqələr, maliyyə axınları və koordinasiyalı fəaliyyət şübhələri fonunda çoxşaxəli təhlükəsizlik istintaqına çevrilib.
İstintaq materiallarından aydın olur ki, Ramiz Mehdiyev təkbaşına hərəkət edən fiqur kimi deyil, uzun illər ərzində formalaşdırılmış daxili və xarici əlaqələr şəbəkəsinin mərkəzi koordinasiya nöqtəsi kimi qiymətləndirilir. Bu kontekstdə Abbas Abbasovun adı xüsusi çəkilir. İstintaqın versiyasına görə, Abbasov xaricdə - xüsusilə Rusiyada - maliyyə resurslarının yönləndirilməsi, diaspora strukturları üzərindən təsir mexanizmlərinin qurulması və əlaqələndirmə xəttinin icraçısı olub.
Abbas Abbasovun uzun müddət Rusiya ərazisində yaşaması, oradakı azərbaycanlı diaspor təşkilatlarında təsir imkanları əldə etməsi və qalmaqallı “Milyarderlər İttifaqı”na rəhbərlik etməsi istintaq üçün təsadüfi faktor sayılmır. Toplanmış materiallarda xaricdən Azərbaycana yönəlmiş maliyyə axınları, ölkə hüdudlarından kənarda keçirilmiş qapalı görüşlər, audio və video sübutlar, habelə konstitusion quruluşun zorakı yolla dəyişdirilməsi cəhdlərinə dair iddialar xüsusi yer tutur. Bu faktlar işi sırf siyasi ambisiya və ya şəxsi qarşıdurma kimi deyil, planlı və mərhələli fəaliyyət kimi təqdim etməyə imkan verir.
Məhz bu yanaşma Ramiz Mehdiyev barəsində Cinayət Məcəlləsinin 278-ci (hakimiyyətin zorla ələ keçirilməsi), 274-cü (dövlətə xəyanət) və 193-1-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması) maddələrinin irəli sürülməsində hüquqi əsas rolunu oynayır. Abbas Abbasovun istintaqda fiqurant kimi önə çıxması isə bu maddələrin yalnız daxili şəbəkə ilə deyil, xarici dayaq nöqtələri ilə əlaqələndirildiyini göstərir.
Abbas Abbasovun Rusiya vətəndaşı olması onun ekstradisiyasını hüquqi baxımdan mürəkkəbləşdirir. Lakin beynəlxalq təcrübə göstərir ki, bu cür hallarda proses tamamilə mümkünsüz sayılmır. “Yeni Müsavat”ın xatırlatdığı kimi, separatçı fəaliyyətinə görə Azərbaycanda axtarışda olan Fəxrəddin Abbasov vaxtilə Rusiyadan ekstradisiya edilmişdi. Digər presedent kimi Zahirəddin İbrahimovun adı çəkilir. O, qanunsuz fəaliyyətlərinə görə Rusiya vətəndaşlığından məhrum edilərək Azərbaycana təhvil verilmişdi.
Bu faktlar onu deməyə əsas verir ki, əgər Rusiya siyasi rəhbərliyi tərəfindən müvafiq razılıq verilərsə, Abbas Abbasovun da vətəndaşlıqdan çıxarılması və Azərbaycana göndərilməsi istisna deyil. Xüsusilə ittihamların ağırlığı, dövlət təhlükəsizliyi və konstitusion quruluşa yönəlmiş iddialar bu ehtimalı artırır. Belə bir ssenari baş verərsə, istintaq Ramiz Mehdiyev dosyesinin xarici əlaqələr qolunu açıq məhkəmə müstəvisində tam şəkildə ortaya qoymaq imkanı əldə edəcək.
Əks halda belə, Abbas Abbasovun beynəlxalq axtarışda qalması və barəsində toplanmış sübutlar istintaqın mahiyyətini zəiflətmir. Əksinə, prosesin miqyasını genişləndirir və iddiaların tək-tək şəxslərdən ibarət olmadığını, koordinasiyalı və sistemli xarakter daşıdığını göstərir.
Bəs belə ağır ittihamlarla barəsində axtarış elan edilən Abbasovun işi necə olacaq? Onun üzərindəki cinayət işinin istintaqı açıq qala bilərmi?
Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov “Yeni Müsavat”a mövzu ilə bağlı danışıb. O bildirib ki, A.Abbasov aktiv fəaliyyətdə olduğu dövrdə Azərbaycan vətəndaşı olub və ölkəmizdə yüksək vəzifədə təmsil olunub: “Söhbət onun Baş nazirin birinci müavini olmasından gedir. Həmin dönəmdə o öz səlahiyyətlərindən sui-istifadə edib.
Rusiya və Azərbaycan arasında cinayət törətmiş şəxslərin təhvil verilməsi ilə bağlı sənəd var. Bu sənəd cinayətkarların ekstradisiyası ilə bağlı məsələləri əks etdirir. Mümkündür ki, Rusiya Abbasovu verməsin. Çünki bu şəxslər Rusiya üçün önəmlidir, onlar Rusiyaya bağlı olublar. Əgər Rusiya bu şəxsi Azərbaycana təhvil verməsə, onun cinayət işinə qiyabi formada da baxıla bilər və barəsində həbs qətimkan tədbiri tətbiq edilə bilər. Məhkəmədə baxaraq, onlar barəsində yekun qərar da çıxarıla bilər.
Düşünürəm ki, bu məsələ dövlət üçün həssas mövzudur və bu şəxslərin təhvil verilməsi və istintaqa cəlb edilməsi daha yaxşı olar. Rusiya Azərbaycanla olan münasibətləri daha üstün tutarsa bu, baş tuta bilər. 2022-ci ilin 22 fevralında Azərbaycan prezidenti ilə Rusiya prezidenti arasında Moskvada imzalanmış qarşılıqlı müttəfiqlik sənəd var. Həmin o sənədlə bağlı Rusiya öz öhdəliklərinə riayət edəcəksə, ümid edək ki, onu təhvil verəcək. Lakin Rusiya öz emissarlarını üstün tutarsa, o halda biz də adekvat addımlar atacağıq. Rusiya üçün də kifayət qədər önəmli insanlar ola bilər ki, Rusiyada hər hansısa bir cinayəti törədiblər və Azərbaycana keçiblər və ölkəmizdə gizlənirlər. Belə olan halda bu məsələ layiqli şəkildə cavabını alacaq".
X.Bəşirov bildirib ki, A.Abbasovun təhvil verilməsi cinayət işinin şəffaf araşdırılması baxımından önəm kəsb edir: “Abbasov və cinayət işində adları çəkilməyən bir çox şəxslər dövlət orqanları ilə əməkdaşlıq edərlərsə və dövlətə bu barədə ətraflı məlumat verərlərsə, eyni zamanda hərəkətləri ilə dövlətə əhəmiyyətli zərər verməyiblərsə, o halda dövlət onları məsuliyyətdən azad edə bilər. Onların məsuliyyətdən azad olmaq imkanları var. Abbasovun özü istintaqla əməkdaşlıq edə bilər. Dövlət onun barəsində bunu yüngülləşdirici hal kimi nəzərə ala bilər”.
Politoloq Qulamhüseyn Əlibəyli qəzetə bildirib ki, A.Abbasovun Rusiya vətəndaşlığının olması onun başqa bir dövlətə təhvil verilməsini konstitusion qaydada istisna edir: “Həm Rusiya, həm də Azərbaycan konstitusiyasına görə, ölkənin vətəndaşı hər hansısa bir cinayət əməlinə görə başqa dövlətə verilə bilməz. İkili vətəndaşlığı olan şəxslərə münasibətdə də bu tətbiq olunmur. Ümumi qayda belədir ki, A.Abbasov barəsində iş Rusiyanın istintaq komitəsinə göndərilə bilər və komitə işi başa çatdırıb məhkəməyə təhvil verə bilər. Rusiya ilə Azərbaycan arasında qarşılıqlı hüquqi yardım haqqında müqavilə var.
Güman edirəm ki, Abbasovun Azərbaycana birbaşa verilməsi mümkün olmayacaq, lakin İnterpol xətti ilə axtarışa verilə bilər və başqa ölkənin ərazisinə gedərsə, həmin ölkənin ərazisində İnterpol tərəfindən saxlanılıb Azərbaycana gətirilə bilər".









