Biz imkanımıza görə yox, əhvalımıza görə yaşayırıq. Səhər ağır başlayıbsa, 10 manatlıq qəhvə alırıq, köhnə telefonumuz estetikanı pozursa, kreditə yeni model götürürük. Emosiyalarımız xərclərimizi idarə edir, reklam əsəb sistemimizlə oynayır, iqtisadiyyat isə elə bil hər kəs üçün fərqli işləyir. Bu yazıda nəyə görə bizə lazım olmayan şeyləri aldığımızı, başqasının “Instagram”da xoşbəxtliyinin bizim bank hesabımıza necə təsir etdiyini və rahatlıq istəyən ruhumuzla aman diləyən pulqabımız arasında necə tarazlıq tapa biləcəyimizi araşdıracağıq.
Qəlbimizdəki ağrıları alış-verişlə ovuduruq – elə bil yara üstə yaraşıqlı plastır yapışdırırıq. Gözə xoş gəlir, amma sağaltmır.
Heç fikir vermisiniz ki, “Səhər ağır olub, özümə gözəl stəkanda qəhvə alıb kefimi açım” və ya “Dalaşandan sonra özümə təzə bir şey alıb təsəlli tapmaq istəyirəm” deyə düşünürsünüz? Emosional istehlak dünyasına xoş gəlmisiniz. Burada bizim hisslərimiz alış-veriş qərarlarımızı idarə edir, marketinq isə sevinərək bundan istifadə edir.
Gəlin araşdıraq: niyə ehtiyacımız olmayan şeyləri alırıq, niyə baha əşyalar üçün kredit götürürük və “iqtisadiyyat” hamı üçün niyə fərqlidir.
1. Psixoterapiya əvəzinə alış-veriş
Özümüzü pis hiss edəndə ani olaraq nəsə alıb kefimizi açmaq istəyirik – bəzən yeni kofta, bəzən telefon, bəzən də ikiqat pendirli pitsa.
Bu, emosional istehlak adlanır – nəyəsə ehtiyac olduğu üçün yox, darıxdığımız, tənhalaşdığımız və ya ruhumuz sıxıldığı üçün alış-veriş edirik.
Həyatımızdan nümunə:
Yaxın adamla dalaşırsan – dükan girib özünə saat və ya telefon alırsan. Bu, sənə lazım deyil, sadəcə içindən belə bir hiss gəlir: “Mən buna layiqəm. Mən bunu özümə ala bilərəm”.
Öz özünə belə bir emosional hədiyyə ani sevinc hissinə səbəb olur, həqiqətən də kefini qaldıra bilər – amma qısa müddətə. Sonra isə boş cib və həmişə lazım olmayan əşya qalır.
2. Reklam hisslərimizlə necə oynayır?
Müasir reklamlar artıq məhsulu göstərmir, hiss satır. Bizə əşya yox, rahatlıq, özünəinam, sevilmək və status hissi satırlar. Və bizi ən çox da zəif anda yaxalayırlar.
“Sən buna layiqsən”, “Özünə qayğı göstər”, “Sadəcə qəhvə deyil” – bu cür şüarlar emosional alış-verişi tətikləyir. Və çox zaman da işləyir.
Nümunə: Bakıda bir restoran menyuya 300 manatlıq qara kürü əlavə etdi. Heç kim sifariş etmədi. Əvəzində isə 50 manatlıq menyu dəsti daha çox satılmağa başladı və ümumi gəlir artdı... Niyə? Çünki 300 manatlıq yeməyin yanında 50 manat ucuz görünür. Eyni üsulla dükanlar 60 manatlıq köynəyin yanına 40 manatlıq köynək qoyur – sən də ikinciyə üstünlük verib guya qənaət etdiyini sanırsan. Halbuki heç nə almaq fikrin yox idi.
Bu, psixoloji oyundur – qiymət lövbəri. Sən hiss edirsən ki, qənaət edirsən, əslində isə marketinq toruna düşmüsən. Maliyyə sabitliyi özünü tanımaqla başlayır. Heç də bütün xərclər pis deyil. Amma onları məqsədlər yox, emosiyalar idarə edəndə, büdcə gözə görünmədən dağılmağa başlayır. Öz impulslarınızı ayırd etməyi öyrənin, mümkündür ki, bu zaman daha az xərcləməyə başlayacaqsınız.
3. Kredit: pul barədə yox, görüntü barədə
Status krediti – başqalarının sənin haqqında fikrinin kirayəsini ödəmək kimidir. “Instagram” və “TikTok” dövründə özünü başqalarıyla müqayisə etmək artıq instinkt halını alıb. Başqasının xoşbəxt, uğurlu həyatını görürük və narahat oluruq: “Mən də geri qalıram”. “Mən kifayət qədər uğurlu deyiləm” fikri yaranır.
Və bu an asan yol peyda olur – kredit. Pul yığmaq, ehtiyacları analiz etmək əvəzinə, görünüşü qorumaq üçün borca giririk.
Məsələn: Yeni iPhone alırıq, halbuki köhnəsi işləyir. Brend idman ayaqqabısı alırıq, halbuki adi ayaqqabı da rahatdır. Niyə? Çünki bu gün statusunuz artıq işinizlə yox, əşya ilə ölçülür.
Sosial şəbəkələr də odun üstünə yağ tökür: gözümüz qarşısında başqalarının turist səfərləri, yeməkləri, texnikası. “Mən geri qalıram, mənə də lazımdır” hissi yaranır. Biz də “geri qalmamaq üçün” alırıq – hətta kreditə olsa da. Biz artıq əşya almırıq, “uğurlu həyatın bir hissəsi olduğumuzu” alırıq. İroniya ondadır ki, nəticədə real həyatımıza zərbə vururuq – faizlər, borclar, stress. Bir sözlə: görüntü naminə kredit.
4. Zəngin və kasıb – sanki ayrı dünyalardır
Zəngin və kasıb bir qatarda fərqli vaqonlarda gedən sərnişin kimidir: biri kondisionerli kupedə, o biri pəncərəsiz plaskartda. Hərəsi də elə bilir ki, bütün qatar onun gördüyü kimidir.
Televizorda “iqtisadiyyat böyüyür” deyəndə, bir çox adam çiynini çəkib deyir: “Bəs düyü niyə bahalaşır? Böyümə hardadır?” Çünki biz əslində fərqli iqtisadi reallıqlarda yaşayırıq.
Şərti varlı pulu hara yatırmaq barədə, şərti kasıb isə ayın sonuna necə çıxmaq, yeni borc almamaq barədə danışır. Bu iki dünya demək olar, kəsişmirlər.
Misal: Bir böhran – iki fərqli zərbə
Fond bazarı çökəndə varlı faizlərini itirir, kasıb isə uşağa ət almaq imkanını. Biri premium istirahətdən imtina edir, biri evini qızdıra bilmir. Eyni böhran fərqli şəkildə hiss olunur: çünki problemlərin başlanğıc mövqeyi fərqlidir. Maliyyə savadlılığı çox faydalıdır. Amma o, seçim imkanı olanda işləyir.
Varlılar qənaət edə və gələcəyə yatırım qoya bilərlər. Amma hər şey yemək, kredit və mənzil kirayəsinə gedəndə, “10% qənaət et” məsləhəti ələ salmaq kimi səslənir. Bəzən məsələ intizamda deyil, manevr məkanının olmamasındadır.
5. Nə etmək olar?
Ölkənin iqtisadiyyatını bir anda dəyişmək bizim əlimizdə deyil.
Amma öz emosiyalarımızın bizi necə idarə etdiyini görə bilərik – və bu anda necə davranacağımızı seçmək bizim əlimizdədir.
Bir neçə sadə və işlək üsul:
Alış-verişi bir gün sonraya saxlayın. Xüsusilə də, əgər “indi mütləq almalıyam” hissi varsa. Çox vaxt sabah həmin şey o qədər də cazibədar görünmür.
İmpulsiv xərcləri gerçək qayğı ilə əvəz edin: gəzintiyə çıxın, yaxın bir insanla söhbət edin, idmanla məşğul olun, telefonsuz çay için.
Özünüzə sual verin: “Mən bunu həqiqətən istəyirəm, yoxsa istəyirəm ki, başqaları bunu görsün?”
Hamı kimi olmamaqdan çəkinməyin. Məntiqli olmaq və başqalarının gözləntilərindən asılı qalmamaq – bu da bir cür sərvətdir.
Bəli, hamımız eyni ölkədə yaşayırıq, amma fərqli iqtisadi xəbərlər oxuyuruq: kimisi fond bazarını, kimisi məhəllə bazarını izləyir. Və nəticədə elə bil fərqli dillərdə fərqli iqtisadiyyatdan danışırıq.
Amma əslində…
Dünya ədalətli deyil. Təbəqələr arasında uçurum insanın gəliri ilə yanaşı, düşüncə tərzi, fürsətləri, qorxuları arasındadır. Tək bizim cəmiyyət deyil, bütün mürəkkəb sosial sistemlər belə qurulub. Həmişə belə olacaq: biri strategiya quracaq, biri isə çətinliklə də olsa ayaqda qalmağa çalışacaq və axının daha da sürtələnməməsinə çalışacaq.
Amma hər kəs – hansı “vaqonda” getməsindən asılı olmayaraq – öz vəziyyətini yaxşılaşdırmağa, öz həyatını daha sabit, dəyərli və mənalı etməyə çalışa bilər.
Hər dəfə alınmaya bilər. Amma cəhdin özü – taleyə meydan oxumaq, qoyulan sərhədlərə etiraz etməkdir. Və daha şüurlu, daha dəyərli gələcəyə doğru bir addımdır.
Yoxsulluqdan daha qorxulusu – başqalarının gözləntilərinin əsirinə çevrilməkdir…
Fuad Rəsulov - pressklub.az