
İran prezidenti Məsud Pezeşkianın Azərbaycana son rəsmi səfəri müşahidəçilərdə belə bir fikir formalaşdırıb ki, iki ölkə arasında münasibətlərin radikal şəkildə yaxşılaşması reallaşa biləcək perspektivdir. Hansı ki, bir müddət əvvələ qədər belə yaxınlaşma hər iki tərəf üçün əlçatmaz arzu kimi görünürdü. Artıq hakimiyyətə yaxın media orqanlarında açıq şəkildə yazılır ki, “bu məhsuldar səfər sərhədlə ayrılan, amma ortaq tarix, mədəniyyət və dinin birləşdirdiyi iki dövlət arasında münasibətlərin yeni mərhələsinin başlanğıcını qoyub”.
Görünən odur ki, Azərbaycan heç kimə qarşı ittifaq formalaşdırmaq niyyətində deyil, bölgədə bütün tərəflərin maraqlarını nəzərə alan əməkdaşlıq platformaları qurmağa çalışır. Əlbəttə, İranın da regional sabitlik arxitekturasında mühüm element rolunu oynamağa başlaması ideal variant olardı. Çünki İkinci Qarabağ müharibəsindən sonra yaranan yeni siyasi reallıq tərəflərə, ilk növbədə iqtisadiyyat, nəqliyyat və enerji sahələrində əməkdaşlığın genişlənməsi üçün müxtəlif imkanlar aça bilər.
Hələ bir müddət əvvəl Azərbaycanda belə perspektivi təsəvvür də etmirdilər. Amma görünür, nəsə dəyişib. Amma nə? İran rəhbərliyi daxilində də oxşar yaxınlaşma meyllərinin yaranması üçün əsas varmı? Axı, məlumdur ki, İran rəhbərliyi yalnız islahatçı, azərbaycanlı Pezeşkiandan ibarət deyil. Düzdür, İran İslam Respublikasının prezidenti həm daxili, həm də xarici siyasətdəki bir çox məsələlərdə konstruktiv və mütərəqqi mövqe sərgiləyir. Lakin ona qarşı hələ də mühafizəkar dairələr, ruhanilər və SEPAH (İran İslam İnqilabı Keşikçiləri Korpusu) kimi əks qüvvələr dayanır.
Və belə bir şəraitdə sual yaranır: Pezeşkianın Bakıya səfərinin təkcə ənənəvi dialoqun davamı deyil, tərəflərin əməkdaşlığı keyfiyyətcə yeni, strateji səviyyəyə qaldırmaq niyyəti kimi dəyərləndirilməsi ilə bağlı səslənən proqnozlar həddindən artıq tələsik deyilmi?
Bununla bağlı Pressklub.az-a danışan region üzrə tanınmış mütəxəssis, Rusiya Dövlət Humanitar Universitetinin Müasir Şərq və Afrika kafedrasının dosenti, Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun baş elmi işçisi Lana Rəvəndi-Fədayi isə əmindir ki, Azərbaycan və İran tamamilə anlaşa və mehriban qonşular kimi dinc yanaşı yaşaya bilərlər.
“Lakin bu prosesə mane ola biləcək bir neçə amil mövcuddur. Əgər tarixə nəzər salsaq və İranda İslam inqilabından əvvəlki dövrə baxsaq görərik ki, Qacarlar dönəmində azərbaycanlılar ümumiyyətlə ayrı-seçkiliyə məruz qalmayıblar, Cənubi Azərbaycan isə ölkənin ən qabaqcıl regionlarından biri hesab olunub (hərçənd, ölkə özü geriləyirdi). İran azərbaycanlıları Məşrutə inqilabı kimi bütün tərəqqipərvər ictimai hərəkatlarda fəal iştirak edirdilər.
Ancaq Pəhləvilər sülaləsi dövründə vəziyyət kəskin dəyişdi. Fars şovinizmini dövlət ideologiyasına çevirən Pəhləvilər dövründə azərbaycanlıların və digər etnik azlıqların durumu xeyli pisləşdi. İctimai yerlərdə yalnız farsca danışmaq məcburi idi, azərbaycanca nəşriyyat fəaliyyəti barədə düşünmək isə mümkün deyildi. Yalnız İslam inqilabından sonra müəyyən yumşalmalar oldu – yetərli olmasa da, azərbaycanca qəzet və jurnallar çıxmağa başladı. Kitab nəşriyyatı və təhsil sahəsində isə vəziyyət hələ də zəifdir. Amma yenə də şah dövrü ilə müqayisədə nisbətən irəliləyiş var”, – alim tarixə səyahət edir.
O, qeyd edir ki, İran azərbaycanlıları məhz bu səbəbdən bu gün də öz mədəni və dil haqları uğrunda mübarizə aparırlar:
“Prezident Məsud Pezeşkian onların bu istəklərini səmimi şəkildə dəstəkləyir. Axı, ona azərbaycanlıların əksəriyyəti səs verib.
Bununla yanaşı, Azərbaycanın İsrail və Türkiyə ilə yaxın təmaslarını narahatlıqla izləyən İran ultra-mühafizəkar dairələrinin də mövqeyi var. Onlar İsraili Fələstini işğal etmiş cinayətkar dövlət, Türkiyəni isə NATO üzvü kimi şübhəli tərəf hesab edirlər. Habelə, bu dairələr Azərbaycanın Türkiyə ilə birgə fəaliyyəti nəticəsində İran azərbaycanlıları arasında separatizm təhlükəsinin yaranacağından ehtiyatlanırlar. Amma məncə, bu narahatlıqlar əsassızdır”, – deyə iranşünas vurğulayıb.
Alim həmçinin qeyd edib ki, əgər böyük güclərdən hansınınsa Azərbaycanla İran arasında yaxınlaşmanın qarşısını almağa çalışmasından danışırıqsa, burada ilk növbədə İsrailin adını çəkmək olar: “Çünki İsrail islam rejiminin mövcud olmamasını arzulayır. ABŞ da məlum səbəblərə görə İranı təcrid etməyə çalışır və buna görə Azərbaycan-İran yaxınlaşması Vaşinqton üçün sərfəli deyil. Tramp administrasiyası bu məsələdə hələ sürprizlər edə bilər. Ermənistanda Qarabağın Azərbaycana qaytarılmasından narazı qalan revanşist qüvvələrin də mövqeyi bu məsələdə müəyyən rol oynayır. Onlar istəyirlər ki, İran açıq şəkildə Ermənistanın tərəfində dursun və İranın Azərbaycanın ərazi bütövlüyünü tanımasından sonra hətta onu “xəyanətdə” ittiham edirlər. Amma Paşinyan hökuməti dövründə bu qüvvələrin təsir imkanları zəifləyib”, – Rəvəndi-Fədayi yekunlaşdırıb.
Pressklub.az