
Ermənistan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin keçmiş başçısı gülünc açıqlamaları ilə yenidən gündəmə gəlməyi bacarıb.
Musavat.com xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin keçmiş sözçüsü Arsrun Hovhannisyan ölkə televiziyalarından birində qatıldığı proqramda verdiyi açıqlamalarla sözün əsl mənasında hər kəsi güldürməyə nail olub.
Belə ki, o, II Dünya Müharibəsi dövrünə toxunub və həmin dövrdə baş verənləri "şərh" edib. Onun sözlərinə görə, əgər Adolf Hitler həmin dövrdə Qafqazı ələ keçirsəydi, bu, Ermənistan üçün tarixi ərazilərin bərpasına yol aça bilərdi.
Hovhannisyan qeyd edib ki, guya belə bir ssenaridə erməni legionları vasitəsilə Türkiyəyə hücum edilə və “Böyük Ermənistan”ın qurulmasına imkan yaradıla bilərdi.
Hovhannisyanın verdiyi bu sərsəm açıqlamar elə öz ölkəsində də gülüşlə qarşılanıb. Sosial şəbəkələrin erməni seqmentində onun fikirlərinə lağ-lağı ilə yanaşıblar.
Xatırladaq ki, Hovhannisyan 44 günlük müharibə zamanı Ermənistan MN-in sözçüsü vəzifəsində çalışıb. O, həmin zamanlarda da özünün hərəkətləri və gülünc açıqlamaları ilə yadda qalmışdı.