
Qarlı hava şəraiti ilə bağlı ali təhsil müəssisələrinin bəzisində dərslər təxirə salınıb, tələbələrə dərslərə onlayn qoşulmaq tövsiyə edilib. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində axşam dərsləri təxirə salınıb. Modern.az-ın əldə etdiyi məlumata əsasən, buna səbəb hava şəraitidir. Ali təhsil müəssisəsi saytın sorğusuna cavab olaraq məlumatı təsdiq edib. Qeyd edilib ki, qarlı hava şəraiti ilə əlaqədar 16:00-dan sonra hava şəraiti ilə əlaqədar olaraq dərslər keçirilmir, axşam dərsləri isə təxirə salınıb. Həmçinin ADA Universitetinin kampusu açıq olsa da, hava şəraiti ilə bağlı əməkdaşların evdən işləməsinə, dərslərin isə onlayn formatda keçirilməsinə icazə verilib. Bildirilib ki, tələbələrin kampusa gəlməsi ilə bağlı heç bir qadağa və ya məhdudiyyət tətbiq edilmir.
Təhsil eksperti Kamran Əsədov isə bildirdi ki, təhsil sistemi çevik və operativ olmalıdır:
- Təbiət hadisələri – qar, yağış, buzlanma – qaçılmazdır, lakin müasir dövrün tələblərinə uyğun olaraq təhsil sahəsində alternativlər tətbiq edilməlidir. Ən vacib məsələ insan sağlamlığıdır və tələbə, şagird, müəllim üçün təhlükəsiz mühit təmin olunmalıdır. Hava şəraiti ilə bağlı müvafiq qurumlar əvvəlcədən xəbərdarlıq edirlər. Əgər yollar buz bağlayır, avtobuslar hərəkət edə bilmir və insanlar vaxtında dərsə çata bilmirsə, tədris prosesinin fasiləsizliyini qorumaq üçün çevik həll yollarına ehtiyac var. Pandemiya dövründə distant təhsilə keçid sürətli şəkildə həyata keçirildi. O zaman texniki imkanlardan istifadə etməyi bacardıqsa, indi də bu praktikanı hava şəraitinə uyğun tətbiq etməliyik. Universitetlər, məktəblər və kolleclər hava şəraitinin kəskin pisləşdiyi günlərdə dərsləri onlayn platformalara keçirməli, tələbə və müəllimləri çətin şəraitdə yollara çıxmağa məcbur etməməlidir. Hazırda Azərbaycanda əksər ali təhsil müəssisələri və orta məktəblər onlayn dərs keçmək üçün lazımi infrastruktura malikdir. "Zoom", "Microsoft Teams","Google Classroom" kimi platformalar geniş yayılıb və istifadəsi mümkündür. Bu məsələdə operativ qərar qəbul edilməlidir. Təhsil müəssisələrinin rəhbərləri və aidiyyəti dövlət qurumları öncədən proqnozları nəzərə alaraq, hansı hallarda dərslərin onlayn rejimə keçiriləcəyinə dair mexanizm yaratmalıdırlar. Belə yanaşma həm təhsilin fasiləsizliyini təmin edəcək, həm də şagirdlərin və müəllimlərin sağlamlığını qoruyacaq. Süni maneələr yaratmağa ehtiyac yoxdur. Əgər tələbə və müəllim yolu təhlükə ilə qət etməyə məcbur olursa, bu, səmərəli təhsil modeli sayıla bilməz. Çevik, müasir və təhlükəsiz təhsil üçün alternativlər mütləq tətbiq olunmalıdır. Təhsil sistemi hava şəraitinə deyil, insan sağlamlığına uyğun şəkildə təşkil edilməlidir.