Amili üzr istəməlidir... - Başqa cür ola da bilməz...
"29 dekabr 2024-cü il tarixində Ərdəbildə İranın Ali rəhbərinin Ərdəbil vilayəti üzrə nümayəndəsi, Ərdəbilin imam cüməsi Seyid Həsən Amelinin iştirak etdiyi və İranın Radio və Televiziya Təşkilatının "Xəbər Şəbəkəsi" kanalında yayımlanan tədbirdə Azərbaycana və dövlət başçımıza qarşı səsləndirdiyi təhqiramiz ifadələr hər birimizdə hiddətləndirdi".
Bunu Sonxeber.az-a danışan deputat Vüqar İskəndərov bildirib.
Deputat qeyd edib ki, iki ölkə arasındakı münasibətlərin tənzimlənməsində Azərbaycan xüsusi rol oynayır:
"Münasibətlərin gərginləşməsində səbəbkar hər zaman İran olub. İran Azərbaycana qarşı yürütdüyü siyasətlə iki ölkə arasında münasibətləri gərginləşdirməyə davam edir. Bu ölkənin yeni rəhbərliyi Azərbaycanla münasibətləri normallaşdırmaq istəyir. Bunu Məsud Pezeşkianın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə göndərdiyi məktubda və telefon danışıqlarında aydın görmək olur. Azərbaycan tərəfi Məsud Pezeşkianın bu addımlarını yüksək qiymətləndirir. Rəsmi Bakı dəfələrlə söyləyib ki, İranla hər zaman dostluq siyasətinə söykənən münasibətlərin qurulmasında maraqlıdır. Bu həm də regionda daimi sülhün təmin olunması üçün vacibdir".
Deputat vurğulayıb ki, İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsinin Seyid Həsən Amelinin söylədiklərini təkzib etməsi, onun söylədiklərinin İran hökumətinin rəsmi mövqe ilə heç bir əlaqəsi yoxdur deməsi və Azərbaycanla münasibətlərin normal olmasını bildirməsi dediklərimizin bariz nümunəsidir:
"Düşürəm ki, rəsmi Tehran da Azərbaycan-İran arasındakı münasibətləri normallaşdırılmasında maraqlıdır. Bu baxımdan hesab edirəm ki, Seyid Həsən Amelinin də ölkəmizə qarşı səsləndirdiyi fikirlər rəsmi İran tərəfindən də qınanılacaq. Onun kimi danışığından xəbəri olmayan və səsləndirdiyi fikirləri dərk etməyən insanların İran Ali rəhbərliyinin nümayəndəsi olması doğru deyil. Çünki Ameli kimi şəxslərin səsləndirdiyi sərsəm fikirləri hökumət nümayəndələri təkzib etməli olurlar. Biz düşünürük ki, Ameli söylədiklərinə görə üzr istəməlidir. Hər hansı fikir səsləndirmədən öncə düşünməlidir. Azərbaycan tərəfi bununla bağlı öz etirazını bildirib. İran Xarici İşlər Nazirliyinin nümayəndəsinin operativ reaksiya verməsi iki ölkə arasında münasibətlərin normallaşmasına kömək edəcək. İran da Azərbaycan kimi iki ölkə arasındakı dostluq əlaqələrinə hörmətlə yanaşmalı, hökumət tərəfindən anti-Azərbaycan əhvali-ruhiyyəsi ciddi şəkildə qızışdıranalara qarşı ciddi tədbirlər görməlidir".