2025-ci il başladı. Yeni ilin gəlişi ilə bir sıra sahələrdə bahalaşmanın baş verəcəyi qeyd edilir. Onlardan biri də mənzil bazarıdır. İctimaiyyət, eləcə də bəzi ekspertlər mənzil bazarında qiymət artımının olacağını proqnozlaşdırır.
Doğrudanmı evlərin satış qiyməti artırılacaq?
Globalinfo.az-a danışanəmlak eksperti Mülkədar Rüstəmovun sözlərinə görə, bahalaşma olacaq.
Onun sözlərinə görə, proqnozlar onu göstərir ki, mənzil bazarında 10-14 faiz artım olacaq:
“İpoteka Fondu limitləri artırdığı üçün bahalaşma da olacaq. Çünki limitin artırılması satışlara birbaşa təsir edəcək. 2001-ci ildən binalara 100 minə qədər limit ayrılırdı, 2025-ci ildən 150 min olacaq. Yeni tikililərdə isə əvvəl 150 min idi, indi 200 min olub. Bu da böyük bir canlanmaya səbəb olacaq. Bildiyiniz kimi, müştərilərin çoxu mənzili ipoteka yolu ilə əldə etməyə çalışır. Çünki nağd qiymətə ev almağa imkanları yoxdur. Limitin az olması əllərindəki pulun yetərli olmadığının nümunəsi idi. İndi əlində nağd 30-40 min manat vəsaiti olanlar ilkin ödəniş edib, rahat şəkildə mənzil əldə edə biləcəklər. Bu, həm də əmlak bazarında xeyli canlanmaya səbəb olacaq”.