Ermənistan Konstitusiyasının əsas mətnində Azərbaycanın ərazi bütövlüyünü qəbul etməyi sual altına qoyan hər hansı bir cümlə yoxdur. Burada sadəcə, Ermənistanın müstəqillik bəyannaməsinə istinad var. Beləliklə, Ermənistan Konstitusiyası ümumi olaraq müstəqillik bəyannaməsinə istinad edir.
Bunu Teleqraf.com-a politoloq Fərhad Mehdiyev deyib.
O qeyd edib ki, Ermənistanın müstəqillik bəyannaməsində Azərbaycanın ərazi bütövlüyünü tanımayan, onu pozan əsassız müddəalar yer alıb:
“Burada söhbət keçmiş Dağlıq Qarabağın ali sovetinin Ermənistanla birləşməsi ilə bağlı olan qeyddən gedir. Belə olan halda, müstəqillik bəyannaməsini Ermənistan parlamenti özü dəyişsə və yaxud ləğv etsə, məsələ həll olunar”.
Politoloq hesab edir ki, Ermənistan parlamentinin müstəqillik bəyannməsini ləğv etmək yolunu seçməsi ehtimalı azdır:
“Sadəcə. Ermənistan parlamentinin Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəaların müstəqillik bəyannməsindən çıxarılması və yaxud qüvvədən düşməsi ilə bağlı qərar qəbul etməsi mümkündür”.
Fərhad Mehdiyevə görə, Ermənistan tərəfindən belə bir addımın atılması ilə Azərbaycanla imzalanacaq sülh müqaviləsinin qarşısında əngəl qalmır:
“Çünki bununla sülh müqaviləsinə maneə yaradan Ermənistan Konstitusiyasındakı ziddiyyətlər problemi aradan qalxmış olacaq”.