Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Almaniya Bundestaqının üzvü və Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Almaniya nümayəndə heyətinin rəhbəri Frank Şvabenin antiazərbaycan davranışlarnı sərgiləməkdə davam edir. Bu günlərdə Frank Şvabe yenə Azərbaycana qarşı fikir yürüdüb. Belə ki, Şvabe öz “X” sosial şəbəkəsində yazıb ki, “Əgər Azərbaycan aydın siqnal verməz və əhəmiyyətli sayda siyasi məhbusları azad etməzsə, Azərbaycanın yanvarda Avropa Şurası Parlament Assambleyasına qayıtmasını təsəvvür edə bilmirəm.” Yəni Şvabe öz təbirincə, Azərbaycana hədə-qorxu gəlməyə çalışır.
Politoloq Elşad Həsənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Frank Şvabe artıq 3 ildir ki, Azərbaycana qarşı qarayaxma kampaniyasına başçılıq edən şəxslərdən biridir: “Frank Şvabe Avropa Şurasının Parlament Assambleyasında Azərbaycana qarşı böhtanlar irəli sürən qrupun rəhbərlərindən biridir və bu da təsadüfi deyil. Çünki Şvabe ermənilərin əlində oyuncağa çevrilib. Frank Şvabe obyektivlikdən uzaq bir siyasətçidir. Əgər siyasətçi demək mümkündürsə... Ermənilər onu necə təlimatlandırırsa, o cür də çıxış edir. Sözün əsl mənasında, ermənidən daha çox ermənilik edir. Ermənilər bizimlə sülh müqaviləsi bağlamaq və xalq olaraq barışmaq istəyir, kommunikasiyaların açılması ilə bağlı danışıqlar aparır, yaxınlaşmaq istəyirlər. Frank Şvabe kimi ara qatanlar və qara yaxanlar istəmirlər ki, sülh müqaviləsi bağlansın və Ermənistanla Azərbaycan arasında normal münasibətlər yaransın”-deyən politoloq bildirib ki, Frank Şvabeni Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına qayıtması düşündürmür. Elşad Həsənov hesab edir ki, belə bir vəziyyətdə Azərbaycana qarşı qarayaxma edənlərin arasına bizim deputatların getməsi məqsədəuyğun deyil.
“Avropa İttifaqı və Avropa Şurası Parlament Assambleyası bir xristian klubudur. Onlar daim müsəlmanlara qarşı olub, antiazərbaycan və antitürk ritorikası ilə daim çıxış ediblər. Onlar bizi istəmirlər. Düz işimizə də əyri baxırlar.
Frank Şvabe COP29 başlamamışdan qabaq bu konfransın boykotuna çalışdı, boykot olmasını istədi. Təbii ki, Frank Şvabe kimlərin istəyi ilə siyasi məsələlər həll olunmur. Dünyanın 198 ölkəsi COP29-un Azərbaycanda keçirilməsinə səs verib. 72 min əcnəbi Azərbaycana gələrək COP29-daa iştirak etdi. COP29-un yüksək səviyyədə təşkil olunmasına görə dünya liderlərinin böyük əksəriyyəti Azərbaycana təşəkkürünü bildirdi. Hətta müqayisə edirlər. Keçən il Dubayda keçirilən COP28-dən daha yaxşı keçirildiyini qeyd edirlər”-deyən politoloq hesab edir ki, Frank Şvabenin sərgilədiyi davranışlardan da bəllidir ki, Azərbaycanı öz əlaltılarına çevirmək və Azərbaycanı Ermənistan kimi "oyuncaq" bir ölkə etmək istəyirlər.
Politoloq deyir ki, Azərbaycan müstəqil ölkədir. Azərbaycanın dövlət və xalq maraqlarını nəzərə alan müstəqil siyasəti var: “Biz bu yoldan çəkiləsi, Frank Şvabe və Emmanuel Makron kimi siyasi fiqurların təsirinə düşəsi deyilik. Biz Avropa Şurası Parlament Assambleyasına qayıtmağa can da atmırıq. Bizim artıq özümüzün Türk Dövlətləri Təşkilatı var və bu təşkilatlarda işlər çox aktiv sürətdə gedir. Yaxın zamanlarda bu daha güclü bir quruma çevriləcək və bunu buna görə də həm qərbdə, həm də digər yerlərdə Türk Dövlətləri Birliyinin güclənməsini qısqananlar daha çoxdur. Frank Şvabe və onun kimi siyasətçilər, necə deyərlər, “yala hürən itlərdir”. Onların yalını bol etdikləri üçün son 3 ildə Azərbaycana qarşı qarayaxma kampaniyası aparır. Ancaq bütün bunlar əbəsdir. İt nə qədər hürsə də, karvan öz yoluna davam edir”.