Ermənistanın baş naziri Nikol Paşinyan Zəngəzur dəhlizi ilə bağlı açıqlama verib. O bildirib ki, Zəngəzur dəhlizinə Rusiya nəzarət edə bilər.
Baş nazirin açıqlamasından məlum olur ki, Ermənistanın Qərb sevdası puç olub və Paşinyan yenidən Rusiyaya söykənmək istəyir.
Məsələ ilə bağlı TNS-ə açıqlama verən millət vəkili Vüqar İsgəndərov bildirib ki, Ermənistan yaradıldığı gündən indiyə qədər müstəqil ola bilməyib: “Çünki bu dövlət yaranmayıb, yaradılıb. Bu dövlət kənar qüvvələr tərəfindən yaradıldığı üçün heç vaxt müstəqil siyasət yürüdə bilməyib. Bu, Paşinyan hakimiyyəti dövründə də davam edir.
Azərbaycan 44 günlük Vətən müharibəsi və bir günlük antiterror əməliyyatından sonra dövlət suverenliyini tam bərpa etdi. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyanın birgə imzaladığı üçtərəfli bəyanata əsasən, Zəngəzur dəhlizinə Rusiyanın nəzarət etməsi məsələsi hələ də həllini tapmayıb. Bu prosesi dayandıran tərəf Ermənistan və onun havadarlarıdır. Hələ də Ermənistan Paşinyanın simasında bir gün bir söz deyir, sonra başqa söz danışır. Bu, tarixi Ermənistan siyasətidir. Çünki ağalarının mövqeyi Ermənistan üçün əsas götürülür”.
Millət vəkili qeyd edib ki, son zamanlar Qərbdən quru sözdən başqa heç bir əməli addım görməyən Ermənistan Qərbin hansı ölkənin arxasında dayandığını görür, amma yenə də ikili siyasət yürütməkdə davam edir. Ola bilsin ki, Paşinyanın bu siyasətində əsas məsələlərdən biri Rusiya-Ukrayna müharibəsinin sonunu gözləmək, Qərbin, yoxsa Rusiyanın qalib gəldiyini görüb, sonda güclü tərəfin yanında olmaqdır. Bu hiyləgər siyasət artıq hamı tərəfindən deşifrə edilib.
İndiki situasiyada Paşinyan Rusiya ilə də əlaqələri kəsmir, həm iqtisadi, həm də siyasi məsələlərin bir çoxunda əməkdaşlıq edərək özünü Qərbə göstərmək istəyir ki, o istəyəndə Rusiyanın da yanında ola bilır. Bu proses hazırda Ermənistanın ziyanına işləyir. İnandırıcı deyil ki, Ermənistan Rusiyadan birdəfəlik qopsun. Çünki bir çox sahədə Ermənistan birbaşa Rusiyaya bağlıdır. Ermənistanın ipinin böyük bir hissəsi Rusiyanın əlindədir”.