
“... Artıq mübarizə aparmağa taqətim qalmayıb. Park da mənim kimi qocaldı, əldən düşdü. Gözümüzün önündə hər gün qarış-qarış satıldı. İndi olan-qalan ağaclar üçün yas saxlayıram”.
Xətai rayonu, Sadıqcan küçəsində onu çoxları tanıyır. 65 yaşlı Zəminə Hüseynova hər gün “Gənclik” parkının yanında oturur, saatlarca gəlib-keçənlərdən kömək istəyir.
Zəminə xanım dərdini virtualaz.org saytına danışır. Deyir ki, neçə illərdir səhərlər ilk işi parka gəlməkdir: “Səhər tezdən bura gəlirəm, ağaclarla danışıram. Mənə dəli deyirlər. Oğlum da, nəvələrim “o xarabalıqda nə axtarırsan” deyirlər. Hamı əl çəkdi, şikayətlərə baxılmadığından ümidini üzdü. Deyirəm, mən öləndən sonra daha bu parka gələn olmayacaq”.
Orta nəslin nümayəndələri Xətai rayonu, Sadıqcan küçəsindəki “Gənclik” parkını gözəl xatırlayır. Bulvardan sonra paytaxtın ən böyük parkı sayılan, yaşıllıqlarla əhatələnmiş ərazidə süni göl də yaradılmışdı. Parkın ən hündür hissəsində yay klubları, qaya parçalarından tikilmiş yeraltı restoran vardı. Parkda uşaqları üçün attraksionlar quraşdırılmışdı.
İndi xarabalığa çevrilmiş bu ərazidə bir zamanlar küknar və zeytun meşəsi olub. Lakin sonradan baxımsızlıqdan bu ağaclar məhv olub.
Zəminə Hüseynova onu da deyir ki, sonradan parkı yarıya bölüb ərazinin bir hissəsini “SOS uşaq kəndi”nin tikintisi üçün ayırıblar: “Birinci dəfə yığışdıq, etiraz etdik. Amma baxan olmadı. Sonradan ərazidə binalar tikməyə başladılar. Bu dəfə bir-iki nəfər etiraz etdi. Onlar da tez susub oturdular”.
İndi parkda qurumuş ağaclar, saralmış otlar, bir də zibil qalıqları gözə dəyir.
Ərazidə yaşayan sakinlər də Zəminə nənənin sözlərini təsdiqləyirlər. Onların sözlərinə görə, bir neçə yerə parçalanmış parkda suvarma sistemi yoxdur. Buna görə də ağaclar yağan yağışın ümidinə qalıb.
Ətrafdakı binalardan birinin sakini Nəriman Rəsulov isə parkın qəsdən bu vəziyyətə salındığına əmindir: “Ötən ilədək burda bir restoran vardı. Restoranda əxlaqsızlıq edilirdi, axşamlar maşın əlindən tərpənmək olmurdu. Sonra restoran bağlandı, tikili söküldü. Restoranın zir-zibilini də daşımadılar, parkda qaldı. İndi gördüyünüz vəziyyət yaranıb”.
Yeni tikilmiş binalar və “SOS uşaq kəndi”nin hasarlanmış ərazisindən keçib parkın digər tərəfinə daxil oluruq. Saralmış, yanıb qurumuş şam aşaclarının altında zibil qalaqları toplanıb. Güman ki, yaxınlıqdakı binaların sakinləri tullantılarını bura atırlar.
Bir az irəlidə isə tikinti tullantıları qalaqlanıb. Park uzun illər öncə tərk edilmiş xarabalığı xatırladır. Buna görə də ərazi sahibsiz heyvanların məskəninə çevrilib.
Onu da qeyd edək ki, bu park gözdən uzaq bir yerdə deyil. Zığ ərazisinə gedən magistral yolun yaxınlığında - Zərifə Əliyeva parkının yaxınlığında yerləşir.
Sakinlər onu da söyləyirlər ki, parkda abadlıq aparılması üçün dəfələrlə Xətai Rayon İcra Hakimiyyətinə müraciətlər ediblər: “Amma bir dəfə də olsa gəlib parkla maraqlanmırlar. Halbuki bu ərazidə balaca obyekt açmaq istəyən olsa, məmurlar dərhal peyda olarlar. Ağaclara, yaşıllıqlara baxılmır, amma obyekt tikmək istəyən kimi park sahibləri üzə çıxır. Hamı “park bizimdir” deyir”.
Park xarabalığı xatırlatsa da girəcəkdə uşaqlar üçün balaca əyləncə yeri düzəldilib. Amma uşaqların həvəslə getdiyi əyləncə məkanı iki-üç maşın və bir velosipeddən ibarətdir.
Parkın girəcəyindəki yeganə “əyləncə mərkəzinin” sahibi danışmaq istəmir. Bizi görən kimi ərazidən uzaqlaşır.
Qeyd edək ki, Xətai Rayon İcra Hakimiyyətinin rəsmi səhifəsində rayondakı mədəniyyət obyektlərinin siyahısı verilib. Həmin siyahıda “Gənclik” parkının adı var və parka Cəlal Cəfərovun direktor təyin edildiyi yazılıb.
Siyahıda adı direktor kimi verilmiş Cəlal Cəfərov virtualaz.org saytının suallarını cavablandırıb.
C.Cəfərov bildirdi ki, artıq 5 ildir park rəhbərliyindən uzaqlaşıb: “Mən 5 ildən artıqdır direktor işləmirəm. Hazırda parka Mehman Həsənov rəhbərlik edir. Mən parkın dağıdılmasına, məhv olmasına etiraz edirdim. Orada böyük problemlər oldu. Bu problemlərə görə də parkın rəhbərliyindən getdim”.
C.Cəfərov problemlərin nədən ibarət olduğunu söyləmək istəmədi.
Parkın indiki rəhbər Mehman Həsənovla əlaqə saxlamaq isə mümkün olmadı.
Xətai Rayon İcra Hakimiyyətindən isə suallarımızı sualla cavablandırdılar: “Bəs “Gənclik parkı” niyə indi yadınıza düşüb? Oranın rəhbəri var. Biz heç nə deyə bilmərik”.
Beləliklə, paytaxtın daha bir yaşıllıq ərazisi arxivə gömülmək üzrədir. Görünür, yaşıllıqların xarabalığa çevrilməsi kimlərəsə sərf edir. Ərazidə tikilən yeni-yeni binalar da iddialarımızın əsassız olmadığını təsqiləyir. Gözləyək...









