
Dünya ana südünü əvəzolunmaz körpə qidası kimi yenidən gündəmə gətirib. Azərbaycanda körpələrə ana südü verilməkdənsə, süni qidalara üz tutulur. Süni qidaların keyfiyyəti ilə bağlı şübhələr isə hər zaman var. Maraqlıdır, illik azərbaycanlı körpələrin nə qədəri süni yeməklə qidanlandırılır? Əmizdirdirmə məsləhətçisi, ana südü ilə bağlı illərdir təbliğat işini görən Səltənət Zülfüqarova ölkə üçün maraqlı araşdırma aparıb. Başqa sözlə, bu xanım Statistika Komitəsi və Səhiyyə Nazirliyinin görməli olduğu işi yerinə yetirib. Səltənət xanım vacib araşdırmanın nəticələrini ilk olaraq Analitik.az-la paylaşıb. Mütəxəsisin araşdırmasında tələbə Mehriban İsrafilli də yardımçı olub. Azərbaycanlı körpələrin 63%-nin süni qidalandığını bəyan edən Səltənət xanım, bu yüksək göstəricinin səbəbini ana südünün təbligatsızlığında görür. “Əvvəlcə qeyd edim ki, bu gərəkli araşdırmanın aparılmasında məqsəd ailələrə büdcələri barədə məlumatı çatdırmaqdır. Ailə bilməlidir ki, ana südü verilmədiyi təqdirdə qarşılaşdığı vəziyyət belədir. Dünyanın müxtəlif ölkələrində ailənin bir körpə üçün süni qidaya olan illik xərci öyrənilir və ictimaiyyətə təqdim edilir. Rəsmi mənbələrə görə, ABŞ-da süni qidaya olan xərclər hər bir körpə üçün ildə 1139-1188 dollar (893-932 manat), Böyük Britaniya Birləşmiş Krallığında isə 368-395 funt-sterlinq (454-487manat) hesablanılıb. Alınan rəqəmlər valideynlərə süni qida xərclərinin daha aydın mənzərəsini göstərir.
Təəssüf ki, Azərbaycan üçün bu göstərici indiyədək tədqiq olunmayıb. Nəzərə alsaq ki, Azərbaycanda süni qida istehsal olunmur və satışda olan bütün məhsullar idxal olunur, bu rəqəm digər istehsalçı ölkələrdən dəfələrlə fərqlənməlidir. Bu səbəbdən www.vib.az saytının(sayt gənc ana və körpələrə həsr olunur) təşşəbbüsü ilə 2014-cü ildə Azərbaycanda süni qida məhsulları və qidalandırma ləvazimatlarıyla bağlı ailə büdcəsinin illik xərclərini hesablamışıq. Əczaxanalarda və ərzaq dükanlarında süni qidaların qiymətlərinə dair araşdırma apardıq, nəticədə qiymətlər məlum oldu.

Satışda mövcud olan ən ucuz süni qida- 3.30 manat (Heinz) və ən bahalı-19.32 manat (Kabrita) müəyyən edildi. Əldə olunan rəqəmlərlə işləmək üçün aylar üzrə körpələrin nə qədər süni qida istehlak etdikləri araşdırıldı. Çünki, tələbat sabit deyil və inkişaf edən, böyüyən körpənin süni qidaya olan ehtiyacı aydan-aya artır. Süni qidalanan körpələr üçün aylıq standartlar nəzərə alındı, nəticədə 1 il müddətində hər bir körpəyə nə qədər süni qida sərf olunduğu hesablandı. Qeyd edək ki, süni qidanın hazırlanması qaydasını da bilmək vacibdir. 30 ml mayeyə 1 ölçü qaşığı süni qida əlavə edilir, hər bir ölçü qaşığının tutumu isə 4.5 qr-dir. Bütün bu ölçülər hesablamalarda nəzərə alınıb. Bir daha vurğulayıram ki, ana bilməlidir ki, qida təhlükəsizliyi cəhətdən hazırlanmış süni qida bir neçə saatdan sonra yenidən körpəyə yedizdirilə bilməz və mütləq atılmalıdır. Hesablama zamanı artıq qalan süni qida israfları nəzərə alınmayıb. Beləliklə, nəticələrə görə bir körpə həyatının ilk birinci ili ərzində cəmi 277 kağız qutu və ya 138 dəmir bağlama süni qida istehlak edir.
Körpənin yaşı Süni qida- kağız qutu və ya dəmir bağlama (ədədlə)
0-3 həftə 14 və ya 7
3 həftə-3 aylıq 35 və ya 18
3-6 ay 80 və ya 40
6-9 ay 84 və ya 41
9-12 ay 64 və ya 32
İstehlak olunan süni qidanın miqdarı və satış qiyməti məlum olduqdan sonra süni qidaya sərf olunan illik xərc hesablanıb. Məlum olub ki, Azərbaycanda orta statistik ailə, süni qidaya ildə minumum 911 manat, maksimum isə 2772 manat xərcləyir. Həmçinin unutmaq lazım deyil ki, süni qidalandırılan körpənin yalnız qidasına maddi vəsait xərclənmir. Süni qidalandırmaq üçün müəyyən vasitələr və ləvazimatlara da ehtiyac var. Keyfiyyətindən və istehsalçı ölkədən asılı olaraq:
- uşaq termosunun qiyməti 3-7.50 manat;
- sterilizatorun dəyəri 54-104 manat;
- əmizlikli şüşə 5.60-17.60 manat;
- əmziyin isə qiyməti 1.20-10.8 manat arasında dəyişir.
Həmçinin hər 2-3 aydan bir körpənin əmziyi və ildə ən azı 4 dəfə əmzikli şüşə gigiyena tələbatlarına uyğun olaraq dəyişdirilməlidir. İllik olaraq, ailə bir körpənin süni qidalanmasına təxminən ən azı 975 manat, ən çoxu 2912 manat və bəlkə də daha çox pul xərcləyir.
Təqdim olunan cədvəldən də görünür ki, 2010-cu illə müqayisədə 2013-cü ildə südəmərlərin sayında azalma müşahidə olunur. Azərbaycan Statistika Komitəsinin verdiyi məlumata görə 2013- cü ildə 1 yaşına kimi süni qidalanan körpələrin sayı 107309 nəfər olub. Bu faktı nəzərə alaraq deyə bilərik ki, Azərbaycanda olan süni qida distribüterlərinin potensial gəliri təxmini olaraq 97- 297 milyon manat arasındadır. Dövlət tərəfindən verilən statistik məlumatlara əsasən, süni qidalanan körpələrin sayı ildən-ilə artmaqdadır. Süni qida distribüterlərinin bu artımda rolu və maraqları şübhəsiz və danılmazdır.”
Bir daha ana südünün möcüzə olduğunu dilə gətirən Səltənət Zülfüqarova ailələrin bu barədə yenidən düşünmələrini məsləhət görür. Onun sözlərinə görə, heç olmazsa süni körpə qidası alarkən diqqətli olmaq lazımdır. “Çünki yararlılıq müddəti keçməsə də, xüsusən marketlərdə təklif olunan süni qidalar aylarla rütubətli anbarlarda saxlanılır. Nəticədə onun tərkibi dəyişə bilər. Bu səbəbdən körpənizin sağlamlığını göz önündə tutub diqqətli olun!”








